“Bakı o dövrün Çanaqqalası idi” – 15 sentyabrın görünməyən qəhrəmanları
1918-ci ildə Azərbaycan Cümhuriyyəti müstəqilliyini bütün dünyaya bəyan etsə də, Bakı hələ də bolşevik, erməni və digər silahlı qüvvələrin nəzarətində idi.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, həmin dövrdə Bakı uğrunda mübarizə Azərbaycanın müstəqilliyinin taleyini müəyyən edən əsas hadisələrdən biri olub.
Onun sözlərinə görə, Rusiyada bolşeviklərin, o cümlədən Vladimir Leninin əsas məqsədlərindən biri Bakı üzərində nəzarəti saxlamaq idi:
“Bakı o dövrün Çanaqqalası idi”.
Zaur Əliyev qeyd edib ki, 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsindən sonra çoxsaylı erməni, rus, gürcü, ingilis və digər millətlərdən olan hərbçilərin əsir götürülməsi şəhər uğrunda döyüşlərin miqyasını göstərir.
“Bakının azadlığı yalnız Qafqaz İslam Ordusunun hesabına baş verməyib”
Tarixçi hesab edir ki, Bakının azad edilməsində Qafqaz İslam Ordusunun və Nuru paşanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Lakin onun fikrincə, bu hadisəni yalnız Osmanlı ordusunun fəaliyyəti ilə izah etmək doğru olmaz.
“Biz Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusunun dəstəyini əsla unutmayacağıq. Məhz onların gəlməsi Bakının Azərbaycan şəhəri kimi qalmasına böyük dəstək oldu. Lakin bu mövzuda yazanlar elə bir atmosfer yaradırlar ki, sanki Azərbaycan xalqı və xüsusilə işğal altında olan bakılılar heç nə etməyiblər və şəhər yalnız ordunun sayəsində azad olunub. Xeyr, belə olmayıb”, – deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Bakıda və Azərbaycanın digər bölgələrində bolşevik qüvvələrinə, erməni və rus silahlı dəstələrinə qarşı müqavimət artıq gedirdi.
“Bakılılar Qafqaz İslam Ordusuna öz imkanları ilə yardım edirdilər”
Zaur Əliyev bildirib ki, Bakı kəndlərinin sakinləri də şəhərin azad olunması prosesində müxtəlif formalarda iştirak ediblər.
“Bakı qəsəbələrinin sakinləri əsgərlərə çörək və ərzaq apararkən, tabaqların altına və çörəklərin içinə gizli şəkildə qızıl pullar və qiymətli əşyalar qoyurdular ki, Qafqaz İslam Ordusunun ehtiyacları qarşılansın”, – tarixçi deyib.
Onun sözlərinə görə, Mərdəkan, Bilgəh, Maştağa, Nardaran və digər yaşayış məntəqələrinin sakinləri Qafqaz İslam Ordusunun Bakıya daxil olmasına şərait yaratmaq üçün kəşfiyyat məlumatları toplamaqla yanaşı, yerli müqavimət və partizan fəaliyyətində də iştirak ediblər.
Könüllü dəstələr və yerli müqavimət
Tarixçi qeyd edib ki, Bakı ağsaqqallarının çağırışı ilə silahlı gənclərdən könüllü dəstələr yaradılmışdı.
Onun sözlərinə görə, bu dəstələrin bir qismi cəbhədə türk hərbçiləri ilə birlikdə döyüşür, digər qruplar isə şəhər daxilində dinc müsəlman əhaliyə qarşı yeni zorakılıqların qarşısının alınmasına çalışırdı.
“Onlar kiçik qruplara bölünərək gecələr düşmən mövqelərinə qəfil basqınlar təşkil edir, qarşı tərəfin mövqelərinə zərbələr endirirdilər. Döyüşlərdə yaralanan türk əsgərləri üçün yerli sakinlər öz evlərinin qapılarını açmışdılar. Bakılı qadınlar könüllü tibb bacısı kimi yaralıları müalicə edir, onlara qulluq edirdilər”, – deyə Zaur Əliyev vurğulayıb.
“Əliağa Şıxlinski və Həbib bəy Səlimovun xidmətləri xüsusi qeyd edilməlidir”
Zaur Əliyev Bakının azad edilməsində Azərbaycan hərbçilərinin roluna da diqqət çəkib.
O bildirib ki, Azərbaycanın ilk nizami hərbi birliklərindən olan Əlahiddə Azərbaycan Korpusu döyüşlərdə iştirak edib. General Əliağa Şıxlinski və polkovnik Həbib bəy Səlimovun rəhbərliyi ilə azərbaycanlı zabit və əsgərlər hücum əməliyyatlarında iştirak ediblər.
“Yerli topçular Qurd qapısı yüksəkliyindən düşmən mövqelərinə atəş açırdılar. Bu gün çoxları yazır ki, Mürsəl paşa şəhəri top atəşinə tutarkən tarixi binaları qoruyub. Lakin həmin topları idarə edən azərbaycanlı hərbçilərin, xüsusilə Əliağa Şıxlinskinin rolunu da qeyd etmək lazımdır”, – tarixçi bildirib.
Onun sözlərinə görə, Həbib bəy Səlimovun rəhbərlik etdiyi zirehli qatarın Biləcəri və Xırdalan istiqamətində fəaliyyəti də mühüm əhəmiyyət daşıyıb.
“Zirehli qatar düşmən xətlərini atəşə tutur, piyada qoşunların irəliləməsinə şərait yaradırdı. Bununla düşmənin dəmir yolu vasitəsilə geri çəkilməsi və ya əlavə qüvvələr gətirməsi çətinləşdirilmişdi”, – deyə Zaur Əliyev qeyd edib.
“Bakının azadlığını yalnız bir ordunun adı ilə bağlamaq düzgün deyil”
Tarixçinin sözlərinə görə, sentyabrın 15-nə keçən gecə həyata keçirilən son böyük hücum zamanı Qurd qapısı istiqamətində müdafiə xəttinin yarılması və şəhərin içərilərinə doğru irəliləyiş Bakının azad edilməsində həlledici mərhələlərdən biri olub.
Zaur Əliyev hesab edir ki, Bakının azad edilməsindən sonra Azərbaycan hərbi qüvvələrinin inkişafı da ayrıca tarixi əhəmiyyət daşıyır.
“Bakının azad edilməsindən sonra bu korpusun əsasında rəsmi Azərbaycan Milli Ordusunun formalaşdırılması Azərbaycan dövlətçiliyi və hərbi tariximiz baxımından mühüm hadisə idi. Azərbaycan müstəqil respublika kimi yaşamağa davam edirsə, bunun təməlində həmin dövrdə dövlət və xalq üçün mübarizə aparan insanların da böyük payı var”, – deyə o bildirib.
Tarixçi vurğulayıb ki, 15 sentyabr hadisələri haqqında danışarkən Qafqaz İslam Ordusunun böyük xidmətləri ilə yanaşı, Əlahiddə Azərbaycan Korpusunun, yerli silahlı dəstələrin, Bakı sakinlərinin və arxa cəbhədə yardım göstərən insanların fəaliyyətləri də diqqətdən kənarda qalmamalıdır.
“Əlbəttə, Qafqaz İslam Ordusu böyük xidmət göstərib. Ancaq bizim Əlahiddə Azərbaycan Korpusunun, Azərbaycan xalqının, qoçuların, yerli sakinlərin, hörmətli kişilərin, o dövrdə evində olan son ərzağı paylaşan və tibb bacısı kimi yaralılara yardım edən xanımların zəhmətini də yerə vurmaq olmaz. Bakı azaddırsa, Azərbaycan müstəqildirsə, bu mübarizədə iştirak edən bütün insanların xidmətlərini xatırlamaq lazımdır”, – Zaur Əliyev deyib.
Əli Fərhad










