Türkiyənin hava nəqliyyatından ötən il 247 milyondan artıq sərnişin istifadə edib
Türkiyədə 2002-ci ildən etibarən aktiv hava limanı sayı 26-dan 58-ə çatdırılıb. Yozgat və Bayburt-Gümüşhane hava limanlarının istifadəyə verilməsi ilə bu rəqəmin 60-a yüksələcək. İstanbul hava limanında yeni istifadəyə verilən dördüncü əsas uçuş-enmə zolağına 890 milyon avro sərmayə qoyulub. Uzunluğu 2820, eni 45 metr olan zolaqla aeroportdakı əsas uçuş-enmə zolaqlarının sayı 6-ya çatıb.
ERAmedia xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında dördüncü uçuş-enmə zolağının və əlavə investisiyaların açılış mərasimində çıxışı zamanı ifadə edib. Ölkə başçısının sözlərinə görə, 2025-ci ildə Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb. 2026-cı ilin ilk səkkiz ayında isə bu göstərici 167,5 milyondan çox olub.
Hazırda İstanbul hava limanının 110-dan çox aviaşirkətlə əməkdaşlıq etdiyi və 340-dan çox istiqamətə uçuş həyata keçirdiyi bildirilib. Hava limanında 202 min nəfərin çalışdığı, onun Türkiyə iqtisadiyyatına töhfəsinin isə milli gəlirin təxminən 2,2 faizinə, yəni 24,2 milyard dollara bərabər olduğu açıqlanıb.
Prezident Ərdoğan 2030-cu ildə bu aeroportla bağlı fəaliyyətlərdə məşğulluğun 472 min nəfərə, gəlirin isə 44 milyard dollara çatmasının nəzərdə tutulduğunu bildirib.
“Təkcə İstanbulda 604,4 milyard lirəsi hava nəqliyyatı olmaqla, nəqliyyat və infrastruktur sahəsinə cari qiymətlərlə ümumilikdə 2,12 trilyon lirəlik investisiya qoyduq. Türkiyəni dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən birinə çevirdik”, -deyə Türkiyə Prezidenti bildirib.









