media-188683_qg1jtrwm1i

Bu ifadəni rəhmətlik Hacı Şahinin söhbətlərinin birində dinləmişdim. Elə dinlədiyim anda bütün ruhumu yerindən oynatdı bu söz. İnsan düşünür, Eşqlə yaşayıb, eşqlə ölmək, onun qılıncının qurbanı olmaq necə hissdir?

Bəzən bir cümlə yüzlərlə kitabın deyə bilmədiyini deyir. Bəzən bir hikmət əsrlərin süzgəcindən keçərək insan qəlbinə çatır və orada özünə əbədi məskən salır. “Eşqin qılıncı ilə öldürülən şəhiddir” kəlamı da belə hikmətlərdəndir.

Bu söz ilk baxışda adi bir təşbeh kimi görünə bilər. Lakin onun dərin qatlarına endikcə insan başqa bir aləmlə qarşılaşır. O aləmdə ölüm son deyil, başlanğıcdır. Ayrılıq yoxluq deyil, qovuşmağa aparan yoldur. Eşq isə yalnız iki qəlb arasında qərar tutan hiss deyil, insanı özündən alıb daha böyük həqiqətə qovuşduran ilahi qüvvədir.

Şərq düşüncəsində eşq həmişə müqəddəs sayılıb. Çünki eşq insanı dəyişdirir. Onu olduğu kimi saxlamır. Nizaminin qəhrəmanları, Füzulinin aşiqi, Nəsiminin həqiqət yolçusu eşqə düşdükləri gün əvvəlki insanlar olmurlar. Eşq onların içindəki “mən”i öldürür, əvəzində daha saf, daha kamil bir varlıq doğulur.

Bəlkə də buna görə böyük mütəfəkkirlər eşqi qılınca bənzədiblər.

Qılınc kəsir.

Eşq də kəsir.

Qılınc bədəni yaralayır.

Eşq ruhu.

Qılınc insanı həyatdan ayırır.

Eşq isə insanı nəfsindən.

Ən çətin savaş da məhz budur. İnsan üçün öz nəfsinə qalib gəlmək min düşmənə qalib gəlməkdən daha ağırdır. Eşq həmin savaşın ən sarsılmaz silahıdır.

İnsan bəzən ömrü boyu sevir. Bəzən bir baxışa, bir təbəssümə, bir xatirəyə bağlanır. İllər keçir, zaman dəyişir, saçlara dən düşür, üzlər qırışır. Amma qəlbin bir guşəsində qorunan o sevgi dəyişmir. Sanki zaman ona toxuna bilmir.

Belə sevgilərdən danışanda insanın yadına köhnə saz havaları düşür. “Yanıq Kərəmi”nin nisgilli sədaları qulaqlarda səslənir. O havalarda təkcə məhəbbət yoxdur. O havalarda həsrət var, ayrılıq var, yol gözləmək var. O havalarda eşqin qılıncı ilə yaralanmış insanların min illik ahı yaşayır.

Bəzən insan öz sevgisinə qovuşmur.

Bəzən yollar yarımçıq qalır.

Bəzən məktublar ünvanına çatmır.

Bəzən son görüşün son görüş olduğunu heç kim bilmir.
Amma qəribəsi budur ki, qovuşa bilməyən sevgilər çox vaxt qovuşan sevgilərdən daha uzunömürlü olur. Çünki ayrılıq yaddaşı diri saxlayır. Həsrət sevginin üstünə zamanın tozunu qonmağa qoymur.

Dahi şairimiz Məhəmməd Füzuli yazır:

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Şairin demək istədiklərinə görə, eşq dərdi elə bir dərddir ki, ondan şəfa istəmək lazım deyil. Çünki aşiqin dərdi onun sərvətidir. Dərdi əlindən alınan aşiq sevgisini də itirmiş olar.

İrfan əhli də belə düşünürdü. Onlar üçün eşq əzab deyil, ucalmaqdır. Çəkilən hər ağrı bir pillə, tökülən hər göz yaşı bir təmizlənmədir. İnsan nə qədər yanırsa, o qədər saflaşır. Nə qədər özündən uzaqlaşırdısa, həqiqətə bir o qədər yaxınlaşır.

Bu mənada eşqin qılıncı ilə öldürülən insan məğlub deyil.

O, qalibdir.

Çünki öz nəfsini məğlub edib.

Öz mənliyini (təkəbbürünü) öldürüb.

Özünü sevginin yolunda fəda edib.

Şəhidlik də məhz budur.

Şəhid yalnız döyüş meydanında canından keçən deyil. Şəhid inandığı dəyər uğrunda özündən keçəndir. Aşiq də sevdiyi həqiqət uğrunda öz mənindən keçir. Ona görə də eşqin qılıncı ilə öldürülənə şəhid deyiblər.

Bu gün həyatdan köçmüş doğmalarımızı xatırlayanda, köhnə şəkillərə baxanda, bir vaxtlar bizim üçün dünya qədər böyük görünən insanların yoxluğunu hiss edəndə həmin həqiqəti daha dərindən anlayırıq. İnsan ömrü çox qısadır. Dünən bizimlə olanlar bu gün xatirələrdə yaşayırlar.

Amma sevgi yaşayır. Çünki sevgi zamandan böyükdür.

Bəlkə də insanın bu dünyadakı yeganə təsəllisi budur.

Sevdikləri ilə yenidən görüşmək ümidi.

Bir gün bütün ayrılıqların bitəcəyinə inanmaq.

Bir gün bütün yarımçıq hekayələrin tamamlanacağına ümid etmək.
Çünki eşq ölümlə bitmirsə, deməli, ölüm son deyil.

Eşqin qılıncı ilə öldürülənlər buna görə şəhid adlanırlar. Onlar torpağa deyil, qəlblərə tapşırılırlar. Qəlblərdə yaşayanlar isə heç vaxt ölmürlər.


media-adspc

Bənzər xəbərlər