Tarixçi XVII əsr rus ikonalarındakı qızılbaş təsvirlərinin mənasını açıqladı
XVII əsrə aid Yaroslavl ikona məktəbinin “Musa peyğəmbərin kafirləri cəhənnəmə göndərməsi” süjetini əks etdirən təsvirləri bu gün də Rusiyanın imperiya düşüncəsini və həmin dövrdə əsas rəqiblərinə münasibətini anlamaq baxımından maraqlı tarixi mənbələr hesab olunur.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, ikonanın diqqətçəkən məqamlarından biri “qızılbaşlar”ın digər obrazlardan fərqli şəkildə təsvir edilməsidir.
Onun sözlərinə görə, ikonanın həmin hissəsində qızılbaşlar özlərinə məxsus əmmamələr, xarakterik papaqlar və Şərq geyimləri ilə göstərilib. Tarixi mənbələrə əsasən, pravoslav kilsəsi üçün “qızılbaş” anlayışı ilk növbədə Səfəvi dövlətinin müsəlman əhalisini ifadə edirdi. Moskva dövlətinin diplomatik və ticarət sənədlərində də bu termin Səfəvi dövlətinin sakinlərinə münasibətdə işlədilib.
Zaur Əliyev qeyd edib ki, XVII əsrdə Rusiyaya gələn və mənbələrdə “qızılbaş” adlandırılan şəxslərin əhəmiyyətli hissəsi Azərbaycan türklərindən ibarət idi. Onlar Volqa ticarət yolu vasitəsilə Yaroslavl və Moskvaya gələn tacirlər arasında mühüm yer tuturdular.
Tarixçinin sözlərinə görə, həmin dövrdə Moskva çarları ilə Səfəvi şahları arasında diplomatik yazışmaların və rəsmi elçilik sənədlərinin böyük hissəsi türk dilində aparılırdı. Rusiyanın diplomatik korpusunda çalışan tərcüməçilər bu dili “qızılbaş dili” adlandırırdılar. Bu isə rusların “qızılbaş” dediyi insanların ana dilinin Azərbaycan türkcəsi olduğunu göstərən mühüm tarixi faktlardan biridir.
O bildirib ki, o dövrün rus mənbələrində Volqaboyu, Krım və Sibir türkləri ümumi şəkildə “tatar” adlandırıldığı halda, Səfəvi dövlətinin türkləri onlardan fərqləndirilərək “qızılbaş” kimi təqdim olunurdu. Bu yanaşma həm etnik, həm də siyasi mənsubiyyətin vurğulanmasına xidmət edirdi.
Tarixçi hesab edir ki, pravoslav kilsəsinin qızılbaşları ikonada cəhənnəmə göndərməsi yalnız dini səbəblərlə izah edilə bilməz.
“XVII əsrdə Moskva dövləti islam dövlətləri ilə diplomatik və ticarət əlaqələrini genişləndirirdi. Buna görə də məsələ sırf dini qarşıdurmadan daha çox geosiyasi xarakter daşıyırdı. Kilsə üçün qızılbaşlar Rusiyanın imperiya maraqlarına mane olan, Qafqaz və ətraf regionlarda güclü hərbi-siyasi qüvvə kimi qəbul edilirdi”, – deyə Zaur Əliyev vurğulayıb.
Onun fikrincə, Rusiya kilsəsi Qafqazdakı xristian icmalarını, xüsusilə erməni və gürcüləri Səfəvi təsirindən uzaqlaşdıraraq Moskvaya yaxınlaşdırmaq məqsədilə qızılbaşlara qarşı mənfi təsəvvür formalaşdırmağa çalışırdı.
“İkonalarda qızılbaşların lənətlənməsi gələcəkdə Rusiyanın Qafqaza yönələcək siyasi və hərbi ekspansiyasına dini əsas qazandırmaq məqsədi daşıyırdı. Burada verilən əsas mesaj ondan ibarət idi ki, qızılbaşlar yer üzündə güclü olsalar belə, ilahi mühakimədə cəzalandırılacaqlar. Bu, həm ideoloji təbliğat, həm də imperiya siyasətinin dini simvollar vasitəsilə əsaslandırılması nümunəsi kimi qiymətləndirilə bilər”, – deyə tarixçi əlavə edib.










