Putinin qələbə iddiasına sərt etiraz: “Möcüzə necə baş verə bilər?”
Putin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı növbəti açıqlamasında ölkəsinin qələbə qazanacağını bildirib.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva sosial media hesabında yayımladığı paylaşımda Rusiya prezidenti Vladimir Putinin son bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, Putinə tez-tez “kollektiv Qərbin Rusiyaya qarşı çıxmasına baxmayaraq ölkənin iqtisadiyyatını inkişaf etdirməsi, maliyyə sistemini möhkəmləndirməsi, silahlı qüvvələrini təkmilləşdirməsi və hərbi sənayedə irəliləyiş əldə etməsi necə mümkün olur?” sualı ünvanlanır.
Qazıyevanın qeyd etdiyinə görə, Putin bu suala cavab olaraq rusların Ukraynaya qarşı aparılan “xüsusi hərbi əməliyyat”a könüllü şəkildə 70 milyard rubl ianə etdiyini vurğulayıb və məhz bunun Rusiyanı qələbəyə aparacağını söyləyib.
Araşdırmaçı jurnalist isə bu fikirlə razılaşmadığını bildirərək Rusiyanın hansı qələbədən danışdığını anlamağın çətin olduğunu qeyd edib. O iddia edib ki, Krımın gələcəyi ilə bağlı vəziyyət dəyişir, Azov dənizində kölgə tanker donanmasına zərbələr endirilib, iri neft emalı zavodlarının fəaliyyəti dayanıb, hərbi aviasiya itkiləri artıb və ballistik raketlərin qarşısının alınması istiqamətində də yeni imkanlar yaranıb.
Paylaşımda həmçinin Rusiyanın vəziyyətini əks etdirdiyi bildirilən müxtəlif videolardan da bəhs olunub. Qazıyevanın sözlərinə görə, videolardan birində Ukrayna ərazisində hərbi yük avtomobilinin hərəkətsiz vəziyyətdə qalması, digərində hava hücumundan müdafiə sisteminin fəaliyyəti, başqa bir görüntüdə isə ölkədə benzin qıtlığı fonunda yaşanan gərginlik əks olunub.
Sonda araşdırmaçı jurnalist belə bir vəziyyət fonunda Rusiyanın qələbə qazanması üçün hansı möcüzənin baş verməli olduğu sualını gündəmə gətirib.









