Xaricdəki alimlər niyə geri qayıtmır? – AÇIQLAMA
Xaricdə nüfuzlu universitetlərdə çalışan çoxsaylı azərbaycanlı alimlər olsa da, onların ölkəyə qayıdışı və ya sistemli şəkildə cəlb olunması istiqamətində real mexanizmlər hələ də formalaşmayıb. Bu isə uzunmüddətli perspektivdə elmi potensialın zəifləməsi riskini artırır.
Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, istedadlı tədqiqatçıların ölkə ilə əlaqələrinin gücləndirilməsi üçün konkret proqramlar hazırlanmalıdır.
Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən alimlərimiz vətənə töhfə vermək istəyirlər, lakin bunun üçün institusional mexanizmlər yoxdur. Halbuki, bu potensialdan istifadə etmək dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə uğurlu modellər mövcuddur. “Məsələn, müxtəlif ölkələrdə yay və qış məktəbləri təşkil olunur, diaspora alimləri bu prosesə aktiv şəkildə cəlb edilir. Azərbaycanda isə belə təşəbbüslər ya yoxdur, ya da sistemli xarakter daşımır”, – deyə o əlavə edib.
Etibar Əliyevin sözlərinə görə, bu boşluq gələcəkdə “itirilmış nəsil” probleminə gətirib çıxara bilər:
“Nəsillər dəyişdikcə elmi məktəblərin davamlılığı təmin olunmasa, yaranan boşluğu doldurmaq çətin olacaq. Bu gün güclü alimlərin yetişdirilməsi üçün uzunmüddətli strategiya tələb olunur”.
O, xaricdə çalışan azərbaycanlı alimlərin fikirlərinə də toxunub:
“Onlar hesab edirlər ki, Azərbaycanın gələcəyi gənc nəslin təhsilindən asılıdır və müasir təhsil sistemi olmadan inkişaf mümkün deyil. Bu yanaşma tamamilə doğrudur və dövlət siyasətində əsas xəttə çevrilməlidir”.
Ekspert vurğulayıb ki, dünya praktikasında fərdi təşəbbüslər də böyük rol oynayır: “Müxtəlif ölkələrdə tanınmış alimlər yüzlərlə tələbə və tədqiqatçı yetişdirərək elmi məktəblər formalaşdırıblar. Bizdə isə belə təşəbbüslərin dəstəklənməsi üçün yetərli mühit yaradılmayıb”.
Sonda Etibar Əliyev əlavə edib ki, Azərbaycan üçün əsas məsələ yalnız problemləri müzakirə etmək deyil, konkret addımlar atmaqdır:
“Artıq düşünmək mərhələsini keçib, icra mərhələsinə keçmək lazımdır. Əks halda, mövcud elmi potensialdan səmərəli istifadə etmək mümkün olmayacaq”.
Vural









