Alman alimi Babək haqqında nə yazıb? – 1848-ci ilin nadir nəşri
Son günlər Babək Xürrəmi ətrafında gedən mübahisələrə müəyyən aydınlıq gətirə biləcək bu kitabı oxumağınızı məsləhət görürəm. Söhbət 1848-ci ildə Almaniyada nəşr edilən “Leypsiq Kral Saksoniya Elmlər Cəmiyyətinin Hesabatları. Filoloji-Tarixi Bölmə” kitabından gedir.
Qeyd edim ki, bu nə sadəcə bir kitabdır, nə də adi iclas protokolu. Bu nəşr həmin dövrün ən məşhur alimlərinin yeni tapdıqları əlyazmalar və tarixi kəşflər haqqında məruzələrinin toplandığı akademik jurnaldır. Müəlliflərdən biri də XIX əsr Almaniya şərqşünaslıq məktəbinin ən tanınmış simalarından olan Gustav Flügeldir.
Flügel ərəb, fars və türk dillərini mükəmməl bilirdi və ömrünün böyük hissəsini Şərq əlyazmalarını oxumağa və onları sistemləşdirməyə sərf etmişdi. Onun yazdığı elmi məqalə Babəkin etnik kimliyi və hərəkatın kökləri barədə mühüm detalları ortaya qoyur.
Xüsusilə 48–49-cu səhifələrdə müəllif birbaşa deməsə də, dolayısı ilə Babəkin türk mənşəli bir mühitdən gəldiyini göstərən bir neçə faktı təhlil edir.
Flügel Babəki “fars” adlandırmaqdan çəkinir və daha çox “azərbaycanlı” (Aderbeidjaner) kimi qeyd edir. Onun fikrincə, Babəkin kimliyi və baxışları farsların dini-mədəni fəlsəfəsindən uzaqdır. Flügel yazır ki, Babək Azərbaycanın (Adherbaidjan) dağlıları arasından çıxmış bir liderdir və onu nə fars, nə də ərəb kimi deyil, məhz bu bölgənin qədim yerli əhalisinin nümayəndəsi kimi qələmə verir.
49-cu səhifədə müəllif Babəkin ordusunun döyüşdəki çevikliyindən, oxatma bacarığından və döyüş taktikasından danışarkən bunların həmin dövrün türk süvari sənəti ilə oxşar olduğunu bildirir.
Kitabda diqqət çəkən məqamlardan biri də Babəki məğlub edən türk sərkərdəsi Afşin ilə Babək arasındakı oxşarlıqlardır. Flügel yazır ki, hər ikisi əslində eyni mədəni mühitdən gəlirdi. Hətta Babək əsir düşəndə Afşinə “mən səninlə eyni kökdənəm” dediyinin də qeyd olunduğu bildirilir.
48-ci səhifədə müəllif ərəb tarixçilərinin Babəki “atası məlum olmayan” biri kimi təqdim etmələrini onun milli kimliyini gizlətmək cəhdi kimi qiymətləndirir. Flügelə görə, Babəkin atası Azərbaycanın şimalındakı türk məskənlərindən olan və ticarətlə məşğul olan bir şəxs olub.
Flügel xüsusi vurğulayır ki, Babək hərəkatı təkcə dini mübarizə deyil, eyni zamanda Azərbaycanın coğrafi bütövlüyünü və müstəqilliyini qorumaq cəhdi kimi də qiymətləndirilə bilər.
48-ci səhifədə adla bağlı maraqlı bir izah da verilir. Flügel qeyd edir ki, “Babək” adı əslində “Papak” formasından gəlir. Bu sözün mənasını araşdıran alim bildirir ki, türk mühitində “ata” mənasını verən bu söz Babəkə xalq tərəfindən verilmiş hörmət tituludur.
“Baba” və ya “Babaq” bir çox türk boylarında hörmətli başçı deməkdir. Müəllif vurğulayır ki, Babəkin əsl adı Həsən olub, lakin xalqın ona olan böyük sevgisi və onu özlərinə mənəvi ata bilmələri səbəbindən ona bu ad verilib. Bu da türk və şərq ənənəsində rəhbərlərə “baba” deyilməsi adəti ilə üst-üstə düşür.
Mətnində Babəki məğlub edən Afşin və onun türk əsgərləri ilə Babəkin adamları arasında hərbi bacarıq və dözümlülük baxımından oxşarlıqlar da müqayisə edilir. Müəllif qeyd edir ki, xilafət Babəki yalnız onun kimi döyüşən türklər sayəsində məğlub edə bilmişdi. Babəkin ordusunun əsas gücü məhz türk sərkərdələrinə xas olan dözüm və sürətli manevr qabiliyyətinə əsaslanırdı.
Tərxan, Aydın, Rüstəm və digər sərkərdələr barədə Flügel yazır ki, onlar Babəkə təkcə bir komandir kimi deyil, həm də bir ata kimi bağlanmışdılar. Onların ölümü belə qorxmadan qarşılamaları ərəb tarixçilərini heyrətə salmışdı.
1848-ci ildə Almaniyada çap olunmuş bu kimi akademik mənbələr mübahisələrin kökündə duran suallara cavab verən ciddi mənbələrdən hesab olunur.
Zaur Əliyev










