Tramp Zelenskiyə qapını bağladı - Müzakirələr kiminlə aparılacaq?
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verərək, Vaşinqtonun Ukraynaya həddindən artıq dəstək göstərdiyini, lakin bunun müqabilində heç nə əldə etmədiyini iddia edib.
ERAmedia xəbər verir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatdırılması istiqamətində kifayət qədər səy göstərmədiyini irəli sürüb.
“Məncə, o, müharibəni dayandırmaq istəmir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Ukrayna adından danışıqları başqa bir şəxsin aparmasının vaxtının çatdığını vurğulayıb.
“Ukraynaya çox şey verdik. Onlar isə bizə heç nə verməyiblər”, – deyə o qeyd edib.
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqların davam etdiyini bildirərək, “Ukrayna məsələsi ilə bağlı Putinlə danışıqlar aparırıq”, – deyə açıqlama verib.
Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə Çində üçtərəfli görüş keçirmək ideyasına müsbət yanaşdığını ifadə edib.
ABŞ Prezidenti Rusiyanın İrana münasibətinə də toxunub. O, “Görə bildiyimiz qədər, Rusiya İranda heç nə etməyib və məncə, bu, çox müsbət haldır”, – deyə bildirib.
Vural










