Tehranın təhlükəli oyunu: İranın səhv siyasəti regionda sabitliyi riskə atır - TƏHLİL
Martın 5-də İranın Naxçıvan Muxtar Respublikasına PUA hücumu Cənubi Qafqazda son illərin ən təhlükəli və məsuliyyətsiz hərbi təxribatlarından biri kimi tarixə düşdü. Azərbaycanın suveren ərazisinə qarşı həyata keçirilən bu hücum təkcə hərbi insident deyil, həm də İran hakimiyyətinin region siyasətində nə qədər təhlükəli və avantürist xətt seçdiyini göstərən açıq nümunədir.
Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı və orta məktəb binası zərər gördü, mülki şəxslər yaralandı. Azərbaycanın rəsmi mövqeyi bu hadisəni çox sərt şəkildə qiymətləndirdi. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın addımını açıq şəkildə “terror aktı” adlandırdı və bəyan etdi ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilən bu hücum cavabsız qalmayacaq. Prezidentin sözlərinə görə, İranın pilotsuz aparatları Naxçıvanda mülki obyektləri – hava limanının terminalını və digər infrastrukturu hədəfə alıb və bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dövlət başçısı həmçinin İran rəhbərliyindən rəsmi izahat və üzr tələb olunduğunu, bu hücuma görə məsul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu vurğuladı.
Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, Azərbaycan İran əleyhinə heç bir hərbi əməliyyatda iştirak etməyib və etməyəcək. Bakı dəfələrlə Tehrana təminat verib ki, Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Buna baxmayaraq, İranın Azərbaycanın ərazisinə pilotsuz aparatlarla hücum etməsi nə diplomatik etikaya, nə də dövlətlərarası münasibətlərin elementar normalarına sığır.
Bu fakt İranın uzun illər Azərbaycana qarşı nümayiş etdirdiyi ikili və bəzən düşmən münasibətin növbəti təzahürü kimi görünür. Tehran rəsmiləri illərdir Azərbaycanın suveren xarici siyasətindən və Türkiyə ilə strateji əməkdaşlığından narahat olduqlarını gizlətmirlər. Lakin geosiyasi narahatlıqların hərbi təxribatlarla “həll olunması” yalnız regionu daha böyük qarşıdurmaya aparır.
Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, hücum məhz Naxçıvana qarşı həyata keçirilib. Naxçıvan təkcə Azərbaycanın ayrılmaz hissəsi deyil, həm də xüsusi beynəlxalq hüquqi statusa malik ərazidir. 1921-ci ildə imzalanmış Qars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalmasını təsbit etməklə yanaşı, onun təhlükəsizliyində Türkiyənin qarant rolunu da müəyyən edir. Belə bir əraziyə hücum etmək faktiki olaraq regionun hüquqi-siyasi balansına qarşı atılmış addım kimi qiymətləndirilməlidir. İranın bu addımı yalnız Azərbaycana deyil, bütövlükdə regional təhlükəsizlik sisteminə meydan oxumaq deməkdir.
Ən diqqətçəkən məqamlardan biri də budur ki, Azərbaycan regiondakı daha geniş münaqişələrdə neytral mövqe saxlayır. Bakı nə İran-ABŞ qarşıdurmasının, nə də Yaxın Şərqdə baş verən digər münaqişələrin tərəfi deyil. Əksinə, Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, region dövlətləri arasında problemlər yalnız dialoq yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, İranın Azərbaycana qarşı bu cür aqressiv davranışı onu göstərir ki, Tehran bəzən reallıqdan çox siyasi paranoyalarla hərəkət edir.
Bu hücum İranın daxili siyasi sistemindəki problemlərin də nəticəsi kimi qiymətləndirilə bilər. İran dövlət sistemində böyük təsir gücünə malik olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzun illərdir region siyasətində əsas hərbi oyunçulardan biri kimi çıxış edir. Bu qurumun hərbi, iqtisadi və siyasi təsirinin geniş olması bəzən dövlət siyasətinin daha sərt və radikal istiqamətə yönəlməsinə səbəb olur. Naxçıvana qarşı həyata keçirilən hücum da bir çox analitik tərəfindən məhz bu cür avantürist yanaşmanın nəticəsi kimi qiymətləndirilir.
İranın bu addımı xüsusilə təhlükəlidir, çünki o, Cənubi Qafqazı Yaxın Şərq münaqişəsinin yeni cəbhəsinə çevirmək riskini artırır. Artıq regionda müxtəlif geosiyasi güclərin maraqları toqquşur, enerji və nəqliyyat layihələri uğrunda rəqabət güclənir. Belə bir şəraitdə qonşu dövlətə qarşı pilotsuz aparatlarla hücum etmək açıq-aşkar məsuliyyətsizlikdir və regionu daha böyük müharibə riskinə sürükləyə bilər.
Əslində, İran rəhbərliyi anlamalıdır ki, Azərbaycan müstəqil və suveren dövlətdir və onun təhlükəsizliyi heç bir dövlət tərəfindən təhdid edilə bilməz. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu cür hücumları qəbul etməyəcək və ölkənin suverenliyini qorumaq üçün bütün zəruri addımlar atılacaq.
Naxçıvana qarşı həyata keçirilən hücum İranın region siyasətində nə qədər yanlış və təhlükəli istiqamət seçdiyini açıq şəkildə göstərdi. Bu addım yalnız Azərbaycanla münasibətləri daha da gərginləşdirir və Tehranın beynəlxalq imicinə ciddi zərbə vurur. İranın Naxçıvana hücumu isə məhz bu prinsiplərin kobud şəkildə tapdalanmasıdır və regionda sabitliyə qarşı yönəlmiş məsuliyyətsiz siyasətin nəticəsidir.
ERAmedia Analtik Qrupu










