media-b7d67b4053dc6258b0319aba58a37c34

Suriya lideri Əhməd əş-Şaraanın Almaniyaya planlaşdırılan işgüzar səfəri Suriya tərəfinin qərarı ilə təxirə salınıb.

ERAmedia xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni Suriya lideri Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer, kansler Fridrix Merts, eləcə də Almaniyanın siyasi və biznes dairələrinin nümayəndələri ilə görüşməli idi. Almaniya mətbuatının məlumatına görə, danışıqların əsas mövzusu suriyalı qaçqınların vətənə qaytarılması məsələsi olacaqdı.

NTV telekanalının verdiyi xəbərə görə, səfərin ləğv olunmasının mümkün səbəbi Suriyada gedən şiddətli döyüşlərdir.

Daha əvvəl DPA agentliyi 19–20 yanvar tarixlərinə planlaşdırılan səfərə qarşı Almaniyada bir neçə etiraz aksiyasının hazırlanması barədə xəbər vermişdi. Nümayişçilər “Əhməd əş-Şaraa Merts tərəfindən dəvət olunub, bizim tərəfimizdən ittiham edilir” şüarı ilə Federal Kanslerliyin binasından Brandenburq qapılarına qədər yürüş keçirməyi planlaşdırırdılar.

Əş-Şaraanın səfərinə ən çox etiraz edənlər Almaniyada yaşayan, Suriyanın dini və etnik azlıqlarını təmsil edən qaçqınlar idi. Onlar radikal islamçıların, əş-Şaraanın rəhbərliyi altında hakimiyyətə gəlməsindən sonra, təqiblərdən qaçaraq ölkəni tərk ediblər. Söhbət xristianlardan, yezidilərdən, druzlardan, kürdlərdən və ələvilərdən gedir.

Kürdlər isə ayrıca olaraq əş-Şaraanı Hələb vilayətində kürd silahlı dəstələrinə qarşı hökumət qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən hazırda aparılan güc əməliyyatına görə tənqid edirlər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər