media-17925250235677051507_1200x630

Almaniya Kansleri Fridrix Merts türk işçilərin ölkənin iqtisadi inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, eyni zamanda əcnəbilərə qarşı düşmənçiliyin təhlükələri barədə xəbərdarlıq edib.

ERAmedia xəbər verir ki, Kansler bu barədə Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair sazişin 65 illiyi münasibətilə oktyabrın 20-də keçirilmiş tədbirdə bildirib.

“Deutschlandfunk” radiosunun məlumatına əsasən, F.Merts qeyd edib ki, Türkiyədən gələn əmək miqrantları Almaniyanın sənaye potensialının formalaşmasında mühüm rol oynayıblar. Onun sözlərinə görə, 1960-1980-ci illərdə almanlarla türklərin qarşılıqlı ünsiyyəti hər iki cəmiyyəti daha müasir, dünyaya açıq və tolerant edib. Türkiyədən gələn miqrantlar Almaniyanı mədəniyyət, iqtisadiyyat, elm və hətta kulinariya baxımından zənginləşdirib.

Bununla belə, Kansler türk mənşəli insanların göstərilən səylərə baxmayaraq, bəzən hələ də yadelli kimi qəbul olunmasını tənqid edib. “Yad olanlardan qorxmaq hər bir azad cəmiyyətin zəhəridir”, deyə F.Merts vurğulayıb.

Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair saziş 1961-ci il oktyabrın 30-da imzalanıb. Almaniya iqtisadiyyatının artan işçi qüvvəsinə ehtiyacını qarşılamaq məqsədi daşıyan sazişin qüvvədə olduğu 12 il ərzində ölkəyə təxminən 900 min türk işçi gəlib. Başlanğıcda ikiillik qalma müddəti və işçilərin rotasiyası nəzərdə tutulsa da, sonradan onların bir çoxu Almaniyada məskunlaşıb. 1973-cü ildə isə iqtisadi tənəzzül və neft böhranı fonunda xaricdən işçi qüvvəsinin cəlb edilməsinə son qoyulub.


media-adspc

Bənzər xəbərlər