Türkmənistanla ticarətdə 114,5 milyon dollarlıq idxal: Hansı məhsulları alırıq?
Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı ölkəmizin Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistanla iqtisadi əlaqələrinin inkişafına diqqət çəkib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanla Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, xüsusilə qeyri-neft-qaz məhsulları üzrə əməkdaşlığın gücləndirilməsi mühüm prioritetlərdəndir.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycandan Türkmənistana 63,8 milyon dollarlıq məhsul ixrac olunub, qardaş ölkədən idxalımız isə 114,5 milyon dollar təşkil edib.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan ötən il Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. İdxalın strukturunda enerji məhsulları üstünlük təşkil edib.
Belə ki, 2025-ci ildə Türkmənistandan Azərbaycana 36,4 milyon dollar dəyərində təbii qaz, 12,5 milyon dollar dəyərində reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollar dəyərində ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 7,4 milyon dollar dəyərində emalın spesifik proseslərində istifadə olunan maye yanacaq idxal edilib.
Bundan başqa, Türkmənistandan 2,3 milyon dollar dəyərində mineral və ya kimyəvi azot gübrələri, 1,4 milyon dollar dəyərində isə emal proseslərində istifadə olunan sürtkü yağları və digər məhsullar alınıb.
Deputat bildirib ki, Azərbaycanın Türkmənistana ixracında emal sənayesi və kənd təsərrüfatı ilə əlaqəli məhsullar mühüm yer tutur.
Ötən il Azərbaycan Türkmənistana 22,4 milyon dollar dəyərində ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, 7,8 milyon dollar dəyərində dəmirdən və ya aşqarlanmamış poladdan hazırlanmış məhsullar, 3,9 milyon dollar dəyərində pambıq lifi və 1,8 milyon dollar dəyərində qara metallardan hazırlanmış konstruksiyalar ixrac edib.
İxrac olunan məhsullar arasında 931 min dollar dəyərində kərə yağı və digər mallar da yer alıb.
Vüqar Bayramov vurğulayıb ki, digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistanla da ticarət dövriyyəsinin artırılması Azərbaycanın iqtisadi əməkdaşlıq gündəliyində mühüm istiqamətlərdən biridir.
Deputatın fikrincə, əsas hədəflərdən biri qeyri-neft-qaz məhsulları üzrə ticarətin genişləndirilməsi, qarşılıqlı ixrac imkanlarının artırılması və iqtisadi əlaqələrin daha da şaxələndirilməsidir. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi Azərbaycanla Türkmənistan arasında iqtisadi tərəfdaşlığın inkişafına töhfə verə bilər.
Mələk Onur










