Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
Oktyabr ayında dünya ərzaq qiymətləri cüzi azalıb.
ERAmedia xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumata yayıb.
Bildirilir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi oktyabrda əvvəlki ayla müqayisədə 1,2 faiz azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artıb. İdxal tələbatının zəifləməsi fonunda taxıl, süd məhsulları və ət üzrə qiymət indeksləri əvvəlki ayla müqayisədə azalıb. Bitki yağlarının qiymət indeksində cüzi artım qeydə alınıb, şəkərin qiymət indeksi isə kəskin yüksəlib.
FAO-nun Taxıl Qiymətləri İndeksi oktyabrda aylıq müqayisədə 4,5 faiz azalıb, illik müqayisədə isə 12,6 faiz artıb. Dünya bazarlarında buğdanın qiyməti ardıcıl 4 aylıq artımdan sonra oktyabrda aşağı düşüb. Bu, əsasən, beynəlxalq tələbatın zəifləməsi və xüsusilə Argentinada istehsal perspektivlərinin yaxşılaşması ilə əlaqədardır. Qara dəniz hövzəsindən ixrac axınlarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılacağına dair gözləntilər də qiymətlərin azalmasına təsir göstərib. Bununla belə, regionda logistika sahəsində davam edən problemlər qiymətlərin daha çox enməsinin qarşısını alıb.
Beynəlxalq qarğıdalı qiymətləri də sentyabrda son üç ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra oktyabrda azalıb. Buna ABŞ-də məhsul yığımı ilə bağlı təzyiqlər, Cənubi Amerikanın əsas ixracatçı ölkələrində təklifin bol olacağına dair gözləntilər və Qara dəniz regionunda gərginliyin azalacağına dair ümidlərin yenidən artması təsir göstərib. Digər taxıl məhsulları, o cümlədən arpa və sorqonun qiymətləri də buğda və qarğıdalı ilə eyni istiqamətdə dəyişib. Avstraliyada məhsul istehsalına dair müsbət proqnozlar arpanın qiymətinə əlavə azaldıcı təsir göstərib.
Bunun əksinə olaraq, FAO-nun Düyü Qiymətləri İndeksi oktyabrda 1,6 faiz artıb. Bu artım bəzi düyü ixracatçısı ölkələrdə əlverişsiz hava şəraiti və istehsal xərclərinin yüksəlməsi fonunda məhsul yığımının ləngiməsi ilə əlaqələndirilir.
FAO-nun Bitki Yağları Qiymətləri İndeksi oktyabrda aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə isə 17,6 faiz artıb. Aylıq artım əsasən soya və günəbaxan yağlarının bahalaşması ilə bağlı olub. Bu artım raps yağının qiymətindəki azalmanı üstələyib. Palma yağının qiyməti isə, demək olar ki, dəyişməyib. Dünya bazarlarında soya yağının qiyməti bioyanacaq sektorundan gələn yüksək tələbat və Cənubi Amerikada mövsümi təklif azalması nəticəsində 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Günəbaxan yağının qiyməti isə Qara dəniz regionunda logistika problemlərinin davam etməsi və ixrac təklifinin məhdudlaşması fonunda əvvəlki aylardakı aşağı səviyyədən yüksəlib. Bununla yanaşı, palma yağının beynəlxalq qiymətlərində oktyabrda cüzi dəyişikliklər müşahidə olunub. Qlobal idxal tələbatının yüksək olması, digər bitki yağları ilə müqayisədə rəqabət qabiliyyətinin artması, eləcə də Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində 2026/2027 mövsümündə istehsalın azalacağına dair gözləntilər qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisədə yüksək səviyyədə qalmasına səbəb olub. Raps yağının qlobal qiymətləri isə mövsümi təklif artımı və xüsusilə Avropa İttifaqında biodizel istehsalında istifadə olunan xammala tələbatın gözləniləndən aşağı olması nəticəsində azalıb.
