Regiondakı gərginlik bu iki ölkəni yaxınlaşdırır - AÇIQLAMA
Hindistanın Çinin ölkə iqtisadiyyatına yatırdığı investisiyalarla bağlı məhdudiyyətləri yumşaltmaq qərarı iki dövlət arasında münasibətlərin normallaşmasına doğru atılmış mühüm addım kimi qiymətləndirilir.
Siyasi şərhçi Elxan Şahinoğlu bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Dehlinin qərarı Baş nazir Narendra Modinin Pekinlə əlaqələri bərpa etmək və son illərdə yaranmış gərginliyi aradan qaldırmaq siyasətinin tərkib hissəsidir.
Onun sözlərinə görə, Hindistan və Çin arasında münasibətlər 2020-ci ildə sərhəddə baş verən toqquşmadan sonra ciddi şəkildə pisləşmişdi. “Həmin hadisədən sonra Dehli Pekinlə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırdı. Hindistan hökuməti Çinin ölkəyə yatırımlarına məhdudiyyətlər qoydu, bir sıra birgə layihələr donduruldu. Milli təhlükəsizlik narahatlıqları əsas gətirilərək TikTok da daxil olmaqla Çin mənşəli 59 texnologiya şirkətinin fəaliyyəti qadağan edildi. Hətta Çin avtomobil nəhəngi BYD-nin Hindistanda həyata keçirmək istədiyi 1 milyard dollarlıq investisiya layihəsi də rədd edildi”, – deyə şərhçi qeyd edib.
Elxan Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, iki ölkə 2024-cü ildə sərhəddəki hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli ərazilərdə birgə patrul həyata keçirmək barədə razılığa gəldi. Bu addım sərhədin dağlıq hissələrində yeni toqquşmaların qarşısını almaq məqsədi daşıyırdı.
Şərhçi vurğulayıb ki, bundan bir il sonra Hindistanın Baş naziri Narendra Modi yeddi illik fasilədən sonra Çinə səfər edib və bu səfər iki ölkə arasında münasibətlərin bərpasında dönüş nöqtəsi olub. “Səfərin nəticəsi olaraq Hindistan və Çin arasında beş illik fasilədən sonra birbaşa uçuşlar da bərpa edildi”, – o əlavə edib.
Elxan Şahinoğlu hesab edir ki, iki ölkənin yaxınlaşmasına beynəlxalq vəziyyət də təsir edir. “ABŞ və İsrailin İrana qarşı apardığı müharibə fonunda regionda yaranan gərginlik Çin və Hindistanın maraqlarına da mənfi təsir göstərir. Hər iki ölkənin İranda iri investisiya planları var idi. Bundan əlavə, İranın Hörmüz boğazını atəş altında saxlaması Çin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxışını çətinləşdirib”, – deyə o bildirib.
Siyasi şərhçinin fikrincə, mövcud geosiyasi şərait Pekin və Dehlini iqtisadi əməkdaşlığı genişləndirməyə sövq edir. “Belə vəziyyətdə iki dövlət qarşıdurmanı dərinləşdirməkdə maraqlı deyil və iqtisadi əlaqələrin genişləndirilməsi onlar üçün daha rasional seçimdir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.









