Tramp etirazlarla bağlı VƏD verdi
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İran etirazlarında ölən insanların sayını qiymətləndirmək məqsədilə iclas keçirəcəyini və bundan sonra qərar verəcəyini bildirib.
ERAmedia xəbər verir ki, Tramp bu barədə Detroitdə keçirilən mitinqdən qayıdarkən Vaşinqtona dönüşündə “Andrews” Hərbi Hava Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp qeyd edib ki, Vaşinqton İran ətrafında baş verən hadisələri diqqətlə izləyir və xüsusilə ölənlərin dəqiq sayını müəyyənləşdirməyə çalışır.
Trampın sözlərinə görə, o, Ağ Evə qayıtdıqdan dərhal sonra müvafiq brifinq alacaq.
“Biz İranla bağlı baş verənləri hərtərəfli araşdıracağıq. Orada həqiqətən çox pis hadisələr baş verir. Bu ölüm hallarını görəndə İran ağlımdan çıxmır. Bu vəziyyətlə bağlı dəqiq məlumatlar əldə edəcəyik”, – deyə o bildirib.
Tramp ABŞ mediasında ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatların yayıldığını xatırladıb.
“Etirazlar zamanı ölənlərin dəqiq sayını əldə edəcəyik. Bu ölümlərin sayı ciddi görünür, amma hələ dəqiq bilmirik. Daha sonra qərar verməli olacağıq”, – deyə Tramp vurğulayıb.
O, İran hakimiyyətinə müraciət edərək, etirazçıları öldürməmələrini ümid etdiyini bildirib: “Mənim baxışım belədir ki, onlar etirazçılara çox pis davranırlar”.
Jurnalistlərin İranın demokratik idarəçiliyə malik olmasını istəyib-istəməməsi ilə bağlı sualına Tramp təsdiq edib.
“İdeal olaraq bunu görmək istərdim, amma əsas məqsədimiz ölümü dayandırmaq və bu insanlar üçün azadlıqdır. Bu insanlar uzun müddət əzab içində yaşayıblar”, – deyə o bildirib.
Trampın “Truth Social” platformasında yaydığı son mesajında isə iranlı vətəndaşları etirazları davam etdirməyə və dövlət binalarını “ələ keçirməyə”, həmçinin “qatillərin və zorakılıq edənlərin adlarını saxlamağa” çağırıb.
İranın paytaxtı Tehranda yerləşən Böyük bazarın 28 dekabr 2025-ci ildə başlayaraq ölkə üzrə yayılan etiraz aksiyaları milli valyutanın kəskin ucuzlaşması və artan iqtisadi çətinliklər səbəbindən sahibkarların narazılığı ilə başlanıb.
Rəsmi məlumatlara görə, etirazlar zamanı ölən və yaralananlarla bağlı rəqəmlər açıqlanmayıb. Lakin İran İnsan Hüquqları Agentliyi HRANA 16-cı günə olan hesabatında ümumilikdə 664 nəfərin öldüyünü, onların arasında 133 təhlükəsizlik əməkdaşı, bir prokuror və 18 yaşına çatmamış 9 yeniyetmənin olduğunu bildirib. HRANA-nın məlumatına görə, etirazlar zamanı 10 721 nəfər həbs olunub.
Etirazlar zamanı zorakılıqların artması və polis müdaxiləsinin güclənməsi səbəbindən 9 yanvar tarixindən ölkə üzrə internet bağlantısı kəsilib.
Əli Fərhad









