Varşava hava limanı təxliyə edildi - SƏBƏB
Varşavadakı Frederik Şopen adına hava limanında sentyabrın 15-i axşam saatlarında nəzarətsiz baqajla bağlı məlumat daxil olduqdan sonra terminalın bir neçə zonasından sərnişinlər təxliyə edilib.
ERAmedia xəbər verir ki, hadisə ilə əlaqədar Polşa Sərhəd Xidmətinin istehkamçıları əraziyə cəlb olunaraq baqajı mümkün təhlükə ehtimalına qarşı yoxlayıblar.
Hadisə ilə bağlı məlumat polisə saat 19:00-dan bir qədər əvvəl daxil olub. Varşava polisi nümayəndəsi Pavel Xmuranın sözlərinə görə, uçuş terminallarından insanlar, həmçinin A1 girişinin yaxınlığındakı gəliş zonasından sərnişinlər təxliyə edilib.
Əməliyyat zamanı uçuş zonasına avtomobillərin giriş-çıxışı da məhdudlaşdırılıb və yalnız şəhər avtobuslarının hərəkətinə icazə verilib.
Hava limanının nümayəndəsi Pyotr Rudski terminalın bir hissəsinin məhz nəzarətsiz baqaja görə boşaldıldığını təsdiqləyib. İlkin mərhələdə binanı neçə nəfərin tərk etdiyi açıqlanmayıb.
Polşa Radiosunun məlumatına görə, əməliyyat zamanı Sərhəd Xidmətinin istehkamçıları nəzarətsiz baqajı yoxlayaraq təhlükəsiz vəziyyətə gətiriblər. Xidmət əməkdaşlarının işi başa çatdıqdan sonra terminallar normal fəaliyyət rejiminə qayıtmağa başlayıb və sərnişinlərin yenidən hava limanına daxil olmasına icazə verilib.
Hadisə hava limanının fəaliyyətinin uzun müddət dayanmasına səbəb olmayıb. Əməliyyat başa çatdıqdan sonra konkret reyslərin həyata keçirilməsi ilə bağlı qərarları aviaşirkətlər qəbul edib.
Mələk Onur










