Sakit okeanda yeni qarşıdurma xətti: Moskva və NATO üz-üzə
Rusiya prezidenti Vladimir Putin Sakit okean donanmasının genişmiqyaslı hərbi təlimlərinin yekun mərhələsində “Varyaq” raket kreyserinin bortunda çıxışı zamanı NATO-nun Asiya-Sakit okean regionunda fəallığının artmasından narahatlığını ifadə edib.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin ERAmedia-ya açıqlamasına görə, Putinin səsləndirdiyi fikirlərin arxasında real geosiyasi və hərbi proseslər dayanır.
Qulamhüseyn Əlibəyli bildirib ki, NATO Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiyanı Hind-Sakit okean regionunda tərəfdaş kimi qəbul edir və Avro-Atlantik təhlükəsizliklə Hind-Sakit okean təhlükəsizliyinin bir-biri ilə sıx əlaqəli olduğunu açıq şəkildə bəyan edir.
Onun sözlərinə görə, proses artıq yalnız siyasi dialoq çərçivəsində qalmır:
“2026-cı ilin mayında NATO-nun müdafiə sənayesi və innovasiya üzrə nümayəndəsinin Yaponiya və Cənubi Koreyaya səfəri zamanı birgə istehsal, silahların birgə hazırlanması, müdafiə texnologiyalarının inteqrasiyası və ümumi standartların tətbiqi məsələləri müzakirə olunub. NATO bu əməkdaşlığı daha güclü müdafiə-sənaye bazasının yaradılması ilə əlaqələndirir. İyul ayında isə NATO baş katibi Mark Rutte Yaponiyanın müdafiə naziri Şinjiro Koizumini Brüsseldə qəbul edib. Görüşdə müdafiə sənayesi, Ukraynaya dəstək və Avro-Atlantik təhlükəsizliklə Hind-Sakit okean təhlükəsizliyi arasındakı əlaqələr müzakirə olunub”.
Qulamhüseyn Əlibəylinin fikrincə, buna görə də Putinin NATO-nun Asiya-Sakit okean regionuna “nüfuz etməsi” və burada yeni silahların yerləşdirilməsinin Rusiya üçün təhlükə yaratması barədə fikirləri siyasi baxımdan mübahisəli olsa da, onun istinad etdiyi proses realdır.
“Burada söhbət NATO-nun Asiyada klassik mənada yeni üzvlük sistemi yaratmasından getmir. Söhbət Alyansın regiondakı tərəfdaşları ilə hərbi-siyasi və müdafiə-sənaye əlaqələrini getdikcə daha sıx inteqrasiya etməsindən gedir. Rusiyanı da ən çox narahat edən məhz budur”, – deyə sabiq deputat vurğulayıb.
O qeyd edib ki, Putinin çıxışında Yaponiyanın xüsusi şəkildə qabardılması da təsadüfi deyil. Rusiya lideri Moskvanın Tokioya qarşı ərazi iddiasının və təhlükə yaratmaq niyyətinin olmadığını bildirərək, eyni zamanda Yaponiyanın Kuril adaları ilə bağlı Rusiyaya qarşı ərazi iddialarını xatırladıb.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Moskva artıq Yaponiyanı yalnız Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkə kimi deyil, Sakit okeandakı yeni təhlükəsizlik arxitekturasının mühüm elementi kimi qiymətləndirir.
“Tokionun mövqeyindəki dəyişiklik də realdır. Yaponiya 2026-cı ildə Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiyaya qarşı sanksiyaları beynəlxalq tərəfdaşlarla koordinasiya edəcəyini açıqlayıb. Tokio həmçinin NATO-nun Ukraynaya yardım mexanizmlərində iştirakını genişləndirir. May ayında Yaponiyanın NATO-nun Almaniyada yerləşən və Ukraynaya təhlükəsizlik və təlim yardımına cavabdeh komandanlığına şəxsi heyət göndərməsi də bu baxımdan diqqətəlayiqdir”, – deyə o bildirib.
Sabiq deputatın sözlərinə görə, Moskva üçün problem artıq yalnız Kuril adaları məsələsi ilə məhdudlaşmır. Əsas narahatlıq Yaponiyanın Rusiya ilə münasibətlərində əvvəlki “strateji məsafə” siyasətindən uzaqlaşaraq ABŞ və NATO ilə təhlükəsizlik inteqrasiyasını dərinləşdirməsidir.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Kuril adalarının Putinin çıxışında xüsusi vurğulanmasının hərbi-strateji səbəbləri də var.
“Cənubi Kuril adaları həm Oxot dənizinə, həm də Sakit okeanın şimal hissəsinə çıxış baxımından Rusiyanın Sakit okean müdafiə sistemində mühüm mövqeyə malikdir. Buna görə Moskva Yaponiyanın ərazi iddialarını yalnız diplomatik problem kimi deyil, potensial hərbi-strateji risk kimi də qiymətləndirir”, – deyə o vurğulayıb.
Onun fikrincə, Putinin çıxışında Asiya-Sakit okean regionu ilə Arktikanın eyni təhlükəsizlik çərçivəsində təqdim olunması da xüsusi əhəmiyyət daşıyır.
“Şimal Dəniz Yolu Rusiya üçün yalnız nəqliyyat marşrutu deyil. Bu xətt Arktikada ölkənin iqtisadi, hərbi və geosiyasi mövqeyinin əsas dayaqlarından biridir. Moskva beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirsə də, marşrut üzərində nəzarət imkanlarının zəifləməsinə yol vermək istəmir”.
Qulamhüseyn Əlibəyli bildirib ki, bu mənada Rusiyanın strateji təhlükəsizlik xəritəsində Avropa, Arktika və Sakit okean istiqamətləri getdikcə bir-biri ilə daha sıx əlaqələnir.
“Ukrayna müharibəsi Rusiyanı Avropada Qərblə qarşıdurmaya sürüklədiyi halda, Moskva indi eyni qarşıdurmanın Arktika və Sakit okean istiqamətlərində də yeni formalar ala biləcəyini düşünür. Sakit Okean Donanmasının təlimləri zamanı Putinin çıxış etməsi də bu baxımdan təsadüfi deyil. Rusiya liderinin donanmanın imkanlarının artırılması və regiondakı hərbi potensialın inkişaf etdirilməsi ilə bağlı yeni tapşırıqlardan danışması Moskvanın Sakit okean istiqamətində hərbi çəkisini artırmaq niyyətini göstərir”.
Sabiq deputat Putinin Rusiya ticarət gəmilərinə mümkün müdaxilə ilə bağlı sərt bəyanatına da diqqət çəkib.
“Putin bəzi Qərb ölkələrinin Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmağa və hətta onların ələ keçirilməsinə hazırlaşdığını bildirib. O, belə addımları ‘dəniz quldurluğu və soyğunçuluq’ adlandırıb və Rusiya gəmilərinin ələ keçirilməsinə cavab veriləcəyini, bunun mütləq hadisənin baş verdiyi sularda olmayacağını vurğulayıb. Bu açıqlamanı yalnız siyasi ritorika kimi qiymətləndirmək düzgün olmazdı. Çünki burada mümkün ‘asimmetrik cavab’ın coğrafiyasının əvvəlcədən məhdudlaşdırılmadığı mesajı verilir”.
Qulamhüseyn Əlibəylinin fikrincə, Moskva istənilən yerdə öz ticarət donanmasına qarşı fiziki müdaxiləni Ukrayna müharibəsi çərçivəsində tətbiq edilən iqtisadi sanksiyalardan daha yüksək eskalasiya səviyyəsi kimi qəbul edə bilər.
“Bu isə Baltikdən Arktikaya, Qara dənizdən Sakit okeana qədər dəniz kommunikasiyalarının təhlükəsizlik məsələsinə çevrilməsi deməkdir”, – deyə o əlavə edib.
Sabiq deputat hesab edir ki, Putinin çıxışının arxasında daha geniş geosiyasi narahatlıq dayanır. Onun sözlərinə görə, Rusiya son illərdə Qərblə qarşıdurmanın yalnız Avropa məkanı ilə məhdudlaşmayacağını anlayır.
“ABŞ və müttəfiqləri üçün Rusiya təhlükəsi artıq Avropa ilə Asiya arasında bölünmüş iki ayrı problem kimi nəzərdən keçirilmir. NATO özü də bunu açıq şəkildə ifadə edir: Hind-Sakit okean regionunda baş verənlər Avro-Atlantik təhlükəsizliyə təsir göstərir. Rusiya isə bu yanaşmanın əks tərəfini görür. Əgər Avropa təhlükəsizliyi Asiya təhlükəsizliyi ilə əlaqələndirilirsə, deməli, Moskva eyni vaxtda bir neçə strateji istiqamətdə təzyiqlə üzləşə bilər”.
Qulamhüseyn Əlibəyli bildirib ki, bu mənzərədə Yaponiya şərqdə, NATO Avropada, Arktika isə hər iki məkanı birləşdirən strateji dəhliz kimi çıxış edir.
“Bu prosesin ən təhlükəli tərəfi qarşılıqlı təhlükəsizlik dilemmasıdır. Rusiya NATO-nun Asiyaya yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid sayır. Asiya ölkələri isə Rusiyanın hərbi siyasətini təhlükə hesab etdikləri üçün NATO ilə əlaqələrini genişləndirirlər. Beləliklə, bir tərəfin müdafiə tədbiri kimi gördüyü addım digər tərəfin gözündə təhdidə çevrilir”.
Sabiq deputatın fikrincə, bu tendensiyanın ən mühüm nəticəsi ondan ibarətdir ki, Ukrayna müharibəsi gələcəkdə dayansa belə, Rusiya ilə Qərb arasındakı strateji qarşıdurmanın coğrafiyasının əvvəlki vəziyyətə qayıtması çətin olacaq.
“Avropa cəbhəsinin yanında Sakit okean və Arktika istiqamətləri də uzunmüddətli rəqabət məkanına çevrilir. Rusiya Sakit Okean Donanmasını gücləndirməyə, NATO isə Yaponiya və digər Asiya tərəfdaşları ilə inteqrasiyanı dərinləşdirməyə çalışdıqca, dünyanın bu hissəsində yeni silahlanma və qarşılıqlı çəkindirmə dövrünün başlanması ehtimalı artır”, – deyə Qulamhüseyn Əlibəyli bildirib.
Vüsalə









