Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Səudiyyə Ərəbistanında Ər-Riyad və İslamabadla birgə müdafiə sazişi çərçivəsində hərbi baza yerləşdirə bilər.
ERAmedia xəbər verir ki, bu barədə oktyabrın 7-də Türkiyənin “Türkiye” qəzeti məlumat yayıb.
“Ölkədə Türkiyəyə məxsus hərbi bazanın yaradılması gündəmdədir. Bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkənin müdafiəsində iştirak edə bilər”, – nəşr yazıb.
Qəzetin məlumatına görə, Türkiyə Səudiyyə Ərəbistanının strateji əhəmiyyət daşıyan dörd qaz və enerji obyektinin mühafizəsində iştirak edə bilər. Bu məqsədlə qısa və orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərindən də istifadə oluna bilər.
Türkiyə və Pakistan kontingentlərinin sayı, bölmələrin tərkibi və yerləşdiriləcəyi ərazilərin yaxın günlərdə müəyyənləşdiriləcəyi bildirilir.
Qeyd olunur ki, Türkiyə artıq Səudiyyə Ərəbistanına 200-dən çox hərbi mütəxəssis göndərib, həmçinin radioelektron mübarizə vasitələri, yerüstü və zenit-raket kompleksləri tədarük edib.
Bununla belə, Ankara Yəməndə hücum əməliyyatları keçirməyi planlaşdırmır. Lakin Türkiyənin Yəmən ordusuna taktiki, strateji və logistik dəstək göstərə biləcəyi qeyd olunur.
Vüsalə










