Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?
Kubra Məhərrəmova yazır…
Sudandır, ya çörəkdəndir bilmirəm, amma indiki uşaqların fikrini, diqqətini bir yerə cəmləmək əməlli başlı problemə çevrilib. Hətta dəfələrlə çağırandan sonra belə, səsinə səs verən tapılmır.
Müasir uşaqların əksəriyyəti fikir dağınıqlığı, diqqət çatışmazlığı və hiperaktivlikdən əziyyət çəkirlər. Hətta bunun üstünə yeni psixoloji yayıntı da əlavə olunub. Sən demə rəqəmsal texnologiyadan həddindən artıq istifadə uşaqlarda autizmə bənzər əlamətlər yaradır və buna “virtual autizm” deyilir.
Bu mövzu elm dünyasında geniş şəkildə araşdırılır və həyəcan təbili çalınır.
Saatlarla ekrana baxan körpədə aludəçilik autizmin genetik növünü yaratmır. Lakin körpə yaşda uşağın beyninin inkişafına mane olaraq tamamilə eyni simptomları ortaya çıxarır.
Autizm simptomlarının artması barədə ABŞ-nin Drexel Universiteti araşdırma aparıb. Məlum olub ki, 12 aylıq (biryaşlı) uşaqların televizor və ya hər hansı ekran qarşısında keçirdiyi vaxt onların iki yaşında autizmə bənzər simptomlar göstərmə riskini 4.2% artırır. Həmçinin gündə dörd saatdan çox ekrana baxan uşaqlarda risk xeyli yüksəlir.
Digər araşdırmalar isə deyir ki, gündə üç saat və daha çox telefon-planşetlə vaxt keçirən uşaqların böyük bir hissəsində (təxminən 19.7%) ciddi şəkildə sosial ünsiyyət qüsuru və autizmə bənzər simptomlar tapılıb.
Gündə bir saat baxanlarda isə bu göstərici daha çox aşağıdır.
Bundan başqa uşaqlar üzərində aparılan “case-control” tədqiqatları sübut edir ki, erkən yaşda uzun müddət ekrana baxan uşaqlarda nitq gecikməsi, diqqət dağınıqlığı və hiperaktivlik digər uşaqlara nisbətən 2.3 dəfə daha çox olur.
Təsəvvür edin ki, ailənizdə çox sağlam uşaq dünyaya gəlib və böyüklər körpənin başını qatmaq üçün onu ekrana aludə edir. Səsi gəlməsin, ağlamasın, böyükləri narahat etməsin deyə.
Amma unutmayaq ki, uşaq beyni erkən yaşda (0-3 yaş) canlı insanlarla ünsiyyət quraraq, göz təması yaradaraq inkişaf edir.
Bu ünsiyyəti də ilk növbədə ona ailə üzvləri verməlidir.
Amerika Pediatriya Akademiyası (AAP) birmənalı olaraq xəbərdar edir ki, 18-24 aylıq (iki yaşa qədər) uşaqlara video, telefon və planşet qətiyyən göstərilməməlidir. 2-5 yaş arasında isə bu vaxt gündə maksimum bir saatla məhdudlaşmalıdır.
İndi isə ətrafınıza göz gəzdirin. Əgər öz övladlarınız yoxdursa, həyətdə, gəzintiyə çıxan körpələrə diqqət edin. Dəfələrlə şahidi olmuşam ki, körpə uşaq arabasında əlində telefon video izləyir.
İndi keçirik növbəti etapa. Körpə yaşından ekrana aludə olan uşaq təbii ki, yeniyetmə və gənc yaşlarında artıq ekransız qala bilmir. Bu da onun təhsilində, təlimində mənfi istiqamətdə sözünü deyir.
Bəs uşaqları ziyanlı məzmundan qorumaq üçün nə etməliyik?
Sosial şəbəkələrdə onların qarşısına çıxacaq ziyanlı, söyüşlü məzmunların qarşısını necə alaq?
Necə edək ki, uşaq və yeniyetmələr virtual təhdiddən uzaq olsunlar?
Zaman və təcrübə göstərdi ki, qadağa və hökm elə də effektiv təsir vermir. Uşaqlara sosial şəbəkələrin necə işlədiyini də başa salmalıyıq. Onlar bilməlidirlər ki, qarşılarına çıxan video və paylaşımlar təsadüfi deyil, xüsusi alqoritmlər tərəfindən seçilir. Buna görə də media savadlılığı artıq dövrün tələbinə çevrilib. Uşaqlar internetdəki riskləri tanımağı öyrəndiyi kimi, müəllimlər də rəqəmsal mühit və sosial şəbəkələrin təsiri barədə mütəmadi təlimlər keçməlidirlər. Təəssüflər olsun ki, elə müəllimlər var ki, onların rəqəmsal bilikləri heç də ürəkaçan deyil. Bu işdə müvafiq qurumlar dəstək olmalı, böyüklü-kiçikli təlim keçməlidir.
