media-1748948580_abs-ordusu

ABŞ ordusunun Latın Amerikasında yerli qüvvələrlə təlim və hərbi təlimlər keçirmək məqsədilə bölgəyə yüzlərlə hərbçi göndərməyə başladığı iddia olunur.

ERAmedia xəbər verir ki, “The New York Times” (NYT) qəzetinə danışan anonim hərbi rəsmilər ABŞ ordusunun Cənubi Amerikada artan fəaliyyətləri ilə bağlı məlumat veriblər.

Məlumata görə, ABŞ Latın Amerikasındakı yerli qüvvələrlə təlimlər və hərbi təlimlər keçirmək üçün yüzlərlə hərbçini bölgəyə göndərməyə başlayıb.

Rəsmilər bildiriblər ki, bu çərçivədə Nyu-York ştatındakı Fort Drum hərbi bazasında yerləşən 10-cu Dağ Diviziyasına bağlı 600 nəfərlik batalyonun ilk bölmələri Panamada yeni yaradılan tropik meşə təlim mərkəzinə yerləşdirilməyə başlanıb.

Onların sözlərinə görə, bu hərbi birləşmələr növbəti mərhələdə Kolumbiya və Hondurasda yerli qüvvələrlə birgə təlimlər və hərbi məşqlər keçirəcəklər. Həmçinin, həmin qüvvələrin narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar çərçivəsində ABŞ-ın xüsusi təyinatlı qüvvələrinə dəstək verə biləcəyi qeyd olunub.

Rəsmilər Mərkəzi və Cənubi Amerikaya hərbçilərin göndərilməsi ilə yanaşı, çoxsaylı hərbçinin Mayamidə yerləşən və Qərb yarımkürəsindəki əməliyyatları həyata keçirəcək yeni komandanlığa cəlb edilməsinin planlaşdırıldığını bildiriblər.

Onlar həmçinin, sözügedən yerdəyişmənin hələlik müvəqqəti xarakter daşıdığını, lakin ABŞ-ın bölgədəki hərbi mövcudluğunun gələcəkdə daha daimi xarakter ala biləcəyini vurğulayıblar.

Məsələ ilə bağlı tərəflərdən hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, insan hüquqları təşkilatları ABŞ-ın bölgədə genişlənən hərbi mövcudluğunun mülki əhalini təhlükə qarşısında qoya biləcəyindən narahatlıq ifadə edirlər.

Xatırladaq ki, ötən ay ABŞ-ın Afrika Komandanlığında (AFRICOM) xidmət edən bəzi MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının (PUA) ABŞ-ın Cənub Komandanlığının (SOUTHCOM) sərəncamına veriləcəyi də iddia edilmişdi.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər