media-347339123932702

Dünya mediası dəyişir: jurnalistin yerini kim tutur?

Son illərdə dünya mediasında baş verən dəyişikliklər təkcə jurnalistləri deyil, bütövlükdə informasiya cəmiyyətini düşündürən əsas məsələlərdən birinə çevrilib.

Bir neçə gün əvvəl başa çatan Şuşa Qlobal Media Forumu çərçivəsində də müasir medianın qarşısında duran çağırışlar – rəqəmsallaşma, süni intellekt, dezinformasiya ilə mübarizə və yeni media imkanları geniş müzakirə olunan mövzulardan biri oldu.

Əslində, bu müzakirələr təkcə bir ölkənin və ya bir tədbirin mövzusu deyil.

Dünyanın bütün media cameəsi eyni sual qarşısındadır:

Rəqəmsal dövrdə jurnalistin rolu necə dəyişir və onun yerini yeni informasiya yaradıcıları tuta bilərmi?

Bir vaxtlar xəbərin əsas ünvanı qəzet redaksiyaları, radio və televiziya kanalları idi. Hadisə yerinə gedən, məlumat toplayan, mənbələri yoxlayan və xəbərin məsuliyyətini üzərinə götürən jurnalist informasiya zəncirinin əsas halqası hesab olunurdu.

Bu gün isə mənzərə fərqlidir.

Artıq bir telefon kamerası və internet bağlantısı olan hər kəs hadisənin şahidi olmaqla yanaşı, onun yayıcısına da çevrilə bilir. Sosial şəbəkələr informasiya istehsalını sadələşdirib, bloggerlər və müstəqil kontent yaradıcıları milyonlarla insanın diqqətini qazana bilirlər.

Üstəlik, son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı bu prosesi daha da sürətləndirib. Artıq süni intellekt xəbərlərin ilkin mətnlərini hazırlayır, videolar yaradır, məlumatları saniyələr ərzində emal edir, tərcümələr həyata keçirir və kontent istehsalını xeyli asanlaşdırır. Lakin o, hadisə yerinə gedə, mənbənin etibarlılığını peşə etikası və vicdanla qiymətləndirə, müxtəlif mövqeləri üz-üzə gətirərək həqiqəti araşdıra bilmir.

Bəs bu, jurnalistikanın əhəmiyyətini azaldırmı?

Beynəlxalq media araşdırmaları göstərir ki, məsələ jurnalistin yox olması deyil, jurnalistin informasiya dünyasındakı rolunun dəyişməsidir.

Oksford Universitetinin nəzdində fəaliyyət göstərən “Reuters Institute for the Study of Journalism” özünün “Digital News Report” araşdırmalarında qeyd edir ki, ənənəvi media qurumları auditoriya ilə əlaqəni qorumaqda çətinlik çəkir, sosial şəbəkələr və video platformalar isə yeni xəbər yaradıcıları üçün geniş imkanlar yaradır. İnsanlar getdikcə xəbəri təkcə klassik media qurumlarından deyil, həm də fərdi yaradıcıların hazırladığı məzmun vasitəsilə əldə etməyə başlayırlar.

ABŞ-ın “Pew Research Center” araşdırmaları da göstərir ki, sosial media xəbər yaradıcıları xüsusilə gənc auditoriya arasında ciddi təsir gücünə malikdir. Bunun əsas səbəblərindən biri onların informasiyanı daha sadə dillə təqdim etməsi və izləyici ilə daha yaxın münasibət qurmasıdır.

Bu tendensiyanı Azərbaycan informasiya məkanında da müşahidə etmək mümkündür. Bir çox hallarda hadisələrin ilk görüntüləri və məlumatları məhz sosial şəbəkələrdə paylaşılır, daha sonra isə peşəkar media həmin məlumatları yoxlayaraq, rəsmi mənbələrin mövqeyini öyrənir, faktları dəqiqləşdirir və cəmiyyətə təqdim edir.

Bu isə göstərir ki, sürət vacib olsa da, etibarlılıq hələ də peşəkar jurnalistikanın əsas üstünlüklərindən biridir.

Lakin burada əsas sual yaranır:

Böyük auditoriyaya sahib olmaq peşəkarlığın göstəricisidirmi?

Çünki jurnalistika yalnız məlumat yaymaq deyil. Jurnalistika faktı yoxlamaqdır. Mənbəni araşdırmaqdır. Yazdığının məsuliyyətini daşımaqdır.

Bir blogger hadisəni milyonlarla insana çatdıra bilər. Amma peşəkar jurnalistin işi həmin hadisənin arxasındakı suallara cavab tapmaqdır:

Bu hadisə niyə baş verdi?

Səbəblər nədir?

Məsuliyyət kimdədir?

Kim bundan faydalanır?

Cəmiyyət bundan hansı nəticəni çıxarmalıdır?

Məhz bu məqamda jurnalistika ilə sadəcə kontent istehsalı arasındakı fərq ortaya çıxır.

UNESCO-nun media ilə bağlı hesabatlarında da vurğulanır ki, rəqəmsal texnologiyalar jurnalistikaya yeni imkanlar açsa da, eyni zamanda dezinformasiya və manipulyasiya risklərini artırır. Texnologiya xəbəri sürətləndirə bilər, amma həqiqəti müəyyənləşdirmək üçün yenə də peşəkar yanaşmaya ehtiyac var.

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) isə hesab edir ki, rəqəmsal dövrdə jurnalistin əsas üstünlüyü texniki imkanlar deyil, etik məsuliyyətidir. Çünki bu gün hər kəs məlumat yaya bilər, amma hər kəs jurnalist məsuliyyəti daşıya bilməz.

Bu gün medianın qarşısında duran əsas məsələ bloggerləri və jurnalistləri qarşı-qarşıya qoymaq deyil.

Əsas məsələ budur:

İnformasiya bolluğu dövründə keyfiyyəti və etibarı necə qorumaq olar?

Bəlkə də gələcəyin əsas sualı “jurnalistin yerini kim tutur?” olmayacaq.

Əsas sual bu olacaq:

Yeni informasiya dünyasında jurnalist öz missiyasını necə qoruyacaq?

Texnologiya jurnalistin istifadə etdiyi alətləri dəyişə bilər. Süni intellekt xəbərin hazırlanmasını sürətləndirə bilər. Platformalar dəyişə bilər, informasiya axını daha da sürətlənə bilər.

Lakin həqiqəti axtarmaq, faktı yoxlamaq, hadisələrin mahiyyətini araşdırmaq və cəmiyyət qarşısında məsuliyyət daşımaq missiyasını heç bir alqoritm tam şəkildə əvəz edə bilməz.

Çünki səs çoxala bilər, platformalar dəyişə bilər, texnologiya yenilənə bilər.

Amma cəmiyyətin həmişə ehtiyacı olan bir şey var:

Doğru sözü axtaran və onun məsuliyyətini daşıyan insan.

Rövşən Ziya Vəzirli


media-adspc

Bənzər xəbərlər