FAO-nun Ət Qiymətləri İndeksi oktyabrda aylıq müqayisədə 1,2 faiz azalıb. İllik müqayisədə isə indeks cəmi 0,4 faiz artıb. Donuz, qoyun və mal ətinin qiymətlərində azalma qeydə alınıb, quş əti qiymətləri isə, ümumilikdə, sabit qalıb. Donuz ətinin ucuzlaşmasına əsasən Avropa İttifaqında qiymətlərin aşağı düşməsi təsir göstərib. Bol təklif və ixrac imkanlarının məhdudluğu, beynəlxalq tələbatın zəif olduğu şəraitdə bazara təzyiq göstərməkdə davam edib. Qoyun ətinin qiyməti Avstraliyada mövsümi təklifin artması və valyuta məzənnələrindəki dəyişikliklərin təsiri ilə rekord səviyyələrdən daha da aşağı düşüb. Bununla belə, ümumi ixrac təklifinin məhdud qalması səbəbindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksək olub. Mal ətinin qiyməti qlobal bazarlarda rəqabətin güclənməsi fonunda Avstraliyada ucuzlaşma ilə əlaqədar cüzi azalıb. Bununla yanaşı, geniş ərazilərdə yağan yağışların heyvanların təsərrüfatlarda saxlanılmasını stimullaşdırması bazara çıxarılan məhsulun həcmini azaldaraq qiymətlərə müəyyən dəstək verib. Braziliyada isə mal ətinin qiymətləri, əsasən, sabit qalıb. İxrac təklifinin məhdudlaşması və ABŞ-dən tələbatın artması Çindən alışların zəifləməsini kompensasiya edib. Quş əti qiymətlərində ciddi dəyişiklik baş verməyib. Beynəlxalq tələbatın sabit qalması qlobal bazarda bol təklifi tarazlaşdırıb. Braziliyanın Santa-Katarina ştatında oktyabrın 18-də ilk dəfə Nyukasl xəstəliyi aşkar edildikdən sonra bəzi ticarət tərəfdaşlarının idxal məhdudiyyətləri tətbiq etməsinə baxmayaraq, ölkənin ixrac qiymətləri, əsasən, dəyişməz qalıb. Əsas ticarət tərəfdaşları ilə bağlanmış regional məhdudiyyətlərin tətbiqinə dair razılaşmalar ticarətdə yaranan fasilələrin qarşısını almağa kömək edib.
FAO-nun Süd Məhsulları Qiymətləri İndeksi oktyabrda aylıq müqayisədə 1,1 faiz azalıb. İndeks ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz aşağı səviyyədə olub. Yağsız süd tozunun qiyməti 2025-ci ilin oktyabrı ilə müqayisədə 45,8 faiz yüksək olub. Kərə yağı və pendirin qiymətləri müvafiq olaraq 31,1 və 29,3 faiz azalıb. Tam yağlı süd tozunun (WMP) qiyməti isə, ümumilikdə, dəyişməz qalıb. Oktyabrda indeksin azalması beynəlxalq bazarlarda kərə yağı və pendirin ucuzlaşması ilə əlaqədar olub. Bu azalma süd tozunun qiymətindəki artımı üstələyib. Xüsusilə Avropa İttifaqında təklifin bol, alıcı marağının isə zəif olması səbəbindən kərə yağı və pendir bazarlarında qiymətlər aşağı düşüb. Süd istehsalında yavaşlama əlamətlərinə baxmayaraq, kərə yağı ehtiyatlarının yüksək, pendir təklifinin isə bol olması qiymətlərə təzyiq göstərməkdə davam edib. ABŞ-dən rəqabətqabiliyyətli ixrac təklifi də qiymətlərin azalmasına əlavə təsir göstərib. Bunun əksinə olaraq, əsas ixracatçı regionlarda yağsız süd tozunun qiyməti davamlı idxal tələbatı və təcili tədarük üçün mövcud təklifin məhdudluğu səbəbindən əhəmiyyətli dərəcədə artıb. ABŞ-də yağsız süd tozuna yüksək tələbat, eləcə də daha yüksək dəyərli süd zülalı məhsullarına yönələn istehsal rəqabəti ümumi süd təklifinin bol olmasına baxmayaraq, toz südün bazarda mövcudluğunu məhdudlaşdırıb. Tam yağlı süd tozunun qiyməti isə Okeaniya regionunda bahalaşmanın Avropada qeydə alınan cüzi ucuzlaşmanı üstələməsi nəticəsində bir qədər artıb.
FAO-nun Şəkər Qiymətləri İndeksi oktyabrda aylıq müqayisədə 6,7 faiz, illik müqayisədə isə 28,9 faiz artıb. Beləliklə, şəkər dünya ərzaq qiymətlərinin ümumi artımına ən çox təsir göstərən məhsul qrupu olub. Bu, indeksdə ardıcıl dördüncü aylıq artım olmaqla yanaşı, 2024-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Şəkərin bahalaşmasının əsas səbəbi Braziliyanın mühüm Mərkəzi-Cənub istehsal regionunda yağıntılarla əlaqədar şəkər qamışının yığımı və emalı prosesində yaranan fasilələr olub. Hindistanda musson yağışlarının normadan az olması və qeyri-bərabər paylanması şəkər istehsalına dair narahatlıqları artırıb. Bundan əlavə, 2026/2027 mövsümündə Avropa İttifaqı və Tailandda istehsalın azalacağına dair proqnozlar da qiymətlərin yüksəlməsinə təsir göstərib.









