media-e7evsnk5zcblhudijlnid1c0gkcmozogakcwcnjw_1200-768x403

ABŞ və İran münasibətləri yeni mərhələyə qədəm qoyur. Hər iki tərəf anlaşdığını bəyan edib. Məsələ ondadır ki, İranla ABŞ arasında əldə olunan anlaşma bəzi ölkələri razı salsa da, İsrail və Avropa İttifaqı (Aİ) bundan narazı qalıb. Təbii ki, Tramp özünü, İran isə özünü qalib elan edəcək.

Müharibənin nəticələri barədə danışarkən qeyd etmək lazımdır ki, hücum edən tərəflər istədikləri nəticəyə çata bilmədilər.

Müharibə başlayanda onun səbəbləri tamamilə başqa idi — İran hakimiyyətinin dəyişdirilməsi, SEPAH-ın sıradan çıxarılması, etnik xətlərin aktivləşdirilməsi və nüvə potensialının məhv edilməsi nəzərdə tutulurdu. Bunu İrana endirilən zərbələrdə açıq şəkildə görmək olurdu. İranın ali dini liderinin və SEPAH komandanlarının hədəfə alınması məhz bu niyyətdən xəbər verirdi.

Etnik xətlərin aktivləşdirilməsinə gəldikdə isə, Vaşinqton və Təl-Əvivin bəyanatlarında birbaşa farslara, kürdlərə, bəlucalara və azərbaycanlılara çağırışlar edilirdi. Hətta Tramp kürdlərə silah verdiklərini, kürdlərin isə “atdığını” açıq şəkildə bildirdi. İranın daimi olaraq Ərbili niyə hədəfə almasının səbəbləri də artıq heç kimə sirr deyil.

İndi isə müharibənin rəsmi səbəbləri kimi uranın zənginləşdirilməsi, proksi şəbəkəsinin zəiflədilməsi və ballistik raket proqramının qarşısının alınması ön plana çıxarılır. Maraqlıdır ki, bu sonuncu məsələlər yerli ekspertlər tərəfindən daha çox səsləndirilir.

Ümumiyyətlə, bu müharibə hücum edən qüvvələr üçün nəticəsiz qaldı. Təbii ki, kimlərsə irad tuta və deyə bilər ki, ali dini liderlər və generallar öldürüldü. Bəs bu nəyi dəyişdi? Hakimiyyət yerindədir, SEPAH isə bu prosesdən daha da güclü çıxdı.

Yeri gəlmişkən, bir neçə gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da açıq şəkildə qeyd etdi ki, İranda istədiklərinə tam şəkildə nail ola bilməyiblər. ABŞ və Qərb mənbələri açıq şəkildə bildirirlər ki, İranın raket potensialı qətiyyən zəifləməyib, dron sənayesində istehsal davam edir. Bundan əlavə, ABŞ və İsrail zərbələri nəticəsində məhv edildiyi iddia olunan mərkəzlər yenidən döyüşə hazır vəziyyətə gətirilib.

Bir neçə gün əvvəl İran İsrailə raket zərbələri endirən zaman dolayı yolla vurduğu yerlərin koordinatlarını da təqdim etdi. Bununla mesaj verdi ki, “məhv etdiyinizi dediyiniz məhz həmin nöqtələrdən sizə zərbə endiririk”. Bu isə onu göstərir ki, ABŞ və İsrail fevral ayında “Bunker-buster” (bunkerdağıdan) bombalarla İranın yeraltı raket şəhərciklərini və raket bazalarını tamamilə sıradan çıxara bilməyib.

İran bununla hərbi kəşfiyyatın uğursuzluğunu ifşa etmiş oldu.

Müharibənin yekunu ilə bağlı diqqət çəkən digər məqam isə İsraillə ABŞ arasında gərginliyin və fikir ayrılıqlarının ön plana çıxmasıdır. Bunu bir neçə gün əvvəl də açıq şəkildə gördük. İran və İsrail qarşılıqlı zərbələr endirən zaman ABŞ, İordaniya və Böyük Britaniyanın hava hücumundan müdafiə sistemləri işə düşmədi. Halbuki əvvəlki hücumlarda bunun şahidi olmuşduq. İran və İsrail üz-üzə qaldılar.

Daha sonra ABŞ ilə İran arasında qarşılıqlı zərbələr baş verdi və bu zaman İsrail prosesə qoşulmadı. Digər maraqlı məqam isə İranın bu dəfə Omanı, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) və Qətəri hədəfə almaması idi.

İranla Oman onsuz da müttəfiq sayılır. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər isə müəyyən mənada İranla razılığa gəliblər. BƏƏ-nin dondurulmuş İran aktivlərini qaytaracağını bildirməsi də bu gizli razılaşmaya işarə kimi qiymətləndirilir.

İran–ABŞ anlaşmasının əldə olunmasında pərdəarxası ən böyük oyunçulardan birinin Çin olduğu bildirilir. BƏƏ-nin İran aktivlərini dondurmaqdan imtina etməsi və Körfəz ölkələrinin İranla yaxınlaşması həm də Çinin regiondakı təhlükəsizlik və enerji maraqları ilə əlaqələndirilir. Çünki ABŞ İranda rejim dəyişikliyinə nail olub ölkəyə nəzarəti ələ keçirsəydi, bu, Çinin enerji təhlükəsizliyinə birbaşa təsir göstərə bilərdi.

İsrailə gəldikdə isə, o, faktiki olaraq İranla ABŞ arasında əldə olunan anlaşmanı xəyanət kimi qəbul edir. İsrail mediası və müxalifəti də bu anlaşmanın strateji baxımdan onların zərərinə işlədiyini dilə gətirir.

Onu da nəzərə almaq lazımdır ki, müharibədə İsrail əsas tərəf olsa da, danışıqlar prosesindən tamamilə kənarda qaldı. Hətta Tramp İranla anlaşma ərəfəsində İsrailin Beyruta hücumunu kəskin şəkildə pislədi və Netanyahunun ünvanına sərt ifadələr işlətdi.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, İranla ABŞ arasında anlaşma ərəfəsində, 12 İyun – Rusiya Günündə Təl-Əvivin mərkəzində 60 metr uzunluğunda Rusiya bayrağı açıldı. Rusiyanın özündə belə bu cür bayraq nümayişlərinə nadir hallarda rast gəlindiyi halda, İsraildə belə bir aksiyanın keçirilməsi ABŞ üçün müəyyən mesaj kimi qiymətləndirilə bilər.

Ola bilsin ki, bu yanaşma bir çoxlarına inandırıcı görünməsin, lakin İsrail kimi bir ölkədə 60 metrlik bayrağın dövlət qurumlarının məlumatı və razılığı olmadan açılmasının mümkün olmadığı düşünülür. Bu hadisə Netanyahu hökumətinin Ağ Evə qarşı istifadə etdiyi diplomatik təzyiq vasitələrindən biri kimi də şərh oluna bilər.

İran–ABŞ razılaşmasına İsraildən sonra, bəlkə də onunla eyni səviyyədə etiraz edən digər tərəf Avropa İttifaqıdır. Mətbuatda yayılan razılaşma şərtlərində ballistik raket proqramı ilə bağlı hər hansı bənd olmasa da, Fransa bunun təhlükəli olduğunu bildirərək İranın raket proqramının dayandırılmasını tələb edib.

Bundan əlavə, Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etməyəcəyini bəyan edib. Aİ-nin bu mövqeyi bir sıra suallar doğurur. Çünki Avropa İttifaqı münaqişələrdə birbaşa iştirak etmədən, sonradan əldə olunan nəticələrdə söz sahibi olmağa çalışır.

Əslində, Avropa İttifaqı müəyyən mənada öz qərarsızlığının və ehtiyatlı siyasətinin nəticələrini yaşayır. Nə Rusiya–Ukrayna müharibəsində maliyyə dəstəyindən kənara çıxan ciddi hərbi addımlar atıldı, nə də Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, Aİ İranla bağlı hərbi proseslərə qoşuldu.

Belə olan halda, Avropa İttifaqının hansı əsasla proseslərdə daha çox rol tələb etdiyi sual doğurur. Bəzi müşahidəçilər hesab edirlər ki, Fransa İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər sırasında yer aldığı üçün bu statusun yaratdığı siyasi psixologiya hələ də Avropa siyasətinə təsir göstərir.

Avropa İttifaqının, xüsusilə də Fransa və Almaniyanın son dövrlərdə aktivləşməsinin əsas səbəblərindən biri beynəlxalq proseslərdə əvvəlki təsir imkanlarını qorumaq istəyidir. Sabah Ukrayna müharibəsinin nəticələri ilə bağlı aparılacaq danışıqlara Aİ dəvət olunmasa, bu artıq çoxlarını təəccübləndirməyəcək.

Avropa İttifaqını, xüsusilə onun əsas gücləri sayılan Fransa və Almaniyanı bəzi regional proseslərin iştirakçısı kimi də qiymətləndirmək olar. Məsələn, Aİ-nin genişlənmə siyasəti çərçivəsində Gürcüstanın əsas tərəfdaşlardan birinə çevrilməsindən sonra Rusiya ilə münasibətlər gərginləşdi və nəticədə ölkənin ərazi bütövlüyü ciddi zərbə aldı.

Daha sonra oxşar proses Ukraynada yaşandı. Hazırda isə Ermənistanda seçkilər ərəfəsində Avropa İttifaqının fəallaşdığı müşahidə olunur. Aİ-nin genişlənmə siyasəti ilə bağlı bəyanatlarda Ermənistanın gələcəkdə birliklə daha sıx inteqrasiyasının mümkünlüyü vurğulanır.

Gürcüstan və Ukrayna nümunələrinə baxan bəzi analitiklər hesab edirlər ki, Ermənistan da böyük güclər arasında geosiyasi rəqabətin növbəti meydanına çevrilə bilər.
Fransa Kipr Respublikası və Yunanıstanla hərbi əməkdaşlığı gücləndirən addımlar atıb. Bu, bəzi ekspertlər tərəfindən İsrail, Fransa və Yunanıstanın Şərqi Aralıq dənizi regionunda ortaq maraqlar çərçivəsində əməkdaşlığı kimi qiymətləndirilir.

Yeri gəlmişkən, Yunanıstanın Baş naziri də açıq şəkildə bəyan edib ki, ölkəsi ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir. Bu təhdidlər Yunanıstan və Türkiyə arasında dəniz sərhədləri, adaların silahlandırılması, eləcə də Kipr ətrafında formalaşan hərbi və siyasi ittifaqlarla əlaqələndirilir.
Avropa İttifaqının digər aparıcı dövləti olan Almaniya isə Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib. Almaniya tərəfi bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edərsə, buna adekvat cavab veriləcək.
Əslində, burada yenə də ehtiyatlı davranan bir Avropa görürük. Çünki Rusiyaya qarşı birbaşa və konkret addımlardan daha çox, mümkün ssenarilər üzərindən səsləndirilən bəyanatlar diqqət çəkir. Bu isə həmin açıqlamaların nə dərəcədə real siyasi iradəyə söykəndiyi barədə suallar yaradır.

Fərz edək ki, Rusiya və Belarus Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatlara başlayır. Belə bir vəziyyətdə Almaniyanın və ümumilikdə Avropa ölkələrinin uzunmüddətli müharibə aparmaq üçün yetərli hərbi-sənaye potensialına malik olub-olmaması ayrıca müzakirə mövzusudur.
Hazırda bir çox təhlillər göstərir ki, Avropa ölkələrinin əksəriyyəti ayrı-ayrılıqda uzunmüddətli və genişmiqyaslı müharibə aparmaq imkanlarına malik deyil. Məhz buna görə də təhlükəsizlik məsələlərində NATO və ABŞ amili hələ də həlledici rol oynayır.

Avropa İttifaqının Ermənistan istiqamətindəki siyasəti isə Cənubi Qafqazda yeni geosiyasi risklər yarada bilər. Ermənistan daxilində seçkiqabağı proseslərin Rusiya ilə Avropa İttifaqı, xüsusilə də Fransa arasında siyasi rəqabət müstəvisinə keçdiyi müşahidə olunur.

Baş nazir Nikol Paşinyan həm Qərblə yaxınlaşmağa, həm də Moskva ilə münasibətləri qorumağa çalışır. Lakin bu balansın nə qədər davamlı olacağı hələlik məlum deyil.
Əgər İrəvan Moskva ilə münasibətlərdə ciddi böhran yaşayarsa, bu, Ermənistanın təhlükəsizlik vəziyyətinə və regional mövqeyinə mənfi təsir göstərə bilər. Bəzi müşahidəçilər hesab edirlər ki, belə bir ssenari ölkənin suverenliyi və daxili sabitliyi üçün əlavə risklər yarada bilər.

Nəticə etibarilə, İran–ABŞ anlaşması təkcə iki ölkə arasındakı münasibətlərə təsir göstərmir. Bu proses Yaxın Şərqdə, Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında qüvvələr nisbətinə təsir edə biləcək yeni geosiyasi reallıqlar formalaşdırır.

Bu razılaşmanın uzunmüddətli nəticələrinin nə olacağını indidən dəqiq söyləmək çətindir. Lakin artıq görünən odur ki, prosesdən məmnun qalanlarla narazı qalanların siyahısı kifayət qədər genişdir və qarşıdakı dövrdə bunun siyasi nəticələri daha aydın görünəcək.

Səxavət Məmməd


media-adspc

Bənzər xəbərlər