Unudulan dəyərlər, axtarılan kimlik - Rəsul Mirhəşimli yazır
Elə qarmaqarışıq dövrdə yaşayırıq ki, mənəvi dəyərlərdən danışıldıqda insan dərhal ironiya obyektinə çevrilə bilir. Bu gün bu dəyərlərə sahib çıxmaq haqsız hücumlara məruz qalmaq deməkdir. Dünyanı bürüyən xaos mühitində əxlaqa zidd davranışlar gözəl vərdişlər kimi cəmiyyətə təlqin olunur. Bu ziddiyyətli prosesdə gənclərin mənəvi tərbiyəsi daim prioritet məsələ kimi gündəmdə saxlanmalıdır.
Gənclərin mənəvi tərbiyəsi hər bir millətin, xüsusilə də Azərbaycan cəmiyyətinin gələcəyini formalaşdıran əsas amillərdən biridir. Cəmiyyətin sağlam və davamlı inkişafı üçün gənc nəslin milli və mənəvi dəyərlərlə yetişdirilməsi son dərəcə vacibdir. Tarix boyu Türk milləti mənəvi kökləri, ədalətə, ailəyə və dini inanca verdiyi dəyərlə seçilib. Bu köklərə sadiq qalaraq bugünkü nəslin doğru istiqamətləndirilməsi üçün həm tarixi təcrübədən, həm də dini dəyərlərdən istifadə olunmalıdır.
Türk düşüncə tərzi əsrlər boyu mənəviyyatı, əxlaqı və insani dəyərləri ön planda tutub. Türkün qədim ədəbi əsəri olan “Kitabi-Dədə Qorqud”da ailə münasibətləri, böyüyə hörmət, haqlının yanında olmaq kimi anlayışlar önə çıxır. Yusif Balasaqunlunun “Qutadğu-bilik” adlı əsərində mənəvi kamillik, nəfsin tərbiyəsi və düzgünlük müdrik həyat prinsipləri kimi təqdim olunur. Müəllif əsərində belə yazır: “İnsan yalnız zahiri gözəlliyi ilə deyil, daxili gözəlliyi ilə də kamala çatmalıdır. Əxlaqı olmayanın biliyi fayda verməz”. Bu yanaşma gənclərin yalnız intellektual deyil, həm də mənəvi inkişafına əhəmiyyət verilməsinin zəruriliyini vurğulayır.
İslam dini də mənəvi tərbiyənin əsas mənbəyi kimi önə çıxır. Qurani-Kərimdə və Həzrət Məhəmmədin (s) hədislərində gənclərin əxlaqlı, vicdanlı və məsuliyyətli fərdlər kimi yetişməsi ilə bağlı mühüm tövsiyələr yer alır. “Loğman” surəsində Həzrət Loğmanın (ə) oğluna verdiyi nəsihətlər tərbiyə baxımından olduqca dəyərli nümunələrdir. “Oğlum! Allaha şərik qoşma! Doğrudan da Allaha şərik qoşmaq böyük bir zülmdür!” ayəsi yalnız dini bir nəsihət deyil, eyni zamanda mənəvi oyanış və şüurlu həyat prinsipinin əsasını təşkil edir. Peyğəmbərimizin “Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır” kəlamı da tərbiyənin əsas meyarının əxlaq olduğunu açıq şəkildə göstərir.
Bu gün texnologiyanın sürətlə inkişafı tərbiyə prosesində yeni problemləri də özü ilə gətirib. Valideynlərin bu dəyişikliklərə uyğunlaşmaqda yol verdiyi bəzi ciddi səhvlər var. Uşaqların tərbiyəsini texnologiyaya həvalə etmək, onların saatlarla planşet və telefon qarşısında qalmalarına, sosial şəbəkələrdə fasiləsiz şəkildə vaxt keçirmələrinə göz yummaq, mənəvi boşluq yaradan əsas səbəblər sırasındadır. Valideynlər çox zaman susqun və dinc dayanan uşaq modelini tərbiyəli uşaqla səhv salırlar. Halbuki bu sakitliyin arxasında mənəvi tənhalıq və emosional izolyasiya dayanır.
Mütəxəssislər erkən yaşda və nəzarətsiz şəkildə texnologiyaya məruz qalan uşaqların real ünsiyyət bacarıqlarının zəiflədiyini, empatiya hisslərinin inkişaf etmədiyini bildirirlər. Psixoloqların fikrincə, mənəvi boşluq içində böyüyən gənc kimlik böhranı yaşamağa başlayır və texnologiya bu boşluğu daha da dərinləşdirir. Bu isə gələcəkdə cəmiyyətlə əlaqələri zəif, özünü dəyərsiz hiss edən bir insan tipinin formalaşmasına səbəb ola bilər.
Sosial medianın təsiri isə tərbiyə məsələsində xüsusi diqqət tələb edir. Burada təqdim olunan süni həyat tərzi gənclərdə real həyatdan narazılıq və özünü yetərsiz hiss etmə duyğusu yarada bilər. Sosial platformalarda etik sərhədlərin tez-tez pozulması, bəzi dəyərlərin məhdudlaşdırılması və əvəzində süni, zərərli “trendlərin” təşviq olunması gənclərin əxlaqi dünyasını təhrif edə bilər. Gənclər çox zaman bu məzmunları süzgəcdən keçirmədən qəbul edir və nəticədə milli-mənəvi kimlikdən uzaqlaşma baş verir.
Bütün bu mənfi təsirlərə qarşı ən doğru tərbiyə yolu nümunə olmaqdan keçir. Uşaqlar və gənclər ən çox valideynlərinin davranışlarından təsirlənirlər. Valideynlərin dediklərindən çox, etdikləri iz buraxır. Ailədə səmimiyyət, dürüstlük, ibadət və qarşılıqlı hörmət varsa, uşaq bunları həyatın təbii bir parçası kimi qəbul edir.
Milli və dini dəyərlərin kiçik yaşlardan etibarən aşılanması da çox önəmlidir. Tariximizi, qəhrəmanlarımızı, milli kimliyimizi və dini dəyərlərimizi tanıyan bir uşaq özünü cəmiyyətin bir parçası kimi görər və kimlik böhranından uzaq durar. Texnologiyadan uzaq durmaq mümkün olmasa da, ondan məqsədli və faydalı şəkildə istifadə etməyi öyrətmək daha vacibdir. Mədəniyyətə, kitablara və mənəvi mövzulara maraq oyadaraq gəncləri balanslı şəkildə yetişdirmək mümkündür.
Gənclərlə empati və ünsiyyət bacarıqlarına əsaslanan bir münasibət qurmaq, onlara dəyərli olduqlarını hiss etdirmək, mənəvi tərbiyənin uğurlu nəticələr verməsini təmin edər. Məktəblərdə yalnız akademik bilik deyil, mənəviyyata yönəlik dərslərin və layihələrin təşkili, cəmiyyətdə isə sağlam dəyərləri təşviq edən mədəni tədbirlərin keçirilməsi bu prosesi müsbət istiqamətdə təsir edə bilər.
Gənclərin mənəvi tərbiyəsi yalnız bir ailənin deyil, bütün bir millətin məsuliyyətidir. Bu məsuliyyəti uğurla daşımaq üçün tarixi mirasımıza, İslamın əxlaqi prinsiplərinə, sağlam düşüncəyə və müasir yanaşmalara birgə müraciət etməliyik. Mənəviyyatdan məhrum inkişaf bir cəmiyyətin ruhunu itirməsi deməkdir. O ruhu yaşatmaq isə həm ailənin, həm məktəbin, həm də cəmiyyətin ortaq vəzifəsidir.









