media-afghan_topo_en

Çinin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığı son illərdə daha da dərinləşib və bu prosesin arxasında əsasən Əfqanıstandan qaynaqlanan təhlükələr dayanır.

ERAmedia xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilinə görə, Pekin regionda sabitliyi qorumaq və öz strateji maraqlarını müdafiə etmək üçün Tacikistanla hərbi və təhlükəsizlik əməkdaşlığını genişləndirir.

Məqalə müəllifləri qeyd edir ki, Çin Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la müəyyən səviyyədə əməkdaşlıq etsə də, ölkə daxilində fəaliyyət göstərən müxtəlif silahlı qrupların tam nəzarətdə olmadığı hesab edilir. Bu qrupların Əfqanıstanla sərhəddə yerləşən ölkələr üçün təhlükə yaratması Pekini əlavə tədbirlər görməyə vadar edir. Məhz bu səbəbdən Çin 2017–2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə qurğusu tikib. Ümumilikdə isə Tacikistanda Çin tərəfindən maliyyələşdirilən 15 hərbi və təhlükəsizlik obyektinin inşa edildiyi sənədləşdirilib. Bundan başqa, Çinə məxsus “Huawei” avadanlıqları Tacikistanın simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir və paytaxtda qurulan “Təhlükəsiz Şəhər” kamera şəbəkəsi 21 milyon dollarlıq Çin krediti hesabına yaradılıb.

Məqalədə vurğulanır ki, Tacikistan parlamenti martın 4-də Əfqanıstanla sərhəd boyunca əlavə doqquz sərhəd qurğusunun tikintisini nəzərdə tutan və Çin tərəfindən maliyyələşdirilən layihəni təsdiqləyib. Layihənin ümumi dəyərinin təxminən 61 milyon dollar olduğu və bu vəsaitin Pekin tərəfindən geri qaytarılmayan qrant şəklində təqdim ediləcəyi bildirilir. Bunun müqabilində Düşənbə layihəni vergilərdən, gömrük rüsumlarından və digər məcburi ödənişlərdən azad edəcək. Tikinti işləri müşahidə məntəqələri və qərargahlar da daxil olmaqla ümumilikdə 17 min kvadrat metrdən çox ərazini əhatə edəcək və üç mərhələdə həyata keçiriləcək. Çin şirkətləri bu məqsədlə avadanlıq, giriş yolları, su təchizatı və elektrik infrastrukturu da təmin edəcəklər.

Tacikistanın Çinlə birlikdə sərhəd nəzarətini gücləndirməsi bölgədə artan gərginliklə də əlaqələndirilir. 2025-ci ilin noyabr ayının sonunda partlayıcı qurğu daşıyan pilotsuz uçuş aparatı Tacikistanın Xatlon vilayətində Çinin qızıl mədən şirkətinə məxsus əraziyə zərbə endirmiş və nəticədə üç çinli işçi həlak olmuşdu. Tacikistan hakimiyyəti hücumların Əfqanıstanın Bədəxşan əyalətində yerləşən kəndlərdən həyata keçirildiyini bildirmişdi. Bu hadisədən təxminən üç ay sonra Tacikistan Çinlə birlikdə sərhəd məntəqələrinin sayını artırmaq qərarı qəbul edib.

Həmin hücumlardan sonra Tacikistanla Çini birləşdirəcək beynəlxalq avtomobil yolunun tikintisi də müvəqqəti dayandırılıb. Çinin Düşənbədəki səfirliyi sərhəd bölgəsinə yaxın ərazilərdə çalışan işçilərin təxliyəsi ilə bağlı göstəriş verib və Tacikistan hakimiyyətindən onların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməsini tələb edib. Hücumları heç bir qrup rəsmi olaraq üzərinə götürməsə də, hərbi ekspertlər terror aktlarının arxasında İŞİD-in Xorasan qolu ola biləcəyini ehtimal edirlər.

Məqalə müəllifləri hesab edir ki, Əfqanıstan ərazisindən qaynaqlanan terror təhlükəsi Pekinin təşəbbüsü ilə həyata keçirilən və Mərkəzi Asiyadan keçən “Bir kəmər, bir yol” layihəsi üçün də ciddi risk hesab olunur. Çin Tacikistanın ən böyük investorudur və ölkənin Pekinə olan borcu 800 milyon dolları ötüb. Bu isə Tacikistanın Çinlə iqtisadi bağlılığını daha da artırıb. Bununla belə, Pekin Tacikistana investisiya yatırmaqdan geri çəkilmir. Tacikistanın Əfqanıstanla 1344 kilometrlik sərhədə malik olması və Çinin Sincan bölgəsinə yaxın yerləşməsi onu Pekin üçün mühüm təhlükəsizlik buferinə çevirir. Çin rəhbərliyi hələ 2014-cü ildə xəbərdarlıq etmişdi ki, münaqişə zonalarından qayıdan uyğur döyüşçülər Əfqanıstanı birbaşa Sincanla birləşdirən dar Vaxan dəhlizi vasitəsilə Çinə keçə bilərlər.

Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirərkən, Rusiya ilə açıq rəqabətə girmək niyyətində deyil. Tacikistan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu ölkədə Rusiyanın hərbi bazası yerləşir. Tacikistanın silah və hərbi texnika ehtiyacının təxminən 90 faizi də Rusiyadan təmin olunur. Bununla belə, Tacikistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi Moskvanın da maraqlarına uyğundur. Çünki Çin kimi Rusiya da Əfqanıstandakı silahlı qrupların Mərkəzi Asiya regionuna yayılmasının qarşısını almaqda maraqlıdır.

Vural


media-adspc

Bənzər xəbərlər