media-17621548513341915678_1200x630
media-bant_master

media-2b41ced1-8582-47d6-b621-558cec75b6ae

Fərid MUSTAFAYEV,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin çıxışı bir yubiley təbriki deyildi. Bu çıxışda dövlətin elmə baxışının yeni fəlsəfəsi ifadə olundu. Prezidentin sözlərində keçmişin dərin mənası, gələcəyin isə aydın istiqaməti vardı. O, açıq şəkildə bildirdi ki, XXI əsrdə dövlətin ən böyük sərvəti bilik və intellektdir. Bu çıxışda mən bir mesajı çox aydın hiss etdim: Azərbaycanın gələcəyi elm üzərində qurulacaq. Dövlət başçısı qeyd etdi ki, elm bu gün təkcə tədris və tədqiqat sahəsi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi sabitliyin və dövlət idarəçiliyinin təməlidir.

Elmə sərmayə qoymaq, əslində, gələcəyə sərmayə qoymaq deməkdir. Azərbaycanın inkişaf tarixində elmin rolu hər zaman xüsusi olub. Ulu Öndər Heydər Əliyevin dövründə elmin dövlət siyasətində mühüm yer tutması heç də təsadüfi deyildi. Həmin illərdə elmi əsaslarla sənayeləşmə, kənd təsərrüfatı və texnoloji yeniliklər həyata keçirilirdi. Heydər Əliyev üçün elm ölkənin düşünən beyni idi, çünki o bilirdi ki, elm olmayan yerdə müasir dövlət qurmaq mümkün deyil. 1990-cı illərin ağır dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu və elm yenidən öz inkişaf xəttinə qayıtdı. Həmin sabitlik bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Bu gün ölkəmizdə elmi institutlar yenilənir, gənc tədqiqatçılar dəstəklənir, beynəlxalq elmi əməkdaşlıqlar genişlənir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Azərbaycan alimləri ölkəmizin gələcək inkişafında əsas rolu oynayacaqlar” fikri mənim üçün dərin məna daşıyır. Elm, əslində, müstəqilliyin intellektual təminatıdır. Dövlətin sabahı bilikli və məsuliyyətli insanlara etibar olunur. Hazırda dünyada baş verən sürətli texnoloji dəyişikliklər göstərir ki, rəqabət yalnız elmi və innovativ potensiala malik dövlətlər arasında gedəcək. Bu mənada, Prezident İlham Əliyevin çıxışında vurğuladığı süni intellekt, alternativ enerji, biotexnologiya, kosmik tədqiqatlar və rəqəmsal kənd təsərrüfatı kimi istiqamətlər Azərbaycanın gələcək hədəflərinin aydın təsviridir. Bu sahələrdə artıq real nəticələr görünür. “Azerspace” peykləri, “Ağıllı kənd” layihələri, innovasiya mərkəzləri və texnoparklar elmi ideyaların praktik tətbiqinə çevrildiyini göstərir. Bu, həm də bir həqiqəti sübut edir: elm yalnız nəzəri düşüncə deyil, real inkişaf vasitəsidir. Mənim üçün bu çıxışda ən mühüm məqamlardan biri də 44 günlük Vətən müharibəsinə edilən istinad idi. Prezident haqlı olaraq bildirdi ki, müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya və texnologiya səviyyəsində qazanılıb. Bu, elmin və innovasiyanın dövlət gücünə necə çevrildiyinin bariz nümunəsidir. Azərbaycan elmi bu gün artıq qlobal elmi məkanın bir hissəsidir. Dövlətin həyata keçirdiyi islahatlar, yeni nəsil alimlərin formalaşması və beynəlxalq elmi əlaqələrin genişlənməsi ölkəmizi bilik mərkəzinə çevirir. Gənc alimlərimiz bu siyasətin davamçıları kimi həm ölkə daxilində, həm də xaricdə Azərbaycan elmini layiqincə təmsil edirlər. Mən inanıram ki, Prezident İlham Əliyevin bu çıxışı bir mərhələnin sonu deyil, əksinə, elmin milli ideologiyaya çevrilməsinin başlanğıcıdır.

Elm və dövlət bir-birini tamamlayan iki gücdür. Elm dövlətin inkişafına ideya verir, dövlət isə elmin inkişafı üçün şərait yaradır. Bu qarşılıqlı münasibət müasir Azərbaycan modelinin əsas mahiyyətidir. Biz artıq bilik əsrinin içindəyik və bu əsrdə yalnız elmi düşünən, yaradan və tətbiq edən xalqlar qalib gələcək. Azərbaycanın gələcəyi məhz bu düşüncədədir – elmə, biliyə, intellektual gücə söykənən gələcəkdə. Mən əminəm ki, bu istiqamətdə atılan hər bir addım gələcək nəsillərin daha güclü, daha müasir və daha ağıllı Azərbaycanda yaşamasına xidmət edəcək.


media-adspc

Bənzər xəbərlər