Türkiyə və ABŞ liderləri regional məsələləri müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
ERAmedia xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə olan məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə Suriyada baş verən prosesləri diqqətlə izləyir və bu ölkənin birliyi, bərabərliyi və ərazi bütövlüyü Ankara üçün böyük əhəmiyyət daşıyır.
Danışıq zamanı İŞİD terror təşkilatı ilə mübarizə məsələsi də müzakirə olunub. Türkiyə lideri vurğulayıb ki, terrorçulardan azad, sabit və hərtərəfli inkişaf edən Suriyanın formalaşması regionun ümumi sabitliyinə mühüm töhfə verəcək.
Tərəflər Qəzza sektorunda sülhün təmin olunması istiqamətində görülən işlərə də toxunublar. Ərdoğan bu məsələdə ABŞ-la koordinasiyanı davam etdirmək niyyətində olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan həmçinin Qəzza üzrə Sülh Şurasının fəaliyyətində iştirak üçün ABŞ Prezidenti Donald Trampın göndərdiyi dəvətə görə ona təşəkkür edib.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müsbət və səmərəli telefon danışığı apardığını bildirib.
Ural Dəyirmançı










