Tramp göstəriş verdi: Dünyanı atəşə sürükləyəcək QƏRAR
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İran limanlarına qarşı dəniz blokadasının yenidən tətbiq ediləcəyini açıqlayıb. Məlumata görə, İrana daxil olan və ölkədən çıxan bütün kommersiya dəniz daşımaları blokadanın hədəfində olacaq. Blokada Bakı vaxtı ilə sabah saat 00:00-dan qüvvəyə minəcək.
ERAmedia xəbər verir ki, CENTCOM-un yaydığı məlumatda bildirilir ki, Baş Komandanın göstərişinə əsasən, iyulun 14-də ABŞ-ın Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına daxil olan və ya onları tərk edən dəniz nəqliyyatına qarşı blokada yenidən başlayacaq.
Qeyd olunub ki, CENTCOM qüvvələri İran limanlarına və sahil bölgələrinə tranzit keçid edən və ya bu ərazilərdən ayrılan gəmilərə qarşı blokadanı qətiyyətlə tətbiq edəcək. Eyni zamanda, ABŞ ordusu blokada qaydalarına əməl edən gəmilər üçün bölgədə dəniz nəqliyyatının təhlükəsiz hərəkətini dəstəkləməyə davam edəcək.
Açıqlamada vurğulanır ki, bu qərar aprelin 13-dən iyunun 18-dək tətbiq olunan ilk blokadanın davamıdır. Həmin dövrdə CENTCOM qaydalara əməl edən 140-dan çox gəmini geri qaytarıb, qaydaları pozan 9 gəmini zərərsizləşdirib, humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin isə blokadadan keçməsinə icazə verib.
Bütün dənizçilərə “Dənizçilərə Bildirişlər” (Notice to Mariners) elanlarını izləmələri, Oman körfəzi və Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərərkən 16-cı rabitə kanalı vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunub. Bildirilib ki, kommersiya gəmiçiliyi üçün əlavə məlumat rəsmi bildirişlə təqdim ediləcək.
Bu arada İran mətbuatı Bəndər-Abbas şəhərinin şərqində dörd partlayış səsinin eşidildiyini yazıb. İran tərəfi Bəndər-Abbas və Lər bölgələri üzərində iki ABŞ pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu isə Hörmüz boğazından keçməyə çalışan bir gəmiyə zərbə endirdiyini bildirib. ABŞ Hərbi Hava Qüvvələrinin də İranın Çabahar və Konarak limanlarına hava zərbələri endirdiyi iddia olunur.
Donald Tramp hərbi tədbirlərlə yanaşı, Hörmüz boğazından istifadə şərtləri barədə də danışıb. Onun sözlərinə görə, boğazdan keçən bütün yüklərə bundan sonra 20 faiz həcmində ödəniş tətbiq olunacaq.
“Hörmüz boğazı açıqdır və İran olsa da, olmasa da açıq qalacaq. Biz yalnız İran gəmilərinin və ya onların müştərilərinin giriş-çıxışını məhdudlaşdırdığımız üçün bunu İran blokadası adlandırırıq. Digər bütün ölkələr boğazdan sərbəst istifadə edə biləcək. ABŞ bundan sonra Hörmüz boğazının mühafizəçisi kimi tanınacaq. Lakin bölgədə təhlükəsizliyin təmin olunması üçün çəkilən xərclərin qarşılanması məqsədilə daşınan bütün yüklərdən 20 faiz ödəniş alınacaq. Bu proses dərhal başlayacaq”, – deyə Tramp bildirib.
İran rəhbərliyi haqqında sərt ifadələr işlədən Tramp bildirib ki, Tehran əvvəlki razılaşmanı pozub.
“İranlılar pis insanlardır. Bizim razılaşmamız var idi, lakin İran bu razılaşmanı pozdu.” – deyə ABŞ Prezidenti qeyd edib.
Trampın açıqlamalarından sonra İran tərəfi cavab verərək bəyan edib ki, ABŞ-ın Hörmüz boğazının idarə olunmasında iştirakına imkan verilməyəcək.
Açıqlamada həmçinin bildirilib ki, ABŞ ilə bu məsələdə əməkdaşlıq edən region ölkələri İran tərəfindən müharibə tərəfi kimi qiymətləndiriləcək.
İranın xarici işlər naziri Abbas Əraqçi də Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına istehzalı münasibət bildirib.
O, sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib:
“ABŞ Prezidenti tamamilə haqlıdır. Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini kim təmin edirsə, bunun qarşılığını almalıdır”.
Əraqçi əlavə edib ki, “Hörmüz boğazının əsl mühafizəçisi İrandır və həmişə də belə olacaq. 20 faiz isə əlbəttə ki, çoxdur. Biz daha ədalətli olacağıq”.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-ın İrana qarşı dəniz blokadasının yenidən qüvvəyə mindiyini və Hörmüz boğazından keçən bütün yüklərdən 20 faiz həcmində ödəniş alınacağını bəyan etmişdi.
Mələk Onur









