"Türkiyə-İsrail hərbi toqquşması üçün əsas yoxdur" - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında açıq hərbi qarşıdurma üçün heç bir əsas olmadığını bildirib.
ERAmedia-nın məlumatına görə, Fidan “National” nəşrinə müsahibəsində bildirib ki, “açıq münaqişə üçün heç bir səbəb yoxdur. Türkiyə özünü belə bir vəziyyətə cəlb etməyə imkan verməyəcək”.
Nazirin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və mümkün təxribatlara uymayacaq.
Bununla yanaşı, Hakan Fidan İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini yenidən tənqid edib. O bildirib ki, Netanyahu hökumətinin fəaliyyəti həm İsrailin özü, həm region, həm də beynəlxalq təhlükəsizlik üçün yük və təhdid yaradır.
Xatırladaq ki, Hakan Fidan daha əvvəl də bəyan etmişdi ki, zərurət yaranacağı təqdirdə Türkiyə İsrailə cavab verməyə hazırdır.
Türkiyə ilə İsrail arasında münasibətlər 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra kəskinləşib. Ankara dəfələrlə İsraili fələstinlilərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edib.
Türkiyə hakimiyyəti 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
Son illər Türkiyə və İsrail bir-birini milli təhlükəsizlik baxımından risk kimi qiymətləndirsələr də, tərəflər arasındakı gərginlik hələlik diplomatik bəyanatlar və söz müharibəsi səviyyəsindən kənara çıxmayıb.










