media-whatsapp-image-2026-05-21-at-10-06-11

Tarix boyu Azərbaycanın maddi və mənəvi irsinə aid yüzlərlə, minlərlə əşya, əl işi, zərgərlik məmulatı, xalça, arxeoloji tapıntı və digər qiymətli nümunələr ölkədən xaricə daşınıb.

Ən böyük itkilərimizdən biri İkinci dünya müharibəsi illərində baş verdi. Aclıq çəkən insanların ağır vəziyyətindən istifadə edən yəhudi və rus tacirlər Azərbaycanın qədim əşyalarını bir çörək qiymətinə alaraq xarici muzeylərə və kolleksiyaçılara baha qiymətə satdılar.

Bu gün Amerikadan tutmuş uzaq Yaponiyaya qədər dünyanın müxtəlif muzeylərində Azərbaycana məxsus, maddi dəyəri pulla ölçülməyən tariximizin parçaları saxlanılır.

Bu, olduqca acıdır. Bizə aid olan, xalqımızın irsini əks etdirən dəyərli və tarixi əhəmiyyətli nümunələr bu gün xarici muzeylərdə nümayiş etdirilir. Onlardan biri də Qahirədə yerləşən Misir Toxuculuq Muzeyində sərgilənən XVIII əsrə aid Azərbaycan ipək tikməsidir. Tikmə parça üzərində əl işi deməkdir.

Dünyaca məşhur turizm şirkətləri Misirə səfər edən turistlərə bu muzeyi ziyarət etməyi və həmin tikməyə mütləq baxmağı tövsiyə edir.

Şəkildə görünən tikmə Azərbaycan klassik xalça və tikmə məktəblərinə xas olan “Xətai” və ya “Ləçək-turunc” kompozisiyaları əsasında hazırlanıb.

Səfəvilər dövründə formalaşan və XVIII əsrdə xanlıqlar dövrünün sənətkarlığında geniş yayılan mürəkkəb nəbati simvolları əks etdirən bu tikmə nümunələrinin oxşarları Amerikada, RISD Museumdə də sərgilənir. Həmçinin Misir İslam İncəsənəti Muzeyində də oxşar nümunələr mövcuddur. Lakin məlumat lövhələrində Azərbaycan adına rast gəlinmir.

Xalçaçılıq və tikmə üzrə mütəxəssislər təsdiq edirlər ki, bu nümunələr təbii üsulla boyanmış ipək saplarla, yerli qırmızı, tünd göy və yaşıl rəngli qanovuz və mahud parçalar üzərində işlənib.

Bu tikmə göstərir ki, Azərbaycanda belə incə və gözəl əl işləri yaradan sənətkarlar fəlsəfə, kainatın yaranışı, ezoterik və kosmik biliklərə sahib olublar. Rəsmə diqqətlə baxın:

“Tikmənin mərkəzində yerləşən və dörd tərəfə doğru uzanan böyük rombvari işarə qədim Şərq və Azərbaycan mədəniyyətində kainatın dörd cəhətini — Şimal, Cənub, Şərq və Qərbi, eləcə də dörd əsas ünsürü — Od, Su, Torpaq və Havanı simvolizə edir. Bu, kainatdakı harmoniya və nizamın rəmzidir.”

Görün, keçmişimizin bizə miras qoyduğu bu dərin mənalı mesajlar onların necə böyük biliklərə sahib olduqlarını təsdiqləyir. Simvol haqqında ekspertlər yazırlar:

“Rombun tam ortasında və kənarlarında yerləşən kiçik qapalı işarələr ‘Turunc’ adlanır və bu motiv Günəşi, işığı və sonsuz həyat enerjisini təmsil edir.”

Qısacası, bu simvollar birləşərək bərəkəti, ailə ocağının müqəddəsliyini, Günəş enerjisini və insanın pis qüvvələrdən qorunmasını ifadə edən vizual bir dua kimi qəbul olunur.

Çox təəssüf ki, bu miraslara lazımi səviyyədə sahib çıxa bilmirik.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər