Tarixdən gələcəyə yol - Qarabağda yeni həyatın coğrafiyası
Qarabağa nə turist kimi gedirəm, nə də məmur kimi. Hər dəfə ora yola düşəndə uzun illər bu adları yalnız xəbərlərin quru sətirlərində, hesabatlarda və arxiv fotolarında görmüş bir insan kimi gedirəm. Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Şuşa, Qubadlı, Zəngilan, Hadrut (Ağoğlan) on illərlə ağrının coğrafiyası idi. Bu gün isə bu adlar qayıdışın coğrafiyasıdır.
İlk təəssürat miqyasdır. Simvolik yox, vitrin üçün yox, sırf sənaye və dövlət miqyası, soyuq hesablanmış, uzunmüddətli plan. 2021-ci ildən 2026-cı ilin əvvəlinə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22 milyard manatdan artıq vəsait yönəldilib. Təkcə 2025-ci ildə bu rəqəm təxminən 5,8 milyard manat olub. Bu, bir dəfəlik kampaniya deyil, ən azı 2030-cu ilə qədər uzanan investisiya modelidir.
Bu illər ərzində dövlət əhəmiyyətli 370 kilometrdən çox avtomobil yolu tikilib və yenidən qurulub, o cümlədən Kəlbəcər və Laçının ən mürəkkəb dağ relyeflərində. 45-dən artıq körpü, 11 tunel, onlarla yol qovşağı istifadəyə verilib. Qarabağın nəqliyyat xəritəsi faktiki olaraq yenidən cızılıb. Bu gün Bakıdan Şuşaya gedən yol artıq başqa zamandır, başqa logistika, başqa məsafə hissidir.
Ağdam ayrıca bir hekayətdir. Burada minimum 100 min sakinlik yeni bir şəhər formalaşır. İlk yaşayış məhəllələri, 960 şagirdlik məktəb, uşaq bağçaları, tibb mərkəzi, sənaye parkı artıq hazırdır. 2025-ci ildə Ağdama 400-dən çox ailə qayıdıb, 2026-cı ilin sonuna qədər isə ən azı 10 min nəfərin yerləşməsi planlaşdırılır. Şəhər artıq xarabalıq deyil, gələcəyin layihəsidir: rəqəmsal idarəetmə, yaşıl zonalar və sənaye klasteri ilə.
Laçın və Zəngilanda qayıdış daha sürətlə gedir. Zəngilanda artıq 2 mindən çox insan yaşayır, aqroparklar, istixana kompleksləri, logistika mərkəzləri fəaliyyətə başlayıb. Burada yeni tip aqrar model qurulur: damcı suvarma, rəqəmsal uçot, ixrac yönümlü istehsal. Laçında isə təkcə evlər yox, şəhərin ruhu bərpa olunur: küçələr, meydanlar, sosial əlaqələr.
Kəlbəcər ən çətin bölgədir. Hündürlük, sərt iqlim, minalar. Amma məhz burada strateji yanaşma açıq görünür. Son illərdə 150 min hektardan çox ərazi təmizlənib, on minlərlə partlayıcı təhlükəli obyekt zərərsizləşdirilib. Kiçik su elektrik stansiyaları işləyir:
Ümumilikdə gücü 300 meqavattdan artıq olan 38 obyekt. Qarabağ yaşıl enerji zonasına çevrilir, milli enerji sisteminə düşən yük azalır, hər il yüz milyonlarla kubmetr qaza qənaət olunur.
Şuşa sadəcə şəhər deyil. Bu, sinirdir, mərkəzdir. Burada muzeylər, məscidlər, mədəniyyət ocaqları, yollar, otellər bərpa edilib. Şəhər yenidən yaşayır, muzey kimi yox, canlı mədəni orqanizm kimi. Xankəndidə şəhər infrastrukturunun mərhələli inteqrasiyası, kommunal sistemlərin və təhsil müəssisələrinin bərpası aparılır.
Hadrut (Ağoğlan), Qubadlı isə daha sakit, pafossuz, amma eyni inadla. Burada evlər, yollar, fermalar, məktəblər tikilir. Qayıdış hay-küylü deyil, əsaslıdır.
Quru rəqəmlərin arxasında insan taleləri dayanır. 2026-cı ilin əvvəlinə Qarabağda və Şərqi Zəngəzurda daimi yaşayanların sayı 30 min nəfəri keçib. 2027-ci ilə qədər bu rəqəm 100 mini ötəcək. Bu, köçürülmə deyil, zamanın öz dairəsinə qayıtmasıdır.
Qarabağ bu gün nə keçmişdir, nə də şüar. Bu, Azərbaycanın gələcəyinin laboratoriyasıdır. Ağıllı şəhər modelləri, yaşıl enerji, yeni aqrar iqtisadiyyat, müasir şəhərsalma məhz burada sınaqdan keçirilir. Və Ağdamın küçələri ilə gedəndə, ya da Kəlbəcərin yüksəkliyindən yeni yolları seyr edəndə anlayırsan: tarix həmişə faciə ilə bitmir.
Bəzən sadəcə pauza verir ki, sonra yenidən qayıtsın.
Artıq öz şərtləri ilə.
Elçin Alıoğlu










