media-17920531031490925711_1200x630

Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayır.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, bu mühüm beynəlxalq tədbir Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu, beynəlxalq nüfuzunu və iqtisadi əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirir.

Deputatın sözlərinə görə, Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi, 28 dövlətin üzv olduğu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. AQEM Asiyada əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna və Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlərin də müşahidəçi qismində platformada təmsil olunması onun beynəlxalq əhəmiyyətini artırır.

Vüqar Bayramov qeyd edib ki, AQEM-in iqtisadi potensialı da diqqətçəkəndir. Belə ki, dünyanın iqtisadi gücünə görə ən böyük dörd ölkəsindən üçü platformada üzv və müşahidəçi statusları ilə təmsil olunur. Üzv dövlətlərin qlobal ümumi daxili məhsulda payı təxminən 40 faiz təşkil edir. Bu isə 47 trilyon dollardan çox iqtisadi gücə malik dövlətlərin nümayəndələrinin Bakı şəhərində bir araya gəlməsi deməkdir. ABŞ və Yaponiya kimi qlobal iqtisadi güclərin də müşahidəçi statusu ilə təmsil olunması platformanın əhəmiyyətini daha da artırır.

Deputat vurğulayıb ki, bu imkanlar Azərbaycanın AQEM-ə üzv dövlətlərlə iqtisadi əlaqələrinin genişləndirilməsini daha da aktuallaşdırır. Xüsusilə ticarət əlaqələrinin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və yeni iqtisadi tərəfdaşlıqların qurulması Azərbaycanın prioritet istiqamətləri sırasındadır.

Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin Kambocanın Baş naziri və Laosun Prezidenti ilə görüşlərindən sonra mətbuata verdiyi bəyanatlarda da iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çıxıb. Mövcud iqtisadi və investisiya imkanlarının daha yaxından tanıdılması, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında, eləcə də qorunub saxlanılmasında maraqlı olan dövlətdir. Son illərdə müxtəlif regionları əhatə edən ölkələrlə əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir.

Onun fikrincə, yeni qlobal və regional geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artır. AQEM-in VII Zirvə toplantısının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında artan rolunu, regional nüfuzunu və geniş iqtisadi tərəfdaşlıq imkanlarını nümayiş etdirən mühüm hadisədir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər