"Zəfər nizələri-2026” adlı çoxmillətli hərbi təlimlər keçiriləcək
Yanvarın 18-də Səudiyyə Ərəbistanının şərqində “Zəfər nizələri-2026” adlı çoxmillətli hərbi təlimlər start götürəcək.
ERAmedia yerli mediaya istinadla xəbər verir ki, təlimlərdə Səudiyyə Ərəbistanının bir sıra yerli hərbi qurumları (Silahlı Qüvvələr, Milli Qvardiya Nazirliyi və Dövlət Təhlükəsizliyi Komandanlığı) ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Birləşmiş Hərbi Komandanlığı, eləcə də qardaş və dost ölkələrdən olan hərbi qüvvələr iştirak edəcək.
Fevralın 5-dək davam edəcək hərbi təlimlər regionda yerli və xarici qüvvələrin sayı iştirakına görə, növü və həcminə görə ən böyük hərbi təlim hesab olunur. Təlimlərin məqsədi iştirakçı ölkələrin qüvvələri arasında hərbi əlaqələri möhkəmləndirmək, planlaşdırma və icra sahələrində təcrübə mübadiləsi aparmaq, əməliyyat səviyyəsində ən yüksək inteqrasiya və koordinasiyanı təmin etmək, eləcə də birgə fəaliyyət konsepsiyasını möhkəmləndirməkdir.
Təlimlər çərçivəsində mövcud və yaranmaqda olan təhdidlərə qarşı mübarizə üzrə taktiki üsulların icrası və qiymətləndirilməsi, taktiki səviyyədə birgə fəaliyyətə hazırlıq dərəcəsinin yoxlanılması nəzərdə tutulur. Manevrlərə müxtəlif əməliyyat ssenarilərinin simulyasiyası daxildir. Bunlara qarışıq taktiki əməliyyatların icrası, ixtisaslaşmış akademik mühazirələr, həmçinin hava, texniki və dəstək heyətlərinin səmərəliliyinin artırılmasına yönəlmiş əməliyyat tapşırıqları, müasir hərbi taktikanın, o cümlədən elektron və kibermüharibə sahələrinin qiymətləndirilməsi daxildir.
Təlimlər regionun ən qabaqcıl təlim mərkəzlərindən biri hesab olunan Hava Müharibəsi Mərkəzində keçiriləcək. Bu mərkəz real əməliyyat şəraitini simulyasiya edən təlim mühiti ilə seçilir, döyüş planlarının hazırlanmasına, imkanların qiymətləndirilməsinə, sistem və silahların sınaqdan keçirilməsinə, eləcə də onların effektivliyi və səmərəliliyinin ölçülməsinə töhfə verir.









