media-iran

“Şahnamə” yalnız İranın qədim mifologiyasını, inanclarını və tarixini əks etdirən monumental poeziya nümunəsi deyil, həm də müasir İranın siyasi-ideoloji arsenalında mühüm simvolik vasitədir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Əbülqasim Firdovsinin Sultan Mahmud Qəznəviyə ithaf etdiyi, təxminən 60 min beytdən ibarət olan əsər İranın müasir geosiyasi davranışlarını anlamaq üçün mühüm açarlardan biri kimi nəzərdən keçirilə bilər.

Onun sözlərinə görə, “Şahnamə”nin ilk mifoloji hökmdarlardan Sasanilərin süqutuna qədər uzanan tarixi-mifoloji xətti müasir İran hakimiyyəti tərəfindən kollektiv yaddaşın və milli kimliyin qorunması üçün istifadə olunur.

Aqşin Kərimov qeyd edib ki, İran İslam İnqilabından sonra ilkin mərhələdə “Şahnamə”yə münasibət birmənalı olmayıb. Lakin İran-İraq müharibəsi zamanı əsərdəki vətənpərvərlik və müdafiə motivləri dini ideologiya ilə sintez edilərək xalqın səfərbərliyində istifadə olunub.

“Xomeyninin dövründə Pəhləvi rejinin fars millətçiliyi ilə əlaqələndirilən “Şahnamə”, sonrakı mərhələdə Ayətullah Əli Xamenei tərəfindən yeni ideoloji çərçivədə təqdim edildi. Xamenei Firdovsini İranın fəxri kimi qiymətləndirərək əsəri yalnız mifoloji irs deyil, həm də əxlaq və tövhid baxımından izah etməyə başladı”, – deyə siyasi təhlilçi vurğulayıb.

Onun fikrincə, bu yanaşma “Şahnamə”nin sekulyar fars millətçiliyinin simvolu olmaqdan çıxarılaraq İslam Respublikası ideologiyasına uyğunlaşdırılması məqsədi daşıyır.

Aqşin Kərimov əlavə edib ki, “Şahnamə”nin qəhrəmanlıq kodları sonrakı dövrdə İranın hərbi-siyasi fiqurlarının obrazlarının formalaşdırılmasında da istifadə olunub. Xüsusilə Qasım Süleymaninin Rüstəm və Siyavuş kimi qəhrəmanlarla müqayisə edilməsi onun ətrafında milli və dini legitimliyin birləşdirilməsinə xidmət edib.

“2020-ci ildə Süleymaninin öldürülməsindən sonra onun obrazı Firdovsinin qəhrəmanlıq motivləri ilə yanaşı, Kərbəla və Aşura arxetipləri ilə də birləşdirildi. Beləliklə, onun şəxsiyyəti həm şiə müqavimətinin, həm də qədim İran dövlətçilik yaddaşının simvoluna çevrildi”, – Kərimov deyib.

Təhlilçinin sözlərinə görə, bu simvolizm İranın beynəlxalq ritorikasında da özünü göstərir. Süleymaninin ölümündən sonra İran rəsmilərinin “Şahnamə”dəki Siyavuş obrazına müraciət etməsi onun ölümünü milli yaddaşdakı ədalətsiz qətl və intiqam motivləri ilə əlaqələndirmək məqsədi daşıyıb.

Aqşin Kərimov hesab edir ki, “Şahnamə”nin müasir İran siyasətindəki digər mühüm funksiyası İran-Turan qarşıdurması ilə bağlı mifoloji xəttdir. Əsərdə İran və Turan arasında müharibələrlə yanaşı, ortaq mənşə, nikah və qohumluq motivlərinin də olması bu irsin müxtəlif siyasi şərhlərə açıq olmasına imkan yaradır.

“Rəsmi Tehran bəzi hallarda bu süjetlərdən istifadə etməklə türkləri qədim İran sivilizasiyasının tarixi kontekstinə daxil edən pan-İranist yanaşmaları da gücləndirir. Bu baxımdan Məsud Pezeşkianın türk mənşəli prezident kimi “Şahnamə”yə istinad etməsi də ayrıca siyasi məna daşıyır”, – deyə o bildirib.

Kərimovun fikrincə, Pezeşkianın İranın bütövlüyünü və ortaq vətən ideyasını vurğulayan “Şahnamə” istinadları ölkədəki müxtəlif etnik qrupları vahid milli kimlik ətrafında birləşdirmək məqsədinə xidmət edir.

Siyasi təhlilçi hesab edir ki, “Şahnamə”nin İran hakimiyyəti tərəfindən istifadəsi sadəcə mədəni irsin qorunması ilə məhdudlaşmır. Əsərin qəhrəmanlıq, təhdid, müqavimət, dövlətin davamlılığı və intiqam kimi motivləri müasir İranın daxili və xarici siyasətinin ideoloji çərçivəsinə uyğunlaşdırılır.

“Bu baxımdan “Şahnamə” İran üçün keçmişin ədəbi abidəsi olmaqla yanaşı, bu günün siyasi reallıqlarını izah edən və legitimləşdirən canlı ideoloji mənbə rolunu oynayır”, – Aqşin Kərimov vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər