İT şirkətlərinə 20 illik vergi güzəştləri: Qanunda nə dəyişdi?
Prezident rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərə geniş vergi və digər güzəştlərin verilməsini nəzərdə tutan qanunu imzalamadan yenidən baxılması üçün parlamentə qaytarıb.
ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu barədə açıqlamasında bildirib ki, söhbət Milli Məclisin iyulun 14-də qəbul etdiyi və İT şirkətləri üçün 20 illik vergi güzəştlərini nəzərdə tutan qanundan gedir.
O qeyd edib ki, Prezidentin artıq qəbul edilmiş qanuna etirazından sonra köməkçisi Şahmar Mövsümovun şəxsən parlamentdə iştirak edərək sənədin geri qaytarılmasının səbəblərini izah etməsi diqqətçəkən hadisədir.
“Prezidentin köməkçisinin şəxsən parlamentə gələrək yeni redaksiyanı müdafiə etməsi spesifik hadisədir. 30 illik təcrübəmdə belə halla rastlaşmamışam. Əgər Şahmar müəllimin bu addımları və açıqlamaları olmasaydı, ictimaiyyət geri qaytarılmanın səbəbləri haqqında məlumatlı olmayacaqdı”, – deyə Osman Gündüz vurğulayıb.
Multimedia Mərkəzinin direktoru bildirib ki, İT sektorunda iri şirkətlərə geniş vergi güzəştlərinin verilməsi, bu güzəştlərin nəticələri və texnopark rezidentliyinin tətbiqi mexanizmi ilə bağlı tənqidi fikirlərini uzun müddətdir səsləndirir.
Onun sözlərinə görə, bu məsələlərlə bağlı 2023–2024-cü illərdə və sonrakı dövrdə dəfələrlə yazıb və mövcud güzəşt mexanizminin doğura biləcəyi nəticələrə diqqət çəkib.
Osman Gündüz qanunun geri qaytarılması prosesinin bəzi məqamlarının hələ də aydın olmadığını bildirib. O, Prezidentə qanunun yenidən nəzərdən keçirilməsini kimin təklif etdiyini, hansı qurumların etirazlarını bildirdiyini, sənədin dəqiq nə vaxt geri qaytarıldığını və bu barədə məlumatın niyə ictimaiyyətə vaxtında açıqlanmadığını sual edib.
O, ilkin və yenilənmiş qanun layihələri arasında fərqlərə də diqqət çəkib.
Osman Gündüzün sözlərinə görə, ilkin variantda rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən İT şirkətləri üçün 20 illik vergi güzəştləri nəzərdə tutulsa da, yenilənmiş variantda güzəştlərin tətbiqi şərtləri, xüsusilə iri şirkətlərlə bağlı meyarlar dəqiqləşdirilib. Yeni yanaşmaya əsasən, iri İT şirkətləri güzəştlərdən yalnız xarici fəaliyyətlə əlaqəli gəlirləri üzrə yararlana biləcəklər.
Bununla belə, o hesab edir ki, güzəşt siyasətinin əsas konsepsiyası saxlanılıb və əsas məsələ dövlət dəstəyinin kimlərə, hansı şərtlərlə verilməsidir.
“Dövlət sifarişləri üzərində ‘oturan’, tenderlərdən böyük gəlirlər əldə edən iri İT şirkətlərinin sadəcə texnopark rezidenti olduqları üçün geniş güzəştlərdən yararlanması düzgün yanaşma deyil”, – deyə Osman Gündüz qeyd edib.
Onun fikrincə, vergi güzəştləri ilk növbədə yeni texnoloji məhsullar yaradan, ixraca yönələn, innovasiyaya və tədqiqata sərmayə qoyan startaplara, kiçik və orta biznes subyektlərinə, eləcə də real əlavə dəyər yaradan şirkətlərə yönəldilməlidir.
Multimedia Mərkəzinin direktoru vurğulayıb ki, güzəştlərin verilməsi və onların nəticələrinin qiymətləndirilməsi şəffaf və ölçülə bilən meyarlar əsasında həyata keçirilməlidir.
Osman Gündüz Prezidentin qanunu imzalamadan yenidən baxılması üçün parlamentə qaytarmasını dövlət dəstəyinin daha dəqiq hədəflənməsi baxımından doğru və müsbət addım hesab edir.
O, yenilənmiş qanunun Azərbaycan İT şirkətlərinin xarici bazarlara çıxışını genişləndirməsinə, rəqabətqabiliyyətli məhsullar yaratmasına və ölkə iqtisadiyyatına real əlavə dəyər qazandırmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Vural









