Təhsil sistemi və iqtisadiyyat
İqtisadiyyatın təməli təhsil sistemindən başlayır. Çünki iqtisadiyyat təkcə bazar və rəqəmlər deyil, o həm də mədəniyyət, dəyərlər və məntiq sistemidir. Bizim təhsil modelimiz isə hələ də sovet mirasından qopmayıb – o, insanı “işçi” kimi formalaşdırır, amma “fikirləşən və yaradan” kimi yox.
Əzbərlənən biliklər, unudulan iqtisadiyyat
Bu gün məktəblərdə və universitetlərdə iqtisadi düşüncə az qala “əlavə fənn” statusundadır. Əzbərçi, test yönümlü təhsil sistemi tələbələrə real iqtisadi həyatın mexanizmlərini, bazar psixologiyasını, fərdi təşəbbüsü öyrətmir. Nəticədə, minlərlə gənc diplom alır, amma iqtisadiyyatla əlaqəsi olmayan sahələrdə çalışır.
Yəni bizdə “təhsil alan” çoxdur, amma “tətbiq edən” azdır. Bu, iqtisadiyyatın ən zəif həlqəsini yaradır — təhsil ilə istehsal arasında uçurum.
Dövlətin məqsədi və reallığın fərqi
Rəsmi strategiyalarda Azərbaycan 2040 vizyonuna doğru gedir, innovasiya iqtisadiyyatı, rəqəmsal transformasiya və yaşıl enerji kimi məqsədlər müəyyənləşdirilib. Amma bu hədəflər yalnız kağız üzərində effektiv görünür. Əgər bu məqsədlərin arxasında həmin sahələri idarə edə biləcək insan potensialı yoxdursa, istənilən vizyon kağızda qalmağa məhkumdur.
Yəni problem iqtisadiyyatda deyil — iqtisadı olmayan iqtisadiyyatda, yəni düşünülməyən, analiz olunmayan sistemdədir.
Təhsildən iqtisadi inkişafa doğru
Əsl inkişaf modeli iqtisadiyyata deyil, təhsilə sərmayə yatırmaqdan keçir. Finlandiya, Cənubi Koreya, Sinqapur kimi ölkələr bunu sübut edib: onlar təhsili iqtisadi inkişafın mühərrikinə çeviriblər. Orada məktəb uşağa “dərs öyrətmir”, ona düşünməyi, analiz etməyi və yaradıcılığı öyrədir.
Bizdə isə hələ də universitetlərdə tələbə “imtahan keçmək üçün” oxuyur, “məsələ həll etmək üçün” yox. Və nəticədə bazar iqtisadiyyatı üçün nəzəri kadr çoxdur, amma praktik iqtisadçı azdır.
Yeni çağırış: Təhsili iqtisadi düşüncə ilə birləşdirmək
Əgər Azərbaycan postneft dövründə sabit və rəqabətədavamlı iqtisadi model qurmaq istəyirsə, ilk növbədə təhsil sistemində iqtisadi məntiq formalaşdırmalıdır.
Bu, sadəcə yeni fənn əlavə etmək deyil — bu, bütün tədris modelinin dəyişməsi deməkdir. Məktəbdən başlayaraq uşaqlara iqtisadi məsuliyyət, bazar davranışı, sahibkarlıq düşüncəsi öyrədilməlidir. Universitetlərdə isə ixtisaslar bir-birindən deyil, reallıqdan ayrılmamalıdır.
Nəticə: Təhsilin iqtisadı – iqtisadiyyatın təhsili
Azərbaycan iqtisadiyyatı daha da güclənmək istəyirsə, əvvəlcə təhsili iqtisadlaşdırmalı, sonra iqtisadiyyatı təhsilləşdirməlidir.
Çünki hər bir iqtisadi qərarın arxasında bir düşüncə dayanır. O düşüncə formalaşmasa, ən mükəmməl strategiyalar belə nəticə verməyəcək.
Və bəlkə də bizim gələcəyimiz üçün ən vacib sual budur:
Biz iqtisadiyyatı idarə edirik, yoxsa iqtisadiyyat bizi?
Rəşad Əhmədzadə, iqtisadçı ekspert