media-5940a6f6-c088-4b9f-9e4a-487300b7c5c4

İranın yeni ali lideri Müctəba Xamneyinin ötən həftə verdiyi bəyanat Tehranın Yaxın Şərqdə uzunmüddətli strateji məqsədlərini bir daha təsdiqləyib.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, həmin gün Benyamin Netanyahunun da İrana qarşı sərt ritorikanı artırması müharibədə psixoloji üstünlüyü ələ almaq üçün aparılan informasiya əməliyyatlarının tərkib hissəsidir.

Aqşin Kərimovun sözlərinə görə, tərəflər uğur hekayələri üzərindən informasiya müharibəsi aparsalar da, real nəticəni strateji üstünlük müəyyənləşdirəcək. Onun fikrincə, İslam İnqilabından bu yana İran İsrail dövlətini məhv etmək barədə ritorikanı getdikcə sərtləşdirib və bu məqsəd üçün böyük maliyyə resursları sərf edib.

Təhlilçi qeyd edir ki, Tehran bu strategiyanı həyata keçirmək üçün dörd əsas istiqamətə yüz milyardlarla dollar investisiya qoyub: nüvə proqramının inkişafı, balistik raket proqramının genişləndirilməsi, proksi hərəkatların qurulması və İsrail ətrafında “od həlqəsi” adlandırılan regional təzyiq sisteminin formalaşdırılması. Onun sözlərinə görə, İran regional dayaqları ideologiyalaşdırmaq və silahlı vasitələrlə təsirini artırmaq üçün əsasən proksi qüvvələrə arxalanırdı.

Kərimov hesab edir ki, son illərdə İsrail bu strukturları zəiflətmək istiqamətində ciddi addımlar atıb. Onun fikrincə, xüsusilə Suriyada baş verən proseslər İranın mövqelərini sarsıdıb:

“Türkiyənin Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsində rol oynamasından sonra İranın bölgədəki təsir imkanları daha da zəiflədi. Tehran Suriyaya təxminən 50 milyard dollar sərmayə qoymuşdu və bu investisiyanın böyük hissəsi faktiki olaraq itirildi”, – deyə o bildirib.

Bununla belə, təhlilçi vurğulayır ki, bu proseslər İranın nüvə və raket proqramlarının dayanmasına səbəb olmayıb. Onun sözlərinə görə, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra proqramlar müəyyən qədər ləngisə də, yeni müharibə reallıqlarına uyğunlaşdırılaraq davam etdirilib.

Aqşin Kərimov qeyd edir ki, İsrail isə öz strateji məqsədləri çərçivəsində İranın yaratdığı təhlükəni aradan qaldırmaq üçün rejim dəyişikliyini prioritet kimi nəzərdən keçirib. Gözləntilərə görə, daxili etirazlar və kütləvi mitinqlər İran hakimiyyətini zəiflədərək ruhani sistemin devrilməsinə gətirib çıxara bilərdi.

Lakin təhlilçi bildirir ki, ABŞ və İsrailin hərbi təzyiqlərinə baxmayaraq, bu ssenari baş tutmayıb:

“ABŞ-İsrail kampaniyası İranın təhlükəsizlik, kəşfiyyat və ordu aparatına ciddi zərbələr endirsə də, nəticədə rejimin varislik prinsipi ilə ötürülməsi prosesini bloklaya bilmədi”, – deyə Kərimov vurğulayıb.

Onun fikrincə, bunun əvəzində Tehran regional eskalasiyanı dərinləşdirmə strategiyasına keçib. Təhlilçi qeyd edir ki, Hörmüz boğazının minalanması və bu strateji keçidin qlobal ticarət üçün əhəmiyyətinin İranın nəzarətində olması ABŞ-İsrail müttəfiqliyi üçün ciddi risk faktoru yaradır.

Kərimov əlavə edir ki, ABŞ və İsrailin silahlı kürd fraksiyaları ilə əlaqələri də potensial təzyiq aləti kimi qalır. Onun sözlərinə görə, bu əməkdaşlıq hazırda birbaşa silahlı üsyana gətirməsə də, uzunmüddətli perspektivdə Tehran üçün strateji təhdid kimi saxlanılır.

Siyasi təhlilçi hesab edir ki, müharibənin nəticələri barədə hələ qəti qənaət yoxdur:

“ABŞ-İsrail tandemi və İranın əldə etdiyini iddia etdiyi nəticələrə baxmayaraq, regional teatrda bir çox tapşırıqlar hələ də yerinə yetirilməyib. İran daha çox müdafiə doktrinasına söykənir, qarşı tərəf isə hücum əməliyyatları strategiyasını davam etdirir”, – deyə o bildirib.

Aqşin Kərimovun fikrincə, bu münaqişə təkcə regional deyil, həm də qlobal geosiyasi rəqabətin yeni mərhələsini formalaşdırır. Onun sözlərinə görə, ABŞ bu müharibə fonunda Rusiya və Çindən İrana ötürülən silah sistemlərini praktik olaraq sınaqdan keçirir və gələcək silah ticarətinin mümkün istiqamətlərini analiz edir.

“Eyni zamanda Vaşinqton üçün aydın olur ki, Rusiya, Çin və Hindistan İranın müdafiəsi üçün maksimum səviyyədə dəstək verməkdən çəkinirlər. Lakin Moskva və Pekinin bundan sonrakı reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirə bilər”, – deyə təhlilçi qeyd edib.

Onun sözlərinə görə, İran-İsrail qarşıdurması artıq regional münaqişə çərçivəsini aşaraq ABŞ, Rusiya və Çin arasındakı rəqabət və əməkdaşlıq balansının yeni istiqamətlərini müəyyənləşdirə bilər. Bu isə uzunmüddətli perspektivdə münaqişə teatrında gözlənilməz və sürpriz geosiyasi proseslərin yaranmasına səbəb ola bilər.

Vural


media-adspc

Bənzər xəbərlər