media-hormuz

İran Çindən dəstəyini artırmasını istəyir. İranın xarici işlər naziri Abbas Əraqçının sentyabrın 16-da Çinə səfəri də bu kontekstdə diqqət çəkir.

ERAmedia xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu bu səfərlə bağlı açıqlamasında bildirib ki, Abbas Əraqçının Pekində çinli həmkarı Vanq Yi ilə görüşündə Tehranla Vaşinqton arasındakı münasibətlər, Hörmüz boğazındakı vəziyyət, Yəmən və Qırmızı dənizdəki gərginlik, eləcə də Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunub. Çin Xarici İşlər Nazirliyi də görüşdə İran və ABŞ-ın danışıqlara qayıtması, Hörmüz boğazının açılması və gərginliyin Yəmənlə Qırmızı dənizə yayılmaması çağırışlarının səsləndiyini açıqlayıb.

Elxan Şahinoğlu qeyd edib ki, bu, Əraqçının il ərzində Çinə ikinci səfəridir. Onun sözlərinə görə, Tehran Pekinin siyasi və diplomatik dəstəyinə ehtiyac duyur.

Siyasi şərhçinin fikrincə, Əraqçının Vanq Yi ilə görüşündə Tehranın Vaşinqtonla əvvəlki razılaşma çərçivəsində danışıqlara qayıtmağa hazır olduğu mesajı da diqqət çəkib. Çin tərəfi də İran və ABŞ-ı əldə olunmuş razılaşmalar əsasında danışıqlar mexanizmini yenidən qurmağa və substantiv məsləhətləşmələrə çağırıb.

“Çin bölgədə müharibənin əleyhinədir və Tehranla Vaşinqton arasında bütün məsələlərin danışıqlar yolu ilə həllini istəyir”, – deyə Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ-İran qarşıdurmasının davam etməsi Çinin Yaxın Şərqdəki iqtisadi maraqlarına da təsir göstərir. Şərhçinin sözlərinə görə, müharibənin davam etməsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün regiondakı marşrutları üçün risk yaradır, eyni zamanda enerji və dəniz nəqliyyatının təhlükəsizliyinə təsir edir.

Elxan Şahinoğlu hesab edir ki, Hörmüz boğazı ilə yanaşı, Yəmən və Qırmızı dənizdəki vəziyyət də Pekin üçün xüsusi əhəmiyyət daşıyır. Çin tərəfi görüş zamanı regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha da yayılmasını istəmədiyini açıq şəkildə bildirib.

“Böyük ehtimalla Çin və İran xarici işlər nazirlərinin Pekindəki görüşündə husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin qarşısının alınması mövzusu da müzakirə edilib”, – deyə şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Vanq Yinin Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının islah edilməsinə və gücləndirilməsinə ehtiyac olduğunu bildirməsi də görüşün mühüm məqamlarından biridir. Çin rəsmisi mövcud təhlükəsizlik sisteminin yetərli olmadığını qeyd edib.

Elxan Şahinoğlu bildirib ki, Yaxın Şərqdə vahid təhlükəsizlik sisteminin formalaşdırılması bir sıra mürəkkəb məsələlərin həllindən asılıdır. Onun fikrincə, Fələstin məsələsinin həll olunmaması, İranla Körfəz ölkələri arasındakı fikir ayrılıqları və regiondakı müxtəlif silahlı qruplarla bağlı problemlər belə bir sistemin yaradılmasını çətinləşdirən amillərdir.

“Bu səbəbdən Pekinin Yaxın Şərqdə ümumi təhlükəsizlik sisteminin formalaşdırılması təklifinin indiki şərtlər altında reallaşması mümkün deyil”, – deyə Elxan Şahinoğlu bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər