media-tramp3

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməyə üçüncü dəfə səs verib.

ERAmedia xəbər verir ki, qətnamənin lehinə 220 konqresmen səs verib, 204 konqresmen isə əleyhinə çıxıb. Qətnamə Konqresin əlavə icazəsi olmadan ABŞ silahlı qüvvələrinin İrana qarşı hərbi əməliyyatlardan çıxarılmasını tələb edir.

Qətnaməni yeddi respublikaçı konqresmen də dəstəkləyib. Onlardan Tom Barrett, Brayan Fitspatrik, Uorren Devidson və Tomas Masi əvvəlki analoji təşəbbüslərin də lehinə səs veriblər. Bu dəfə onlara Nensi Meys, Marianet Miller-Miks və Zak Nann da qoşulub.

Bu təşəbbüs Nümayəndələr Palatasının Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün üçüncü cəhdi olub. Əvvəlki analoji qətnamələr iyun və iyul aylarında müzakirəyə çıxarılıb. İyul ayında Nümayəndələr Palatası hərbi əməliyyatların məhdudlaşdırılmasına dair qətnaməni də qəbul edib, lakin Senat sənədin irəliləməsi ilə bağlı hələlik addım atmayıb.

Hazırkı qətnamənin gələcək taleyi isə açıq qalır. Noyabr ayında Konqres seçkilərinə qədər Senatda daha iki planlaşdırılmış iclasın keçirilməsi nəzərdə tutulur. Lakin sənədin müzakirəyə çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil.

İyun ayında Konqresin hər iki palatası prezidentin İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş başqa bir qətnamə qəbul etmişdi. Ağ Ev isə həmin qətnamənin hüquqi qüvvəsini mübahisələndirib.

Yeni səsvermə Konqresdə müharibənin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının qaldığını göstərir. Bununla yanaşı, bu dəfə respublikaçıların təşəbbüsə dəstəyi əvvəlki iki cəhddə olduğundan daha geniş olub.

Tramp administrasiyasının nümayəndələri prezidentin İranla bağlı strategiyasını müdafiə etməkdə davam edirlər. Prezident özü müharibənin seçkilərdən sonra başa çatacağını bildirsə də, münaqişənin nə vaxt sona çatacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb.

Konqresin Büdcə İdarəsinin qiymətləndirməsinə görə, müharibənin ABŞ-a aylıq xərci təxminən 2–3 milyard dollar təşkil edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər