Şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib - DİM
Bu ilin iyununda ölkə üzrə 1368 şəhid övladı üçün yaşlarına uyğun 3251 kitab ayrılıb. Bu gün isə 9, 10 və 11-ci siniflərdə təhsil alan 35 şəhid övladına imtahana hazırlıq vəsaitləri təqdim ediləcək.
ERAmedia xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. DİM sədri şəhid övladlarının cəmiyyət üçün əmanət olduğunu vurğulayaraq onların böyüməsi, öz yollarını seçməsi və gələcək planlarını müəyyənləşdirməsi prosesində yanında olmağın vacibliyini qeyd edib. O bildirib ki, DİM şəhid övladlarının peşə seçimi, təhsil istiqamətinin müəyyənləşdirilməsi və imtahanlara hazırlıq mərhələsində onlara dəstək göstərməyə hazırdır.
Məleykə Abbaszadə ötən il Zəfər Günü münasibətilə Qarabağın dirçəlişinə töhfə vermək məqsədilə Mərkəzin əməkdaşları adından Qarabağ Dirçəliş Fonduna 318 ağac ianə edildiyini xatırladıb. O, işğaldan azad olunmuş ərazilərdə böyüyən uşaqların gələcəyinə toxunaraq qeyd edib ki, təhsil sahəsində əsas hədəf hər bir uşağın yaşadığı yerdən asılı olmayaraq, öz potensialını reallaşdırması və keyfiyyətli təhsil alması üçün bərabər imkanlar yaratmaqdır.









