Səmərqəndin “Qarabağlılar məhəlləsi” – Tarixçi alim mühüm faktları açıqladı
Azərbaycan və Özbəkistan arasında bu gün mühüm sənədlərin imzalanması iki ölkə arasında tarixən mövcud olmuş əlaqələri də yenidən gündəmə gətirib.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Azərbaycanla Özbəkistan arasında münasibətlərin yalnız müasir dövrlə məhdudlaşmadığını, azərbaycanlıların XIX əsrin sonlarından etibarən Orta Asiyanın mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olan Səmərqənddə məskunlaşdıqlarını bildirib.
Onun sözlərinə görə, 1868-ci ildə Səmərqənd Çar Rusiyası tərəfindən işğal edildikdən və Zaqafqaziya dəmir yolu xəttinin inkişafı ilə şəhərin ticarət əhəmiyyəti artdıqdan sonra müxtəlif bölgələrdən tacirlər Səmərqəndə gəlməyə başlayıblar. 1880-ci illərdən etibarən Şuşa, Şamaxı, Naxçıvan və Bakıdan olan xalçaçı, ipəkçi, dəriçi və at alverçilərinin də şəhərə axını güclənib.
Zaur Əliyev qeyd edib ki, Səmərqəndə köçən azərbaycanlılar şəhərin köhnə hissəsində, Registan meydanı ilə Bibi-Xanım məscidi arasındakı ərazidə məskunlaşıblar. Zaman keçdikcə burada azərbaycanlıların kompakt yaşadığı böyük bir məhəllə formalaşıb və yerli sakinlər bu ərazini “Məhəllə-i Qarabağiyan”, yəni “Qarabağlılar məhəlləsi” adlandırıblar.
“Burada İran mərhələsi, Pəncab məhəlləsi və digər məhəllələr də mövcud idi. Qarabağdan gələn şəxslər isə yerli köhnə icmadan fərqlənmək, öz aralarındakı Şuşa-Qarabağ ticarət əlaqələrini qorumaq məqsədilə daxili küçələrinin və karvansaralarının ‘Qarabağ’ adı ilə tanınmasına xüsusi əhəmiyyət verirdilər. Sonradan yerli sakinlər də bu ərazini onların istifadə etdiyi adla çağırmağa başlayıblar”, – deyə tarixçi bildirib.
Qarabağ memarlığı Səmərqənddə
Zaur Əliyevin sözlərinə görə, Səmərqəndə köçən azərbaycanlılar özləri ilə yanaşı gəldikləri şəhərlərin memarlıq və məişət ənənələrini də yaşatmağa çalışıblar.
Bakıdan olan şəxslərin şəhərdə hamam və yeməkxanalar yaratdığı, Qarabağdan gələnlərin isə Şuşadakı evlərə bənzər yaşayış tikililəri inşa etdikləri bildirilir. Bu evlərdə həyətə baxan açıq şüşəbəndlərdən və daş bünövrəli memarlıq elementlərindən istifadə olunurdu.
Tarixçinin sözlərinə görə, Qarabağ və Azərbaycanın digər bölgələrinin xalçaçılıq ənənələri də burada yaşadılıb və təbliğ edilib.
Qarabağ atları və muğam Səmərqənddə
Səmərqənddə azərbaycanlıların fəaliyyət göstərdiyi sahələrdən biri də at ticarəti olub.
“Qarabağdan Səmərqəndə atlar gətirilirdi və bunun üçün xüsusi bazar təşkil olunmuşdu. Eyni zamanda, burada kiçik teatr qrupu fəaliyyət göstərir, Qarabağla bağlı muğam gecələri təşkil edilirdi”, – Zaur Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan xanəndə və tarzənlərinin yerli özbək musiqiçiləri ilə əlaqələri nəticəsində Səmərqənd və Buxara musiqiçiləri Azərbaycan tarını və muğam dəstgahlarının bəzi hissələrini öz ifa üslublarına daxil ediblər.
“Molla Nəsrəddin” Səmərqənddə
Zaur Əliyev bildirib ki, XX əsrin əvvəllərində Səmərqənddə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə maraq da müşahidə olunurdu.
Bu dövrdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digər Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, “Molla Nəsrəddin” jurnalının da yayıldığı qeyd olunur.
Tarixçinin sözlərinə görə, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” kimi əsərləri də Səmərqənddə səhnələşdirilib.
1918-ci ildən sonra yeni köç dalğası
Zaur Əliyev qeyd edib ki, 1918-ci ildə Bakıda və Qarabağda baş verən hadisələr, o cümlədən mart qırğınları və bölgədə yaranmış gərginliklər zamanı Qarabağdan olan bəzi ailələr Səmərqənddə yaşayan qohumlarının yanına sığınıblar.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə Cümhuriyyət tərəfdarı olan bəzi ailələrin Səmərqəndə köçərək burada məskunlaşdığı bildirilir.
Sovet repressiyaları məhəllənin taleyini dəyişdi
Sovet hakimiyyətinin möhkəmlənməsi ilə məhəllənin taleyində ciddi dəyişikliklər baş verib.
Zaur Əliyevin sözlərinə görə, Qarabağlı tacirlərin və ailələrin bir hissəsi “kulak” və “burjua elementi” kimi repressiyalara məruz qalıb, həbs olunub və ya sürgün edilib.
Məhəllədə qalan ailələrin bir qismi isə repressiyalardan qorunmaq üçün soyadlarını dəyişdirərək onları yerli özbək və tacik formalarına uyğunlaşdırıblar. “Şuşinski”, “Qarabağlı” kimi soyadların zamanla dəyişdirildiyi bildirilir.
Tarixçi qeyd edib ki, sovet dövründə Səmərqəndin toponimik xəritəsi də dəyişdirilib. Qarabağlıların yaşadığı məhəllələrin adları dəyişdirilib, bəzi ərazilər mikrorayonlara çevrilib, bir sıra küçə və yaşayış məntəqələrinin adları isə sovet ideologiyasına uyğun adlarla əvəzlənib.
“Buna baxmayaraq, bu gün də yaşlı sakinlər arasında Qarabağdan gələn ailələrin vaxtilə yaşadığı köhnə həyətlərin yerini xatırlayan və göstərə bilən insanlar var”, – Zaur Əliyev bildirib.
Daşkənddə “Azərbaycan məhəlləsi”
Zaur Əliyev Azərbaycanlıların Özbəkistanın şəhər həyatında sonrakı dövrlərdə də mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan memarları və inşaatçıları şəhərin bərpasına kömək məqsədilə Özbəkistana yollanıblar.
“Daşkənddə yenidən salınan yaşayış massivlərindən biri azərbaycanlı memar və inşaatçıların iştirakı ilə inşa edildi. Bu ərazi uzun illər yerli əhali arasında ‘Azərbaycan məhəlləsi’ kimi tanınırdı”, – deyə tarixçi əlavə edib.
Zaur Əliyevin sözlərinə görə, bütün bunlar Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin yalnız son onilliklərə deyil, daha qədim tarixi və mədəni əlaqələrə söykəndiyini göstərən faktlardandır.
Vüsalə










