Skandinav dastanlarında Azərbaycan coğrafiyası: Tarixi-mifoloji izlər
Skandinaviya tarixşünaslığında “Türklərin kralı İngvi” – Yngvi Tyrkjakonungr obrazı və onun İsveç və Norveç kral sülalələrinin başlanğıcı kimi təqdim edilməsi orta əsr Avropa ədəbiyyatının maraqlı tarixi-mifoloji mövzularından biridir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, orta əsr island əlyazmalarında qorunub saxlanılan genealogiyalar və dastan materialları Şimali Avropa hakim sülalələrinin mənşəyi ilə bağlı fərqli coğrafi təsəvvürlərin mövcud olduğunu göstərir.
Onun sözlərinə görə, Ari Tefilssonun XII əsrə aid edilən şəcərə materiallarında skandinav hakim sülalələrinin başlanğıcında “Türklərin kralı İngvi”nin göstərilməsi diqqətçəkən məqamlardandır. Bu məlumat sonrakı genealogik ənənələrdə də müxtəlif formalarda qorunub.
“Asaland”, Asqard və Xəzəryanı coğrafiya
Zaur Əliyev qeyd edib ki, Íslendingabók və digər island mənbələrində Asaland, Aslar diyarı və Asqard haqqında məlumatlara rast gəlinir. Bu mətnlərdə sözügedən ərazilərin Avropanın şərqində, Qara dəniz, Xəzər və Qafqaz istiqamətində yerləşdirilməsi ilə bağlı təsvirlər mövcuddur.
“İslandiya salnamə ənənəsində Odin və Asların qərbə doğru hərəkəti haqqında məlumatlar xüsusilə maraqlıdır. Mənbələrdə onların Asalanddan çıxaraq Qardariki və daha sonra Saksoniya istiqamətində hərəkət etdikləri bildirilir. Burada söhbət, əlbəttə, müasir siyasi-coğrafi sərhədlərdən deyil, orta əsr müəlliflərinin Avrasiya məkanına dair təsəvvürlərindən gedir”, – deyə alim vurğulayıb.
O bildirib ki, Langfeðgatal kimi genealogik mətnlərdə “i Yngvi Tyrkjakonungr” ifadəsinin işlədilməsi də ayrıca araşdırma tələb edir. Bu ənənədə İngvi İsveç və Norveç hökmdarlarının, eləcə də bəzi island zadəgan nəsillərinin uzaq əcdadı kimi təqdim olunur.
Ynglinga saga və Odin ənənəsinin Qafqaz bağlantısı
Zaur Əliyevin sözlərinə görə, Snorri Sturlusonun Ynglinga saga əsəri mövzunun ən çox müzakirə olunan mənbələrindəndir. Əsərdə Asların və Odinin vətəni kimi təqdim olunan ərazilərlə bağlı coğrafi təsvirlər verilir və bu ərazilər Qara dənizin şimalı, Qafqaz və Xəzər hövzəsi istiqamətindəki məkanlarla əlaqələndirilə bilir.
“Burada mühüm məsələ orta əsr müəlliflərinin mifoloji və tarixi məlumatları necə birləşdirməsidir. Snorri Sturlusonun mətnlərini müasir tarixşünaslığın birbaşa coğrafi xəritəsi kimi qəbul etmək düzgün olmaz. Lakin bu əsərlərdə Şimali Avropa sülalələrinin mənşəyinin Şərq və Qafqaz istiqaməti ilə əlaqələndirilməsi ciddi şəkildə öyrənilməli olan bir motivdir”, – deyə Zaur Əliyev bildirib.
“As” və “Az” adlarının qədim mənbələrdə izləri
Alim diqqəti “As” və “Az” etnonimlərinin müxtəlif qədim mənbələrdə görünməsinə də çəkib. Onun sözlərinə görə, Azərbaycan və ümumilikdə Qafqazın qədim etnik tarixi ilə bağlı araşdırmalarda “As” adı müxtəlif tayfa və etnik birliklərlə əlaqəli şəkildə müzakirə olunur.
“Orxon-Yenisey abidələrində ‘Az’ adının çəkilməsi də bu baxımdan maraqlıdır. Lakin müxtəlif dövrlərə və coğrafiyalara aid olan ‘As’, ‘Az’, ‘Aser’ kimi adların avtomatik olaraq eyni etnosu ifadə etdiyini söyləmək elmi baxımdan ehtiyat tələb edir. Burada dilçilik, tarix, arxeologiya və mənbəşünaslığın birgə təhlili zəruridir”, – deyə o əlavə edib.
Manly P. Hallun 1926-cı il yazısı nə deyir?
Zaur Əliyev bildirib ki, XX əsrin əvvəllərində də Skandinaviya mifologiyasının mənşəyi ilə Qafqaz və Xəzər hövzəsi arasında əlaqə yaratmağa çalışan müəlliflər olub. O, 24 noyabr 1926-cı ildə Manly Palmer Hallın nəşrində dərc olunan məqalədə Aser tayfasının Xəzər və Qafqazdan Şimali Avropaya hərəkəti haqqında rəvayətlərin təqdim edildiyini qeyd edib.
“Bu cür mətnlər qiymətli mənbə kimi deyil, daha çox XIX–XX əsrlərdə mövcud olmuş tarixi-mifoloji konsepsiyaların öyrənilməsi baxımından əhəmiyyətlidir. Onları orta əsr salnamələri ilə eyni səviyyədə ilkin tarixi sübut hesab etmək olmaz”, – alim deyib.
Heyerdalın Azərbaycan və Skandinaviya arasında əlaqələrə marağı
Zaur Əliyev qeyd edib ki, Norveçli səyyah və tədqiqatçı Tur Heyerdalın Azərbaycan və Qafqazla bağlı araşdırmaları da bu mövzunun müasir dövrdə yenidən gündəmə gəlməsində mühüm rol oynayıb.
Heyerdalın Qobustan qayaüstü təsvirləri ilə Norveçdəki qədim gəmi təsvirləri arasında oxşarlıqlara diqqət çəkdiyini bildirən alim deyib ki, bu məsələnin elmi dəyərinin müəyyənləşdirilməsi üçün arxeoloji materialların müqayisəli və xronoloji təhlili aparılmalıdır.
“Heyerdal Qafqazı, xüsusilə Xəzər hövzəsini Şimali Avropa mifoloji ənənələrinin mümkün ilkin coğrafiyası kimi nəzərdən keçirirdi. Onun Qobustanla Skandinaviya qayaüstü təsvirləri arasında apardığı müqayisələr maraqlı hipotezlər ortaya qoyur. Lakin hipotezlə tarixi faktı bir-birindən ayırmaq vacibdir”, – deyə Zaur Əliyev vurğulayıb.
Orta əsr mənbələri yeni tədqiqat istiqaməti yaradır
Tarixçi hesab edir ki, Íslendingabók, Heimskringla, Ynglinga saga, Langfeðgatal və digər island mənbələrində qorunan məlumatlar Azərbaycan və ümumilikdə Cənubi Qafqaz tarixinin Avrasiya miqyasında öyrənilməsi baxımından diqqətəlayiq materiallardır.
“Bu mənbələrdəki məlumatların kompleks şəkildə araşdırılması Şimali Avropanın öz tarixi yaddaşında Şərqə, Qafqaza və Xəzər hövzəsinə dair hansı təsəvvürlərin olduğunu göstərməyə imkan verir. Lakin bunu ‘Skandinav xalqlarının birbaşa Azərbaycan mənşəli olması’ kimi sadələşdirmək doğru olmaz. Əsas məsələ mənbələrin verdiyi məlumatları tarixi, arxeoloji, linqvistik və mifoloji materiallarla müqayisə etməkdir”, – Zaur Əliyev bildirib.
Onun fikrincə, mövcud materialların kompleks təhlili Şimali Avropa sülalələrinin genealogik ənənəsində Qafqaz, Xəzəryanı məkan və “Türkland” anlayışlarının mühüm yer tutduğunu göstərir. Bu isə Skandinaviya ilə Avrasiyanın şərq hissəsi arasında qədim əlaqələrə dair yeni elmi araşdırmalar üçün maraqlı istiqamətlər açır.

Mələk Onur









