Məşğulluq Strategiyası üzrə hansı tədbirlər həyata keçiriləcək?
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək.
ERAmedia-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, görüləcək işlərin sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər daxildir.
Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur. Tədbirlər planına əsasən, 2026–2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək.
“İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ-hüquqi baza yaradılacaq.
Həmçinin qeyd edilən dövrdə:
· məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi;
· məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması;
· peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi;
· beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması;
· “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması;
· peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi;
· “Yaşıl iqtisadiyyat”a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi;
· dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi;
· sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün aktiv məşğulluq proqramlarının sayının artırılması;
· regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili;
· “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi;
· dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi;
· təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. tədbirlərin görülməsi nəzərdə tutulur.









