Qazaxıstanda partlayış - 7 nəfər öldü
Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində kafedə baş verən partlayış nəticəsində yeddi nəfər, o cümlədən 16 yaşlı qız həlak olub.
ERAmedia xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Məlumata görə, xilasedicilərin bildirdiyinə əsasən, partlayış beşmərtəbəli yaşayış binasına bitişik kafedə baş verib və bundan sonra yanğın başlayıb. Yanğın söndürülüb, hazırda dağıntılar altından axtarış-xilasetmə işləri aparılır. Yanğınsöndürənlər alovlanan binadan səkkiz qaz balonunu çıxarıblar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ümumilikdə 26 nəfər xəsarət alıb. Onlardan yeddisi, o cümlədən 16 yaşlı qız həyatını itirib. 13 nəfər rayon xəstəxanasına çatdırılıb, daha sonra onlardan beşi reanimobil vasitəsilə Kökşetau şəhər xəstəxanasına köçürülüb. Daha altı nəfərə ambulator nəzarət təyin olunaraq evə buraxılıb.
Fövqəladə Hallar üzrə regional departamentin məlumatına görə, Burabay rayonunun Şuçinsk şəhərində beşmərtəbəli yaşayış binasına bitişik bir mərtəbəli kafedə qaz-hava qarışığının partlaması nəticəsində yanğın baş verib. Yanğınsöndürənlər alovlanan binadan səkkiz qaz balonunu çıxarıb və 10-dan çox insanı xilas ediblər.









