Trampa qarşı yeni sui-qəsd planı hazırlanır - ŞOK İDDİA
ABŞ ilə İran arasında yenidən artan hərbi gərginlik fonunda “The Wall Street Journal” (WSJ) qəzeti diqqətçəkən iddia ilə çıxış edib.
ERAmedia xəbər verir ki, qəzetin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, İsrail rəsmiləri Vaşinqtona İranın ABŞ prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatı təqdim ediblər. Bildirilir ki, İranın planları ilə bağlı əldə olunan məlumatlar ABŞ rəsmiləri ilə paylaşılsa da, bunun hansı kanallar vasitəsilə və nə vaxt ötürüldüyü açıqlanmayıb.
Xəbərdə qeyd olunur ki, ABŞ-ın 2020-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymanini öldürməsindən sonra Tehran rəhbərliyi dəfələrlə Donald Trampa qarşı sui-qəsd niyyətini ictimai şəkildə dilə gətirib. Həmçinin bildirilir ki, ABŞ və İsrailin hücumları nəticəsində həlak olduğu iddia edilən İranın ali dini lideri Ayətullah Əli Xameney üçün təşkil olunan dəfn mərasimlərində də ABŞ prezidentinin öldürülməsinə çağırışlar səsləndirilib.
Xatırladaq ki, Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqi zamanı silahlı hücuma məruz qalmış və sağ qulağından yaralanmışdı.
Bundan sonra, 15 sentyabr 2024-cü ildə Tramp Floridanın Vest Palm Biç bölgəsində yerləşən qolf klubunda olarkən pusqu quran silahlı şəxs ABŞ Məxfi Xidməti tərəfindən vaxtında aşkarlanaraq saxlanılmışdı.
Son olaraq isə bu il aprelin 25-də Tramp və hökumət üzvlərinin iştirak etdiyi Ağ Ev Müxbirlər Assosiasiyasının ənənəvi şam yeməyinə silahlı hücum cəhdinin qarşısı Məxfi Xidmət tərəfindən alınıb və şübhəli saxlanılıb.