İnternet hörümçək toru kimi dünyanı bürüdüyü kimi biz də əl-ələ verib müdafiə toru hörməliyik. Zərərli məzmunları uşaqlardan uzaq tutmaq üçün filter rolunu oynamalıyıq.
Bu məsələdə valideynlərin üzərinə ən məsuliyyətli yük düşür. Daha sonra işə təhsil və dövlət qarışır.
Valideynin üzərinə düşən vəzifə və öhdəlik budur ki, ailədə böyüyən körpənin məşğuliyyəti telefon və ekranla bağlı olmasın.
Dövlət isə əli telefona, sosial şəbəkəyə çatan, amma yaşı çatmayan yeniyetmələri müəyyən məhdudiyyətlərlə hərəkətliliyi çərçivəyə ala bilər.
Qlobal təhlükənin qarşısını almaq üçün dünyanın bir çox dövlətləri artıq hüquqi müstəvidə sərt addımlar atmağa və yaş məhdudiyyətləri tətbiq etməyə başlayıblar. Bu qanunların ən vacib xüsusiyyəti odur ki, cərimələr uşaqlara deyil, azyaşlıların qeydiyyatının qarşısını ala bilməyən “TikTok”, “Meta” və “YouTube” kimi nəhəng rəqəmsal platformalara tətbiq edilir.
Avstraliya 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini tamamilə qadağan edib. Qaydanı pozan şirkətləri 33 milyon ABŞ dollarınadək nəhəng cərimələr gözləyir.
Fransa və Yunanıstan uşaqların sosial şəbəkələrə daxil olması üçün 15 yaş həddi müəyyən edib. Bu yaşdan kiçik uşaqlar yalnız valideyn icazəsi ilə bəzi platformalardan istifadə edə bilərlər.
Malayziyada 16 yaş məhdudiyyəti qoyulub və qaydalara əməl etməyən şirkətlərə 2.5 milyon dollaradək cərimə tətbiq edilir.
Norveç və İspaniyada uşaqların rəqəmsal təhlükəsizliyini qorumaq üçün sosial mediaya girişə 16 yaş limiti gətirmək üzrə qanun layihələri hazırlanır.
Digər ölkələrdən fərqli olaraq, Pakistan 16 yaşından kiçik uşağı üçün qanunsuz sosial media hesabı açan valideynləri və ya qəyyumu 6 aya qədər həbs cəzası ilə hədələyən qanun hazırlayır.
Təbii ki, ancaq qadağalarla nəticə olmur. Əgər bu gün biz uşaq və yeniyetmələrin əlindən “cin lampasını” almaq istəyiriksə, o zaman onun qarşısında ona nəsə təklif etməliyik.
Burada dövlət çox uğurlu rol oynaya bilər.
İdman seksiyalarının daha çox açılması və hər bir sosial səviyyədə olan uşaq və gənclərə istifadənin təqdim olunması.
Uşaq və yeniyetmələrin fərdi istedadların üzə çıxmasında bağça və məktəblərə mütəmadi olaraq ekspertlərin göndərilməsi və onların inkişafı üçün müvafiq şəraitin yaradılması.
Teatr, musiqi, rəqs, rəssamlıq kimi dərnəklərin artırılması və dövlətin bu işdə xüsusi dəstəyi.
Bir sözlə uşağın başını qatmaq üçün həm ailə, həm bağça-məktəb, həm də dövlət əlindən gələni etməlidir.
Çünki yüksək texniki inkişafın yaxşı tərəfi olduğu kimi pis tərəfi də mövcuddur.
Uşaqları xilas etmək üçün hamımız gücümüzü səfərbər etməliyik.
Lazım gəlsə məhəllənin uşaqların həyətə yığıb onlara nağıl da danışmalıyıq. Müvafiq qurumlarla dava-dalaş edib onlar üçün futbol meydançaları da tələb etməliyik.
Bu uşaqlar hamımızındı. Onları qorumalıyıq. Əvvəllər küçə-baca bizə qorxulu gəlirdisə, bu gün sosial şəbəkələr və nəzarətdə olmayan internet məzmunları daha qorxuludur.









