media-photo_5283030226621371830_y

İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda müzakirə olunan əsas məsələlərdən biri də mümkün hakimiyyət dəyişikliyindən sonra ölkəyə kimin rəhbərlik edəcəyidir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, bu məsələdə hazırda ciddi lider boşluğu mövcuddur.

Onun sözlərinə görə, ABŞ-ın İranla bağlı ssenarilərində rejimin zəiflədilməsi və ya sıradan çıxarılması halında hakimiyyətin ölkə daxilində formalaşacaq qüvvələrə ötürülməsi ideyası önə çıxır. Bu kontekstdə ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, İran xalqı mümkün dəyişikliklərə hazır olmalı və ölkənin gələcəyini özü müəyyən etməlidir.

A.Nərimanlı qeyd edir ki, son illərdə İranda baş verən etiraz aksiyalarına baxmayaraq, ölkə daxilində geniş dəstəyə malik vahid lider ortaya çıxmayıb. Onun fikrincə, bu boşluqdan istifadə etməyə çalışan əsas fiqurlardan biri isə keçmiş şahın oğlu Rza Pəhləvidir.

“Pəhləvi həm İran daxilində azsaylı şah tərəfdarları vasitəsilə “xalq şahı istəyir” görüntüsü yaratmağa çalışır, həm də xaricdə yaşayan iranlı mühacirlərlə birlikdə müxtəlif aksiyalar və çağırışlarla özünü alternativ lider kimi təqdim edir. Onun əsas məqsədi post-rejim İranında ABŞ-ın siyasi dəstəyini qazanmaqdır”, – deyə təhlilçi bildirib.

Lakin Nərimanlının fikrincə, Vaşinqtonda Pəhləvi variantına münasibət əvvəldən ehtiyatlı olub. ABŞ prezidenti Donald Trampın Almaniya kansleri Fridrix Merz ilə görüşdə verdiyi açıqlama da bunu göstərir.

“Tramp jurnalistlərin Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalı ilə bağlı sualına cavabında bildirib ki, bəzi insanlar onu bəyənsə də, administrasiya bu məsələ üzərində ciddi düşünməyib və İranın onun liderliyini qəbul edib-etməyəcəyi məlum deyil. Bu, faktiki olaraq ABŞ-ın Pəhləvi layihəsinə isti yanaşmadığını göstərir”, – deyə o vurğulayıb.

Asif Nərimanlının sözlərinə görə, Trampın eyni açıqlamada İranın gələcək rəhbərliyinin ölkə daxilində populyar olan mötədil bir şəxs tərəfindən həyata keçirilə biləcəyini deməsi də Vaşinqtonun yanaşmasını ortaya qoyur.

“ABŞ anlayır ki, Pəhləvinin yaratmağa çalışdığı ‘yeganə lider’ imici reallığı əks etdirmir. İran cəmiyyətində şah dövrünün xatirələri hələ də güclüdür və əhalinin böyük hissəsi həmin idarəçiliyin geri qayıtmasını istəmir. Bundan əlavə, İranın gələcək siyasi düzənində mühüm rol oynaya biləcək müxtəlif etnik qruplar, xüsusilə azərbaycanlılar da monarxiyanın bərpasına isti yanaşmırlar”, – deyə o qeyd edib.

Təhlilçinin fikrincə, bu səbəbdən də post-rejim İranında hakimiyyət məsələsi hələlik açıq qalır və ölkə daxilində geniş ictimai dəstəyə malik yeni siyasi fiqurun meydana çıxması əsas şərt kimi görünür.


media-adspc

Bənzər xəbərlər