Tarixdən bu günə: Azərbaycan–Özbəkistan iqtisadi əlaqələri – TƏHLİL
Azərbaycanla Özbəkistan arasında münasibətlərdən danışarkən adətən ortaq dil, mədəniyyət, mənəvi dəyərlər və türk dünyasına mənsubiyyət ön plana çəkilir. Bütün bunlar doğrudur. Eyni zamanda əlavə etmək lazımdır ki, iki qardaş xalq arasındakı əlaqələrin tarixinə daha dərindən baxdıqda görürük ki, bu münasibətlər yalnız mənəvi yaxınlıqdan ibarət olmayıb. Onların əsasında əsrlər boyu davam edən ticarət, bilik mübadiləsi, ədəbi təsir, maarifçilik, insan kapitalının hərəkəti və qarşılıqlı iqtisadi maraqlar dayanıb.
Bu yazıda biz iki xalqı birləşdirən qədim iqtisadi əlaqədən bəhs edəcəyik. Bu tarixin ən maraqlı maddi sübutlarından biri bu gün Bakının mərkəzində — İçərişəhərdə BUXARA KARVANSARAYI-dır.
XV əsrin sonunda Şamaxı darvazasından şəhərə daxil olan əsas ticarət magistralının üzərində Buxara karvansarayı tikilmişdi. Karvansarayın 18 hücrəsi, səkkizguşəli həyəti var idi və bura ticarət əməliyyatlarından sonra tacirlərin və səyyahların görüşdüyü məkan kimi fəaliyyət göstərirdi. Abidənin Mərkəzi Asiyadan gələn tacirlərin istifadəsində olduğu rəsmi mənbələrdə də qeyd edilir.
Bu faktın iqtisadi mənası daha böyükdür. Karvansaray orta əsrlərin sadəcə mehmanxanası deyildi. O, həmin dövrün logistika mərkəzi, anbarı, ticarət platforması, informasiya mübadiləsi nöqtəsi və biznes şəbəkəsi idi.
Deməli, bugünkü terminlərlə desək, Bakı ilə Buxara arasında əsrlər əvvəl də iqtisadi koridor mövcud idi.
Tarixin maraqlı paraleli də məhz buradadır: XV əsrdə Buxaradan gələn tacir Bakıda karvansarayda dayanırdısa, XXI əsrdə Özbəkistandan gələn yük Azərbaycan üzərindən Avropa bazarlarına doğru hərəkət edir.
Marşrutların texnologiyası dəyişib, iqtisadi coğrafiyanın məntiqi isə qalıb.
İki qardaş xalq arasında iqtisadi münasibətlər qədər mühüm başqa bir xətt də elm və ədəbiyyat üzərindən formalaşıb.
Özbək klassik ədəbiyyatının ən böyük simalarından olan Əlişir Nəvai Nizami Gəncəvinin yaratdığı ədəbi məktəbdən ciddi şəkildə təsirlənib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Nəvainin Nizamini “şairlərin şahı” adlandırdığını və onun yaradıcılığından ilham aldığını xüsusi vurğulayıb.
Burada söhbət sadəcə iki böyük şair arasındakı ədəbi bənzərlikdən getmir. Nizaminin yaratdığı “Xəmsə” modeli sonrakı əsrlərdə böyük bir intellektual coğrafiya formalaşdırdı və Nəvai bu ənənəni türk dilində yeni mərhələyə qaldırdı.
Beləliklə, Gəncədən başlayan fikir məktəbinin Herat və Mərkəzi Asiyada yeni ədəbi forma qazanması Azərbaycan–Özbəkistan münasibətlərinin ən qədim və ən dəyərli intellektual körpülərindən biridir.
Bu irsin Özbəkistanda necə dərin kök saldığını göstərən başqa maraqlı fakt da var. Daşkənddə 1935-ci ildə yaradılmış pedaqoji ali məktəbə hələ 1947-ci ildə Nizami Gəncəvinin adı verilib. Bu gün həmin universitet Özbəkistanın böyük elm və təhsil mərkəzlərindən biridir.
Yəni Nizami Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasından təxminən yarım əsr əvvəl Özbəkistanda institusional mədəni simvola çevrilmişdi.
Bir də daha dərin, elmi bir xətt var. XIII əsrdə Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasının elmi ənənəsi XV əsrdə Uluqbəyin Səmərqənd rəsədxanasına təsir göstərib. Cambridge mənbələri Səmərqənd rəsədxanasının Marağa məktəbinin davamçılarından biri olduğunu xüsusi qeyd edir.
XX əsrin əvvəlində Bakı Türküstan üçün yenilikçi ideya mərkəzi rolunu oynayırdı.
Məhz XX əsrin başlanğıcında bu münasibətlər yeni məzmun qazanıb.
Cəlil Məmmədquluzadənin 1906-cı ildən nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı yalnız Azərbaycanda deyil, İran, Türkiyə və Mərkəzi Asiyada ictimai fikrə ciddi təsir göstərirdi.
Son tədqiqatlar onun Özbəkistanda maarifçi və satirik mətbuatın, xüsusilə “Mushtum” kimi nəşrlərin formalaşmasına təsir göstərdiyini ortaya qoyur. Özbək ziyalıları Sufizadə, Əczi və Avloni kimi müəlliflər Azərbaycan mətbuatı ilə geniş intellektual əlaqələrdə olublar.
Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin çox maraqlı başqa bir tərəfidir.
Bir əsr əvvəl ideyalar da bugünkü rəqəmsal informasiyanın hərəkət etdiyi kimi sərhədləri keçirdi. Bakı mətbuatında dərc olunan maarifçi fikirlər Türküstana çatır, orada yeni ictimai müzakirələr və yeni nəşrlər yaradırdı.
Bu mənada Azərbaycan XX əsrin əvvəlində təkcə neft və sənaye mərkəzi deyildi. Bakı eyni zamanda türk və müsəlman dünyasının modernləşmə ideyalarının istehsal olunduğu əsas mərkəzlərdən biri idi.
Maraqlıdır ki, Daşkənddə Azərbaycan klassiklərinin çox qiymətli əlyazmaları qorunur. Özbəkistanın Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Nəsirəddin Tusi, Füzuli, Şah İsmayıl Xətai və başqa Azərbaycan müəlliflərinin onlarla nadir əlyazması saxlanılır.
2022-ci ildə Prezient Mirziyoyev həmin fondlardan Füzulinin bir əlyazmasını Prezident İlham Əliyevə təqdim etmişdi. Bu faktlar çox maraqlıdır, çünki əsərlərin Özbəkistanda sadəcə oxunduğunu deyil, əsrlər boyu toplanıb qorunduğunu göstərir.
Üzeyir Hacıbəylinin “Arşın mal alan”əsəri özbək milli teatrının formalaşdığı dövrdə onun repertuarına daxil olmuşdu. Özbək teatr tarixini araşdıran işlər də 1920-ci illərin repertuarında Üzeyir Hacıbəyli əsərlərinin olduğunu göstərir.
Yəni Azərbaycan mədəniyyətinin Özbəkistana təsiri yalnız poeziyada deyil, modern teatrın və musiqili səhnənin yaranması dövrünə də gedib çıxır.
Hər zaman dövlətlərarası münasibətlərdə iqtisadi maraq qədər etimad kapitalı da vacibdir. Etimad kapitalının formalaşmasında hər iki ölkənin Prezidentlərinin qardaşlıq münasibətlərinin müstəsna rolu vardır.
Azərbaycanla Özbəkistan arasında bu kapitalın əhəmiyyəti kifayət qədər əlahiddədir.
Bu gün iki ölkə arasında olmuş qədim əlaqələr tamamilə yeni iqtisadi məzmun qazanmağa başlamışdır.
Azərbaycan və Özbəkistan artıq yalnız eyni tarixi-mədəni məkanın iki ölkəsi deyil. Onlar Xəzərin iki tərəfində formalaşan yeni Avrasiya iqtisadi arxitekturasının mühüm iştirakçılarıdır.
Özbəkistan üçün Azərbaycan Qərbə çıxış istiqamətində mühüm logistika qapısıdır. Azərbaycan üçün isə Özbəkistan 38 milyona yaxın əhalisi, sənaye potensialı və Mərkəzi Asiyanın mərkəzində yerləşməsi ilə böyük bazar və iqtisadi tərəfdaşdır.
Bu baxımdan Orta Dəhliz tarixi İpək Yolunun sadəcə müasir nəqliyyat versiyası deyil. O, Mərkəzi Asiya ilə Cənubi Qafqazın yenidən vahid iqtisadi məkan kimi formalaşması prosesidir.
Bu prosses sürətlə irəliləyir. Bütöv Türk Dünyasının güclənməsində Azərbaycan-Özbəkistan münasibətləri xüsusi çalarlara sahibdir.
Tahir Mirkişili,
Milli Məclisin deputatı









