Torpaq və bitki örtüyü neftə büründü: Nigerdə təhlükəli qəza
Nigerin neft quyularından birində baş verən güclü sızıntı bölgədə ciddi narahatlığa səbəb olub. Quyudan yüksək təzyiqlə xam neft və qazın fontan vurması nəticəsində geniş ərazi neftlə çirklənib. Hadisənin oktyabr ayına qədər tam nəzarətə götürülməməsi ekoloji zərərin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
ERAmedia xəbər verir ki, Niger Neft Nazirliyinin məlumatına görə, hadisə ölkənin şimal-şərqində yerləşən Aqadem neft yatağındakı Goumeri W-8 quyusunda baş verib.
Paytaxt Niameydən təxminən 1 700 kilometr məsafədə yerləşən quyudan yüksək təzyiqlə çıxan xam neft və qazın hündürlüyü 10 metri ötüb. Çinin enerji şirkəti CNPC-nin Niger üzrə törəmə müəssisəsi tərəfindən istismar edilən obyektdə baş verən qəza nəticəsində iki işçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ölən olmayıb.
Neft Nazirliyinin oktyabrın 12-də yaydığı açıqlamada sızıntının qismən nəzarətə götürüldüyü, lakin tam dayandırılmasının hələ mümkün olmadığı bildirilib.
Neftin yüzlərlə metr əraziyə yayılması torpaq qatına və bitki örtüyünə zərər vurub. Səlahiyyətli qurumlar ekoloji zərərin miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.
Bundan başqa, sızıntının baş verdiyi platformada yerləşən daha iki quyunun da zərər görmə riski olduğu açıqlanıb. Mütəxəssis qrupları neft axınını dayandırmaq və digər quyuların təhlükəsizliyini təmin etmək üçün işləri davam etdirirlər.
Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. İlkin araşdırmalar zamanı sabotaj və terror hücumu ehtimallarının istisna edildiyi bildirilib.
Niger hakimiyyəti sızıntının qarşısını almaq və vəziyyəti nəzarətə götürmək məqsədilə Əlcəzairli mütəxəssislərdən də texniki dəstək alıb.
Mələk Onur










