Mənzil problemi siyasi böhrana səbəb oldu: Bu ölkə növbədənkənar seçkilərə gedəcək
Sosial ədalətsizlik, mənzil böhranı və siyasətdəki problemlər fonunda İspaniyada sol koalisiya hökumətinin fəaliyyəti iflic olub.
ERAmedia xəbər verir ki, baş nazir Pedro Sançesin mənzil böhranının həlli ilə bağlı parlamentə təqdim etdiyi qərarların rədd edilməsindən sonra hökumətin fəaliyyəti dalana dirənib.
Sançes baş nazir iqamətgahı Monkloadan canlı yayımlanan çıxışında növbədənkənar seçkilərə gediləcəyini açıqlayıb. O, Kral VI Felipe ilə görüşdükdən sonra parlamentin buraxılması və noyabrın 29-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edildiyini bildirib.
İspaniyanın baş naziri Pedro Sançes mənzil böhranının həllinə yönəlmiş qərarların parlamentdə rədd edilməsindən sonra növbədənkənar seçkilərə gedilməsi barədə qərar verdiyini açıqlayıb.
Nazirlər Kabinetinin sentyabrın 29-da mənzil probleminin həllinə yönəlmiş iki qərar qəbul etməsindən sonra həmin sənədlər oktyabrın 2-də parlamentdə keçirilən səsvermədə rədd edilib. Bundan sonra Sançes baş nazir iqamətgahı Monkloadan mətbuata qapalı canlı çıxış edərək növbədənkənar seçki qərarını elan edib.
Sançes bildirib ki, seçki qərarını “düşünmək vaxtı” kimi qiymətləndirdiyi həftəsonunda partiyasının aparıcı nümayəndələri ilə məsləhətləşmələrdən sonra qəbul edib. O, İspaniya Kralı VI Felipe ilə görüşdüyünü, Nazirlər Kabinetinin növbədənkənar iclas keçirərək parlamentin buraxılması barədə qərar qəbul edəcəyini və noyabrın 29-da növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
İspaniya xalqına müraciət edən Sançes deyib: “Özünüz və övladlarınız üçün hansı gələcəyi istədiyinizə siz qərar verəcəksiniz”.
Baş nazir əlavə edib ki, seçicilər “hakimiyyətdə olduğu hər yerdə geriləməyə səbəb olan ifrat sağ dalğasına qoşulmaq, yoxsa İspaniyaya daha geniş mütərəqqi çoxluq qazandıraraq ölkənin açıqlıq və sosial ədalətin qalası, sülh, feminizm və rifah üçün qlobal nümunə olaraq qalmasını təmin etmək” arasında seçim edəcəklər.
Sançes hakimiyyətdə olduqları son 3,5 il ərzində “müharibələr və geosiyasi təlatümlər də daxil olmaqla, misli görünməmiş böhranlarla üzləşdiklərini, tiranlara, texnoloji oliqarxlara və soyqırım törədən rejimlərə qarşı mübarizə apardıqlarını” bildirib.
2018-ci ildən İspaniyanın baş naziri olan Sançes 23 iyul 2023-cü ildə keçirilən son parlament seçkilərindən sonra rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyası (PSOE) və ifrat solçu Sumar ittifaqı ilə birlikdə 2023-cü ilin noyabrında azlıq təşkil edən sol koalisiya hökuməti qurub.
İspaniyada yayımlanan son sorğular mümkün seçkilərdə sağ və ifrat sağ qüvvələrin koalisiya şəklində hakimiyyətə gələcəyini göstərir. Hazırda parlamentdə ən çox deputata sahib əsas müxalifət qüvvəsi olan Xalq Partiyası (PP) bütün sorğularda qarşıdakı seçkilərin qalibi kimi göstərilir. Sorğulara əsasən, PP-nin ifrat sağçı Vox partiyası ilə koalisiya qurmaq üçün kifayət qədər mandat əldə edə biləcəyi bildirilir.
Vüsalə









