Tarixi xəritə, yoxsa müasir redaktə? – Şübhəli nümunənin izi ilə
Tarixi faktların təhrif edilməsi və saxtalaşdırılması son illərdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə kartoqrafiya sahəsində aparılan manipulyasiyalar ictimaiyyətin yanlış məlumatlandırılmasına səbəb olur. Bu baxımdan, bəzi muzeylərdə nümayiş etdirilən xəritələrin həqiqiliyi ciddi suallar doğurur.
ERAmedia xəbər verir ki, təqdim olunan yazıda belə nümunələrdən biri, ermənilər tərəfindən təqdim edilən xəritə üzərindəki saxtakarlıq iddiaları araşdırılır.
Moskva şəhərinin Mar’ina Roşça rayonunda “Moskva Erməni Muzeyi və Millətlər Mədəniyyəti” adlı muzey fəaliyyət göstərir. Bu muzeydə nümayiş etdirilən materiallar arasında çoxsaylı saxtalaşdırma halları diqqət çəkir və bu, haqlı olaraq sual doğurur: nə qədər yalan təqdim etmək olar?
Muzeyin saytında (https://www.armmuseum.ru/news-blog/jacques-nicolas-bellin-and-his-armenia
) təqdim edilən xəritə də bu kimi mübahisəli nümunələrdəndir. Məlumat lövhəsində qeyd olunur ki, bu xəritə ABŞ Konqres Kitabxanasında saxlanılan, Jak-Nikola Bellin tərəfindən 1764-cü ildə hazırlanmış “Le Petit Maritime Atlas” əsərinə aid “Carte de l’Arménie, Géorgie et pays voisins” adlı xəritədir.
Lakin kartoqrafiya üzrə xarici mütəxəssislərin rəyinə əsasən, təqdim olunan xəritə orijinal deyil, sonradan işlənmiş və ya bərpa edilmiş rəqəmsal versiyadır. Şəkildəki yazıların kənarlarında müşahidə olunan pikselləşmə və bəzi rənglərin həddindən artıq canlı olması bunu deməyə əsas verir.
Bundan əlavə, xəritənin aşağı hissəsində qeyd olunan “Jacqueline-Andre BARGUIRDJIAN” və “Jacques KHANZADIAN” adları onun orijinal XVIII əsr nümunəsi olmadığını göstərir. Çünki bu şəxslər daha sonrakı dövrlərdə yaşamış və köhnə xəritələri toplayaraq yenidən nəşr edən şəxslər kimi tanınırlar. 1780-ci ildə hazırlanmış xəritədə daha sonrakı dövrdə yaşamış şəxslərin adlarının olması mümkün deyil.
Texniki baxımdan da uyğunsuzluqlar mövcuddur. XVIII əsr xəritələri mis lövhələr üzərində oyularaq çap edilirdi və bu səbəbdən xətlər incə və dəqiq olurdu. Təqdim olunan xəritədə isə bəzi xətlərin qalın və kobud olması onun sonradan redaktə edildiyini göstərir.
Müqayisə üçün xəritənin Fransa arxivində saxlanılan orijinal nüsxəsinə baxmaq mümkündür: https://gallica.bnf.fr/ark:/12148/btv1b8592842h
. Orijinal versiya ilə müqayisə zamanı toponimlərin yazılışı, sərhəd xətləri və ümumi dizayn baxımından ciddi fərqlər üzə çıxır.
Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrün fransız kartoqrafiyasında istifadə olunan terminlər və yazılış formaları təqdim edilən xəritədə fərqli şəkildə göstərilib. Məsələn, bəzi hallarda “y” əvəzinə “i” hərfinin işlədilməsi kimi detallar diqqət çəkir ki, bu da sonradan müdaxilə ehtimalını artırır.
Bundan başqa, xəritədə “Armenie” və digər iri yazıların altındakı coğrafi detallara uyğun gəlməməsi, sanki sonradan əlavə edildiyini göstərir. Orijinal xəritələrdə isə mis lövhənin kağıza basılması nəticəsində yaranan izlər müşahidə olunur, lakin təqdim edilən nümunədə bu xüsusiyyət yoxdur.
Nəticə etibarilə, təqdim olunan faktlar xəritənin orijinal olmadığını və müəyyən dəyişikliklərə məruz qaldığını göstərir. Bu kimi halların araşdırılması və ifşa edilməsi tarixi həqiqətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Zaur Əliyev









