media-whatsapp-image-2026-10-19-at-10-53-13-1

İraq Türkmən Cəbhəsinin sədri və Kərkük valisi Mehmet Saman Ağanın ölkənin yeni formalaşan mərkəzi hökumətində milli azlıqlar üzrə dövlət naziri təyin olunması türkmənlərin İraq siyasətində artan rolunu gündəmə gətirib.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bu təyinatın səbəblərini şərh edərək bildirib ki, ərəb və kürdlərdən sonra İraqda ən böyük etnik qrup türkmənlərdir. Onun fikrincə, milli azlıqlar üzrə dövlət naziri vəzifəsinə türkmən siyasətçinin gətirilməsi ölkədəki etnik-siyasi reallıqlarla bağlıdır.

Kənan Rövşənoğlu qeyd edib ki, Mehmet Saman Ağa Türkiyə ilə yaxın əlaqələri olan və milliyyətçi dairələrə yaxın siyasətçidir. Onun bu ilin əvvəlində Kərkük valisi, hazırda isə milli azlıqlar üzrə dövlət naziri təyin olunmasında bu amilin də rol oynaması istisna deyil.

Araşdırmaçı jurnalistin fikrincə, təyinatın əsas səbəblərindən biri Bağdad hakimiyyətinin türkmənlərin mərkəzi hökumətdən artan narazılığını nəzərə alaraq onlarla daha sıx əməkdaşlıq qurmaq istəyidir. Milli azlıqlar üzrə dövlət naziri vəzifəsinin yaradılması və bu posta türkmən siyasətçinin gətirilməsi həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Kənan Rövşənoğlu hesab edir ki, məsələnin digər mühüm tərəfi türkmənlərin yaxın gələcəkdə İraqın şimalında kürd siyasi hegemonluğuna qarşı ciddi seçki qüvvəsinə çevrilmək potensialıdır.

Onun sözlərinə görə, təxminən iki ildən sonra fəaliyyətə başlaması nəzərdə tutulan “İnkişaf Yolu” nəqliyyat dəhlizi İraqın şimalındakı geosiyasi və iqtisadi tarazlığa təsir göstərə bilər. Layihə çərçivəsində neft, qaz və digər yüklərin dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə Bəsrə körfəzindən Türkiyəyə, oradan isə Avropa və Qara dəniz istiqamətinə daşınması nəzərdə tutulur.

Araşdırmaçı jurnalistin qənaətinə görə, belə strateji əhəmiyyətə malik ərazilərdə siyasi sabitliyin qorunması Bağdad üçün xüsusi əhəmiyyət daşıyır. O hesab edir ki, mərkəzi hökumət həmin ərazilərdə kürd siyasi qüvvələrinin təsirinin artmasını və bunun gələcəkdə mümkün müstəqillik cəhdləri ilə nəticələnməsini risk amili kimi nəzərdən keçirə bilər.

Kənan Rövşənoğlu bu kontekstdə 2017-ci ildə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu xatırladaraq bildirib ki, həmin hadisə kürd siyasi qüvvələrinin müstəqillik məsələsini yenidən gündəmə gətirə biləcəyini göstərib. Onun fikrincə, bu cür ssenarilərin qarşısının alınmasında bölgənin digər etnik və siyasi qüvvələrinin rolu da əhəmiyyətli ola bilər.

Araşdırmaçı jurnalistin fikrincə, türkmənlər bölgənin yerli əhalisi kimi tarixi və siyasi baxımdan mühüm mövqeyə malikdirlər. O hesab edir ki, türkmənlərin siyasi və institusional baxımdan güclənməsi İraqın şimalında qüvvələr balansının qorunmasına töhfə verə bilər.

Kənan Rövşənoğlu vurğulayıb ki, hazırkı şəraitdə türkmənlərin inkişafı və siyasi proseslərdə daha fəal iştirak etməsi Bağdad hakimiyyətinin də maraqlarına uyğun ola bilər. Bu baxımdan, Mehmet Saman Ağanın yeni vəzifəyə təyin olunması yalnız kadr dəyişikliyi deyil, həm də mərkəzi hökumətin türkmənlərlə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Araşdırmaçı jurnalistin qənaətinə görə, türkmənlər mühüm siyasi mərhələni geridə qoyaraq qarşılarında yeni və məsuliyyətli dövrə qədəm qoyurlar. Bu mərhələdə onların yaranmış imkanlardan necə istifadə edəcəyi, siyasi təsirlərini nə dərəcədə artıra biləcəyi isə zamanla bəlli olacaq.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər